İngiltərənin Mançester şəhərində, bazar ertəsi 22 nəfərin öldüyü arenadan təxminən bir mil məsafədə Müsəlman Gənclər Fondu (ingiliscə qısa adı – MYF) yerləşir. Burası həm məscid, həm də gənclər üçün proqramlar hazırlayan icma mərkəzidir. «Newsweek» dərgisinin müxbiri hücumdan bir gün sonra həmin mərkəzə baş çəkib.
«QORXU BAŞLAYIB»
Mərkəzin divarında belə bir yazı var: «Mərkəz daxilində heç bir ekstremizm, yaxud ekstremist ideologiyanı qəbul etmirik». Daha sonra qırmızı hərflərlə yazılıb: «Hamını İslam və Böyük Britaniya qanunlarına əməl etməyə çağırırıq».
Bazar ertəsi gecə intiharçının konsert kompleksində əldəqayırma partlayıcı ilə törətdiyi hücumda azı 22 nəfər ölüb, 50-dən çox yaralı var. Bir gün sonra hücuma görə məsuliyyəti «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması üzərinə götürüb. Partlayışı 23 yaşlı Salman Abedi-nin törətdiyi bildirilsə də, dərgi polisdən rəsmi təsdiq ala bilməyib.
Müəllif Conor Gaffey yazır ki, Mançesterdə 250 minədək müsəlman yaşayır və onlar özlərinə qarşı qaçılmaz reaksiyadan qorxmağa başlayıblar. MYF-nin imamı və kuratoru Mohamed Abdul Malek deyir ki, belə hücumlardan sonra qorxu dönəmi start götürür.
«Təcrübəyə əsasən deyə bilərəm ki, artıq icmamızda, özəlliklə, qadınlar arasında qorxu başlayıb», – 61 yaşlı Malek deyir.
«MÜSƏLMANLAR DA QURBANDIRLAR»
«Amma dua edirəm və müsəlmanlardan intiqam almaq istəyənlərə deyirəm ki, müsəlmanlar da bu hadisənin qurbanıdırlar. Konsertdə gənc müsəlmanlar da varıydı. Gəncləri evlərinə aparan taksi sürücülərindən bəziləri müsəlmanlar idi. Şəhər mərkəzində müsəlmanlar var. Biz bu cəmiyyətin üzvüyük və cəmiyyəti incidən bizi də incidir», – o, sözlərinə əlavə edir.
Çərşənbə axşamı Mançesterin çox hissəsində qapılar bağlı qalıb, şəhər matəm içindədir. Şəhər mərkəzinin böyük hissəsində polis kordonu qurulub. Polis «Arndale» ticarət mərkəzini boşaldıb və bir neçə saat bağlı saxlayıb. Məlumatlara görə, polis orada şübhəli bağlama tapıbmış.
Bu, Londonda 2005-ci ilin iyulundan bəri ən ağır hücum sayılır. İyul hücumunda 52 nəfər ölmüşdü.
Malek Mançesterdə bəzi gənc müsəlmanlar arasında radikal ideologiyanın kök salmasından narahat olduğunu söyləyib.
«Gənclərin belə bir şey edə bilməsindən əndişələnirik. Maraqlıdır, bu gənc bu partlayıcıları necə əldə edib, ona yardım edənlərlə necə əlaqə saxlayıb?», – o söyləyir.
ANTİMÜSƏLMAN CİNAYƏTLƏR DƏ ARTIR
Məqalədə bu radikallaşmayla eyni vaxtda antimüsəlman cinayətlərinin də sayının artdığı qeyd olunur. Bunun bir səbəbi Brüssel və Parisdə İŞİD-in məsuliyyətini götürdüyü hücumlardır. Ötən ilin dekabrında Britaniya Müsəlman Şurası ölkə siyasətçilərini islamofobiyayla məşğul olmağa çağırıb. 2016-cı ilin oktyabrında açıqlanmış rəqəmlər Londonda müsəlmanlara qarşı cinayətlərin bir il öncəylə müqayisədə 65 faiz artdığını göstərirdi.
Müəllif mərkəzdə gənclərin günorta namazına tələsdiyini yazır. Malek deyib ki, ibadətə gələnlərlə söhbətdə hücumun əleyhinə danışacaq, eyni zamanda onları təhlükəsizliklə bağlı diqqətli olmağa çağıracaq.
«Müsəlman icması insident qurbanlarına dəstəklərini aydın bildirməlidirlər... Ancaq eyni zamanda onları müsəlman olduqlarına görə hədəfə alanlardan qorunmalıdırlar», – o deyib.
«Öldürülənlər həmkarlarımız, dostlarımız və qonşularımızdır. Bizi ayıra, yaxud bizi, Mançester əhalisinə qarşı törədilən hücumun təsirindən ayrı tuta bilməzsiniz», – Malek vurğulayıb.