Azərbaycan xəbərləri
Rubl Azərbaycanda 20 faizdən çox ucuzlaşıb
Fevralın 28-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0.0157 manat (1 manat/63.69 rubl) təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bununla da fevralın 25-i ilə müqayisədə rublun məzənnəsi 21.5 faiz düşüb.
Fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ilhaq etmişdi.
Ukraynaya yeni hücumdan sonra ABŞ və Avropa Birliyinin Rusiyaya sanksiyaları güclənib. Rusiyanın bir sıra bankları SWIFT sistemindən çıxarılıb.
İstənilən transaksiyaların, köçürmələrin tez və təhlükəsiz həyata keçməsi üçün SWIFT sistemi önəmli sayılır.
Bütün xəbərləri izləyin
İran prezidenti Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduqlarını deyir
Avqustun 31-də Bişkekdə Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianla görüşü olub.
AZƏRTAC-ın xəbərinə görə, Pezeşkian ölkəsinin üzləşdiyi çətin vəziyyətdə Əliyevin mövqeyinin, nümayiş etdirdiyi dəstəyin, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıb.
Əlaqələrin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu deyən İran prezidenti Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduqlarını qeyd edib.
Əliyev də, öz növbəsində, İranın üzləşdiyi bu şəraitdə Azərbaycanın yardımının qardaşlıq nümunəsi olduğunu vurğulayıb. O deyib ki, ölkəsi İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır.
Söhbət zamanı Azərbaycanla İran arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Əliyev və Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün avqustun 31-də Qırğızıstana işgüzar səfərə gəliblər.
Xatırlatma
Azərbaycan-İran münasibətləri 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra xeyli gərginləşib. Həmin hücumda bir nəfər həlak olmuşdu.
Sonrakı dövrdə əlaqələrdə müəyyən yumşalma yaranıb, tərəflər birgə hərbi təlimlər keçirib. Amma regional geosiyasi gərginlik fonunda yeni böhranlar yaşanıb. Xüsusilə 2026-cı ilin martında İsrail və ABŞ-nin İranla hərbi toqquşmaları zamanı Azərbaycanın Naxçıvan bölgəsinə dronların düşməsi münasibətləri yenidən sınağa çəkib. Prezident Əliyev bu hadisəni "terror aktı" kimi pisləyərək İrandan rəsmi üzrxahlıq tələb edib. Tehran isə qonşu dövlətləri hədəf almadığını bəyan edərək araşdırma aparılacağını bildirib. Gərginlik səbəbindən dayandırılan yük daşımaları iki ölkə liderinin telefon danışığından sonra bərpa edilib. Ardınca Azərbaycan İrana humanitar yardım göndərib.
Son vaxtlar ABŞ İrana qarşı illərlə davam edən sanksiyaları bir az da gücləndirib.ABŞ İranın nüvə proqramını dünyaya təhdid sayır.İran isə həmin proqramdan geri çəkildiyini açıqlamır.
Azərbaycanda istehlak kreditləri durmadan artır
Azərbaycan banklarında istehlak kreditlərinin həcmi 10 milyard manatı keçib. Bu il avqustun 1-nə olan rəsmi statistikaya əsasən, bu göstərici ümumi kredit portfelinin 31.3 faizinə bərabərdir. Portfelin 45 faizini biznes, yerdə qalan hissəsini isə ipoteka kreditləri təşkil edib.
Azərbaycanda son illər istehlak kreditləri durmadan artır. Elə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak kreditlərində təqribən 1 milyard manat artım var.
İstehlak kreditləri (ehtiyac krediti) banklardan və ya kredit təşkilatlarından şəxsi məqsədlər üçün alınan nağd kredit növüdür. İnsana məişət texnikası, ev təmiri, tibbi xərclər, səyahət və ya təhsil kimi xərclər üçün əlavə maliyyə dəstəyi sayılır.
3 il əvvəl - avqustun 1-nə olan göstəricilərə görə, portfeldə istehlak kreditləri cəmi 6.3 milyard təşkil etmişdi.
İqtisadçılar istehlak kreditlərində belə kəskin artımı çox mənfi hal kimi dəyərləndirirlər. Onların fikrincə, bu əhalinin güzəranın getdikcə pisləşməsinin göstəricisidir.
