Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

İnquşetiyada polis və etirazçılar toqquşur


Martın 27-də polis Rusiyanın tərkibinə daxil İnquşetiya Respublikasının paytaxtı Maqasda yüzlərlə etirazçının nümayişini zor gücünə dağıdıb.

İcazəsiz keçirilən bu aksiyada respublika sakinləri qonşu Çeçenistanla ziddiyyətli ərazi dəyiş-düyüşünə etiraz edirdilər.

Bundan bir gün əvvəl hakimiyyət orqanları tərəfindən icazə verilmiş mitinqə qatılan minlərlə etirazçı İnquşetiyanın rəhbəri Yunus-Bek Yevkurovun istefasını tələb edirdi.

Etirazçılardan biri, Zarifa Sautiyeva AzadlıqRadiosuna deyib ki, polisin üç dəfə həmlə etməsinə baxmayaraq aksiya yerində yüzlərlə etirazçı qalmaqda davam edir. Polis nümayişçilərə qarşı dəyənəklərdən və qalxanlardan itifadə edirdi.

Etirazçılar isə polisə müqavimət göstərmək məqsədilə bura yaşlılar üçün gətirilmiş stullardan və başqa əşyalardan istifadə ediblər.

Bu əlbəyaxada bir neçə etirazçının müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Yerli jurnalistlərdən Izabella Evloyeva özünün Facebook səhifəsində toqquşmaları əks etdirən video yerləşdirib.

Martın 27-də İnquşetiyanın ən böyük şəhəri Nazranın yaxınlığındakı magistral yolu bağlayan minlərlə etirazçı da Yevkurovun istefasını və onun qonşu Çeçenistanla imzaladığı torpaq dəyiş-düyüşü müqaviləsinin ləğv olunmasını tələb edirdi.

İnquşetiya Daxili İşlər Nazirliyi baş verən hadisələr barədə AzadlıqRadiosuna şərh verməkdən imtina edib.

Bağlı qapılar arxasında

Ötən sentyabrda Yevkurov və Çeçenistan lideri Ramzan Kadyrov sözü gedən müqaviləni bağlı qapılar arxasında imzaladıqları zaman da İnquşetiyada izdihamlı etiraz nümayişləri keçirilmişdi.

Belə görünür ki, yeni etirazlar istefa verməsi üçün Yevkurovun üzərinə təzyiqləri artırır.

Müşahidəçilərin fikrincə inquşları sakitləşdirməyə çalışan Yevkurov muxtar respublikanın sərhədlərinin dəyişdirilməsi üçün referendumu zəruri edən qanunun ləğvi təklifini martın 20-də geri götürüb.

Yevkurov və Kadyrov demişdilər ki, geniş etirazlara baxmayaraq sözü gedən saziş iki respublikanın parlamentləri tərəfindən təsdiqlənib. Bu saziş İnquşetiyanın bəzi torpaqlarının Putinin müttəfiqi olan Kadyrov-un Çeçenistanına verilməsini nəzərdə tutur.

İnquşetiya və Çeçenistan
İnquşetiya və Çeçenistan

Etirazçılar bu sazişin təsdiqi üçün referendum keçirilməsini tələb edirlər.

Oktyabrın 30-da İnquşetiyanın Konstitusiya Məhkəməsi bu sazişi qanunsuz adlandırmışdı, çünki sənəd respublika ərazisinin referendumsuz olaraq qonşu respublikaya verilməsini nəzərdə tutur.

Lakin Yevkurov bu məsələni Moskvadakı Konstitusiya Məhkəməsinə çıxarmış və oradan dekabr ayında bu sazişin icrası üçün razılıq almışdı.

Təhlilçilərin fikrincə bu məsələ Rusiyanın cənubunda potensial olaraq etnik münaqişə təhlükəsi yarada bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG