Rusiya hakimiyyəti telejurnalist Marina Ovsyannikovaya cinayət işi açıb. Martda canlı efirdə müharibəyə etiraz etmiş jurnalist ölkənin silahlı qüvvələrini “nüfuzdan salmaq”da ittiham olunur. O, Rusiyanın fevralda Ukraynaya qarşı başlatdığı müharibəni açıq tənqid edəndən sonra belə bir ittihamla üzləşib.
Vəkili Dmitri Zaxvatov avqustun 10-da deyib ki, polis müvəkkilinin Moskvadakı evinə girib, vəkilin iştirakı olmadan axtarış aparıb. Onun sözlərinə görə, jurnalist “Rusiya silahlı qüvvələri barədə saxta informasiyanı yaymaqda” suçlanır.
Bir neçə ay xaricdə olub
Ovsyannikova martın 14-də Rusiyanın Birinci Kanal-ının efirində “Vremya” xəbər proqramının studiyasına daxil olaraq rusca “Müharibəni dayandırın. Propaqandaya inanmayın. Onlar sizə yalan danışırlar” yazılmış plakat qaldırıb. O rusca “Müharibəni dayandırın. Müharibəyə yox” şüarı səsləndirib.
Etiraz vaxtı Ovsyannikova Birinci Kanal-da prodüser işləyirdi. Daha sonra saxlanan jurnalist qanunsuz etirazlara çağırışa görə 30 min rubl (təxminən 500 dollar) cərimələnib.
Birinci Kanal-dan istefa verən Ovsyannikova bir neçə ay xaricdə, o cümlədən Ukraynada olub, dəfələrlə müharibəni pisləyib.
O, Almaniyanın “Die Welt” qəzetində üç ay təlim keçib, iyulun əvvəlində Rusiyaya qayıtdığını elan edib.
Cərimələr
Avqustun 8-də Moskvada məhkəmə Ovsyannikovanı Ukraynadakı müharibəyə onlayn etiraz postlarına görə 40 min rubl ($660) cərimələyib.
Ötən həftə başqa bir məhkəmə onu ordunun nüfuzdan salınması ittihamı üzrə 50 min rubl ($820) cərimələyib. Jurnalist iyulda Kremlin qarşısında təkadamlıq etiraz aksiyası keçirmiş, əlindəki plakatda “(Rusiya Prezidenti Vladimir) Putin qatildir, əsgərləri faşistdir” sözləri yazılıb, Ukraynada öldürülən uşaqların fotolarını göstərib.
Martda Putinin imzaladığı qanunda ordunun hərbi əməliyyatları barədə “bilərəkdən saxta informasiya” yaymağa görə uzunmüddətli həbs nəzərdə tutulub. Kreml fevralın sonunda başlatdığı işğala “müharibə” deyil “xüsusi hərbi əməliyyat” deyir.