İqtisadçı rəyi
İqtisadçı Natiq Cəfərli də Facebook səhifəsində yazıb ki, belə kəskin artımın səbəbi bir tək vətəndaşın irrosional davranışı, kredit götürmək həvəsinin artması deyil, həm də, əhalinin real gəlirlərinin azalmasıdır: "Bundan başqa, məncə, son zamanlar istehlak, nağd kreditlərin artma səbəblərindən biri də kiçik sahibkarların boğulmasıdır – onlar məcbur qalıb nağd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər".
Amma mövzu ilə bağlı fərqli düşünən iqtisadçılar da var. Onlardan bəziləri də hesab edirlər ki, kredit hər kəs üçün əlçatan olanda bir çox insanlar lazımsız yerə də kreditlər götürürlər.
Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsi başlanır
Sentyabrın 3-də Azərbaycanda müəllimlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılır.
Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, test imtahanında keçid balı toplayan, müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına 10 faiz, test imtahanında 51 və daha yüksək bal toplayan müəllimlərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq olunacaq.
Bu il iyunun 30-da elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən hesabat tədbirində demişdi ki, sertifikasiya imtahanlarının hər iki cəhdində uğursuz nəticə göstərən ümumilikdə 9 min 334 müəllimin əmək müqaviləsi ləğv edilib.
Nazirin sözlərinə görə, ümumilikdə 91 min 407 müəllim sertifikatlaşdırma prosesini uğurla başa vurub. İmtahan nəticələrinə əsasən, 60 min 818 müəllimin əməkhaqqına 10 faiz, daha yüksək göstərici əldə edən 30 min 590 müəllimin maaşına isə 35 faiz əlavə edilib.
Xatırlatma
Azərbaycanda müəllimlər üçün sertifikatlaşdırma prosesi 2022-ci ildə başlayıb və test, müsahibə olmaqla iki mərhələdən ibarətdir. Bu prosesi uğurla başa vuran müəllimlərin maaşlarına 10 faizdən 35 faizədək əlavə edilir.
Layihənin icrası dövründə narazılıqlar da qeydə alınıb. 2024-cü ildə sertifikatlaşdırmadan keçə bilməyən müəllimlər Bakıda aksiya keçirərək nazirlik qarşısına yığışmışdılar. Onlar imtahanlarda şəffaflığın olmadığını, texniki problemlərlə qarşılaşdıqlarını bildirir və təkrar işə qəbul olunmağı tələb edirdilər.
Bəzi deputatların fikrincə, müəllimin sertifikat imtahanından keçə bilməməsi o deməkdir ki, universitetlərdə təhsilin keyfiyyətinə diqqət artırılmalıdır.
Özbəkistan Azərbaycanla birgə yanacaq istehsalını müzakirə edir
Daşkənd və Bakı Özbəkistan bazarı üçün avtomobil və aviasiya yanacağının birgə istehsalını müzakirə edirlər. Neft və neft məhsullarının uzunmüddətli tədarükü də danışıqlar mövzusudur. Xəbəri AzadlıqRadiosunun Orta Asiya üzrə rusdilli bölməsi olan “Azattyq Asia” yayıb.
Özbəkistanın energetika naziri Şerzod Xocayev bildirib ki, bir variant yanacağın həm Özbəkistanın, həm də Azərbaycanın neft emalı müəssisələrində istehsalıdır. Daşkənd Azərbaycana bu cür əməkdaşlıqla bağlı bir neçə variant təklif edib.
Energetika Nazirliyinin məlumatına görə, tərəflər neft və neft məhsullarının uzunmüddətli tədarükünü, karbohidrogen xammalının birgə emalını, texnologiya mübadiləsini və dayanıqlı logistika zəncirlərinin yaradılmasını da nəzərdən keçirirlər.
Sentyabrın ilk ongünlüyündə Xocayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır. Azərbaycan Energetika Nazirliyi və SOCAR-la danışıqlar aparılacaq. Danışıqlarda Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda Daşkəndə səfəri, Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə əldə edilmiş razılaşmaların icrası müzakirə olunacaq.
Özbəkistan neft məhsullarının idxalından çox asılıdır. Əsas tədarükçülərdən biri Rusiyadır. Ukrayna dronlarının Rusiyadakı neft emalı zavodlarına zərbələri bu ölkədə də yanacaq çatışmazlığı yaradıb. Moskvanın yanacaq ixracına qadağa qoyması fonunda Özbəkistan, Orta Asiyada Rusiya tədarükündən asılı digər ölkələri alternativ mənbələr axtarışını gücləndiriblər.
Bundan əvvəl Gürcüstan və İraqdan aviasiya kerosininin tədarükünə başlanması barədə məlumat verilmişdi. “Özbəkneftqaz” Çin şirkətləri ilə Jet A-1 markalı aviasiya yanacağının uzunmüddətli tədarükünü də müzakirə edib.
Qardaşı Elmir Sadıqovun həbsdə səhhətinin pisləşdiyini deyir
Bloqer Tural Sadıqlının qanunsuz silah-sursat saxlama ittihamı ilə 2 il 6 ay həbs edilən əmisi Elmir Sadıqovun həm cərimə kamerasında saxlandığı, həm də səhhətində ciddi problemlər yarandığı bildirilir.
Bu barədə onun qardaşı Əlövsət Sadıqlı məlumat yayıb.
Onun vurğulamasına görə, qardaşının qara ciyərində problem yaranıb, bədənin aşağı nahiyələri də şişib:
“Avqustun 25-də öyrəndim ki, 16 saylı cəzaçəkmə müəssisəsində təyin edilmiş karser (cərimə kamerası) cəzasının müddəti köçürüldüyü Bakı İstintaq Təcridxanasında bitir. Ərzaq və dərman tədarükü edib, avqustun 26-da təcridxanaya – qardaşım Elmir Sadıqovla görüşə getdim, amma nə apardıqlarımı götürdülər, nə də görüş verdilər. Dedilər ki, yenidən “karser” cəzası verilib”.
Əlövsət Sadıqlının dediyinə görə, təcridxananın rəisi ilə görüşmək istəsə də bu cəhdi baş tutmayıb, nəticədə sovqatı belə çatdıra bilməyib.
Hələlik, bu açıqlamaya Bakı İstintaq Təcridxanasından və başqa cavabdeh qurumdan münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən bundan öncə oxşar şikayətlərlə bağlı bildirilib ki, məhkumlarla yalnız qanun çərçivəsində davranırlar.
Elmir Sadıqov ötən ilin aprelində həbs edilib. Onun avtomobilində qumbara tapıldığı bildirilib. Həmin il oktyabrın 1-də Sabunçu rayon Məhkəməsində ona 2 il yarım həbs cəzası verilib.
E.Sadıqovun yaxınları isə onun xaricdə olan qardaşı oğlu, bloqer Tural Sadıqlının tənqidi çıxışlarına görə şərləndiyini hesab edirlər. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.
İyulun sonunda vəkil Nazim Musayev 16 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlə üzləşdiyini, müəssisə əməkdaşlarının onu zorla bir otaqda saxladığını, sənədlərinin əlindən alındığını açıqlamışdı. Onun sözlərinə görə, bütün bunlar iyulun 28-də hüquqlarını müdafiə etdiyi Elmir Sadıqov ilə görüşdən sonra yaşanıb. Vəkil müvəkkilinin son bir ay ərzində davamlı cərimə kamerasında (kars) saxlanması ilə bağlı məlumatları araşdırmaqdan ötrü cəzaçəkmə müəssisəsinə getdiyini deyirdi.
Bəhruz Səmədov darısqallıqdan və lazımı müalicə almamasından şikayətlənir
Həbsdə olan politoloq Bəhruz Səmədov saxlanma şəraiti və səhhətindən şikayət etməyə davam edir.
Bu barədə avqustun 26-da onun yaxınları Səmədova istinadən məlumat yayıb.
Yaxınlarının vurğulamasına görə politoloq belə bir şikayətinin yayılmasını istəyib:
"Məni cəmi 6 addımlıq otaqda saxlayırlar. Bir insan 1 il ərzində televizorsuz nə qədər belə dar otaqda yaşaya bilər? Bunların məqsədi məni psixoloji, həm də fiziki məhv etməkdir", - B.Səmədov bildirib.
O, xatırladıb ki, bir müddət əvvəl həbsxanada onu gözündəki problemlə bağlı oftalmoloq müayinə edib, lakin sadəcə göz damcısı verməklə kifayətlənib. Onun sözlərinə görə, oftalmoloq da onun bu cür şəraitdə saxlanılmasının görmə qabiliyyəti üçün pis olduğunu deyib.
B.Səmədov dəri xəstəliyindən də əziyyət çəkdiyini diqqətə çatdırıb.
O, əvvəllər də saxlanma şəraitinin pisliyindən və tibbi xidmətlərə çıxış imkanının məhdudluğundan şikayət edib. O, yetərincə Günəş şüası qəbul etmədiyinə görə dərisində ekzema xəstəliyinin gücləndiyini bildirib.
Hələlik, bu açıqlamaya Penitensiar Xidmət və başqa aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb.Lakin Penitensiar Xidmətdən bundan öncə oxşar şikayətlərlə bağlı iddia ediblər ki, cəzaçəkmə müəssisələrində məhbuslara qanunverciliyin tələblərinə cavab verən şərait yaradılıb və onlar bütün lazımı xidmətlərdən yararlana bilirlər.
13.082026
Bəhruz Səmədov həbsini sülh gündəliyinə zidd sayır
Həbsdə olan politoloq Bəhruz Səmədov görmə qabiliyyətinin zəiflədiyini bildirərək beynəlxalq ictimaiyyəti onun azadlığa buraxılması üçün daha fəal olmağa çağırıb.
Səmədovun Umbakı Penitensiar Kompleksindən göndərdiyi müraciəti yaxınları sosial şəbəkələrdə yayıblar. O, müraciətində həbsdə saxlanılmasını sülh gündəliyinə zidd hesab etdiyini bildirib: "Vaşinqton razılaşmasından artıq bir il keçməsinə baxmayaraq, onun bəndlərinin kobud şəkildə pozulması fonunda və sülh gündəliyinə tam zidd olaraq, mən hələ də hər cür məhrumiyyətlər altında həbsdə saxlanılıram. Gözlərimlə əlaqədar hələ də yanıma həkim gəlməyib. Kor olmaq dərəcəsindəyəm…".
Bu müraciətə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
10 iyul
Yaxınları: Bəhruz Səmədovun gözləri xeyli zəifləyib
Həbsdə olan politoloq Bəhruz Səmədovun gözlərinin zəiflədiyi bildirilir.
Bu barədə Səmədovla görüşən vəkilinə istinadən onun yaxınları məlumat yayıb.
Onların vurğulamasına görə, qapalı yerdə saxlanılması politoloqun səhhətinə pis təsir edir və bu səbəbdən gözləri xeyli zəifləyib.
Bu açıqlamaya Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Son vaxtlar həbsdə olan bir çox ictimai fəal və jurnalistin səhhətinin pisləşməsinə dair tez-tez açıqlamalar eşidilir. Onlar iddia edirlər ki, Penitensiar Xidmətin müəssisələrində lazımi müayinə və müalicə imkanları yoxdur.
Hərçənd cavabdeh rəsmi qurumlar bu cür dəyərləndirmələrlə razılaşmırlar.
Çexiyanın Karlov Universitetinin doktorantı olan B.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də saxlanılıb. O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlətə xəyanət ittihamı əsasında 15 il müddətinə azadlıqdan məhrum edilib. İstintaqın versiyasına görə, o, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
B.Səmədov isə özünə qarşı irəli sürülən ittihamları tamamilə rədd edərək, dövlətlər arasında müharibəyə və bunun nəticəsində dinc insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.
Qarabağ münaqişəsi səbəbindən Azərbaycan və Ermənistan arasında 30 ildən çox davam edən gərginlikdən sonra tərəflər ötən il Vaşinqtonda sülh sazişini paraflayıblar. Həmin sənəddə tərəflərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları əks olunub. Artıq tərəflər arasında yükdaşımalar da bərpa edilib.
Gələn həftədən çaylardan, göllərdən istifadə ödənişli olacaq - Məbləğlər
Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq.
Ölkə başçısı ötən ilin dekabrında “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalamışdı.
Həmin fərmanın icrası ilə də bağlı Baş nazir Əli Əsədov bu il aprelin 14-də qərar verib.
