ABŞ-da casusluq ittihamı ilə saxlanan rusiyalı Maria Butina avqustun 17-də Virciniya ştatındakı Aleksandriya həbsxanasına köçürülüb.
Bu barədə “The Washington Post” Butuna-nın vəkili Robert Driscoll və həbsxana əməkdaşlarına istinadla yazır.
Bu həbsxana Vaşinqton ətrafında yerləşir.
ABŞ prezidenti Donald Trumpın seçki qərərgahının keçmiş rəhbəri Paul Manafort da həmin həbsxanada saxlanır.
Qeyd edək ki, Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə mümkün müdaxiləsi ilə bağlı istintaqda Manafot-un da adı hallanır.
Hazırda isə o,vergidən yayınma ittihamı ilə həbsdədir və məhkəməsi gedir.
Rusiyanın ABŞ-da keçirilən seşkiyə müdaxiləsi ilə bağlı işi, xüsusi prokuror Robert Mueller aparır.
Rusiya bütün ittihamları rədd edir.
Həbsxananın nümayəndəsi Butinanın yerinin nəyə görə dəyişdirildiyinə aydınlıq gətirməyib. Təkcə onu deyib ki, məhbusların maraqları naminə bu cür informasiyalar barədə açıqlama verilmir.
Rusiya səfirliyinin özünün “Feysbuk” səhifəsində yazdığına görə, səfirliyin diplomatları artıq Butinaya baş çəkiblər.
Buna da bax:"Butina Trump-ın seçki kampaniyasının keçmiş üzvü ilə görüşüb".
Butina iyulun 15-də ABŞ-da saxlanıb.O,Rusiyanın maraqlarına qanunsuz lobbiçilikdə ittiham olunur.
ABŞ hakimiyyətinin versiyasına görə, Butina Rusiya və ABŞ prezidentlərinin görüşünün təşkilinə kömək edib və Rusiyanın dövlət səviyyəsində maraqlarını irəli aparmaq üçün, Respublikaçılar partiyasının əsas sponsorlarına təsir etməyə çalışıb.
Rusiyanın xarici işlər nazirliyi isə Butina-nı siyasi məhbus hesab edir.