Qərar hüquqi şəxslərin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin texniki qurğu, avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır.
Su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir.
Məsələn, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4, çaylardan, göllərdən (eyni həcimdə) 4, yeraltı sulardan (yenə eyni həcimdə) suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət edilməlidir.
Çay və göllərdən suyun istifadəsinin pullu olması heç də cəmiyyətdə birmənalı qarşılanmayıb. Bunun fərdi təsərrüfatla məşğul olan bir sıra insanların fəaliyyətinə mənfi təsir göstərəcəyi güman edilir.
Amma rəsmilər də su ehtiyatlarından daha səmərəli istifadəni vacib sayırlar.
Bu ildən Azərbaycanda özəl sektor gəlir vergisinə cəlb edilib, bir sıra sahələr üzrə cərimə və rüsumlar da artıb. Ekspertlər ilin əvvəlində bunu ölkənin əsas gəlir mənbəsi olan neft istehsalının azalması ilə izah edirdilər. Hərçənd, bu il Yaxın Şərqdə gərginliyin artması neftin kəskin bahalaşmasına səbəb olub.
Səhiyyə Nazirliyi qarayara ilə bağlı: Avqustun 15-dən yeni yoluxma qeydə alınmayıb
Azərbaycan Səhiyyə Nazirliyi bu gün, avqustun 21-də bildirib ki, Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir.
Qurum vurğulayıb ki, avqustun 15-dən yeni yoluxma qeydə alınmayıb və xəstəliyin əhali arasında yayılması müşahidə olunmur.
Qurum bundan əvvəl avqustun 13-də, açıqlamışdı ki, xəstəliyə şübhəli ilk şəxsdən götürülmüş materialının laborator müayinəsi nəticəsində "qarayara xəstəliyi" diaqnozu qoyulub. Xəstə heyvanla tmasda olmuş əlavə 9 nəfərdən laborator müayinə üçün nümunələr toplanıb və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
“Hazırda xəstəlik aşkarlanmış şəxslər tibb müəssisəsində müvafiq müalicə alır, xəstəliklə təmasda olmuş digər şəxslər üzrə isə zəruri tibbi müşahidə və tədbirlər həyata keçirilib. Təmasda olan şəxslər arasında yeni yoluxma halı müəyyən edilməyib.”, Səhiyyə Nazirliyi avqustun 21-də əlavə edib.
Vurğulandığına görə, Səhiyyə Nazirliyi epidemioloji vəziyyətə nəzarəti davam etdirir.
Hələlik, rəsmi açıqlamaya qarayara xəstəliyi diyaqnozunun qoyulduğu şəxslərin yaxınlarından və başqa alternativ mənbələrdən münasibətini almaq mümkün olmayıb.
13.08.2026
Samuxda qarayara aşkarlanıb
Azərbaycanın Samux rayonunda qarayara xəstəliyi qeydə alınıb. Bu barədə avqustun 13-də Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.
Məlumatda qeyd edilir ki, ilkin epidemioloji araşdırmalara əsasən, xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyən edilib.
Açıqlamaya görə, xəstəliyə şübhəli ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində "qarayara xəstəliyi" diaqnozu qoyulub.
Qeyd olunub ki, hazırda təmasda olan şəxslər müəyyənləşdirilib, tibbi müşahidəyə cəlb edilib və hər hansı dəri yarası olan şəxslərdən laborator müayinələrin aparılması üçün nümunələr toplanıb: "Xəstə heyvanla təmasda olan doqquz nəfər şəxs aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. Xəstəliklə təmasda olan şəxslər əsasən Samux rayon sakinləridir. Həmin şəxslərdən laborator müayinə üçün nümunələr toplanıb və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib".
Məsələyə həmin şəxslərin yaxınlarından açıqlama almaq mümkün olmayıb.
Qarayara, əsasən, xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir.
Xəstəliyin insandan-insana ötürülməsinin nadir hallarda baş verdiyi bildirilir.
"Vətəndaşlara xəstə, tələf olmuş heyvanlarla və şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur", - rəsmi açıqlamada vurğulanır.
Xatırlatma
Qarayara və ya Sibir yarası— kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlikdir. O, lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar.
Bu xəstəlik insanlara qədimdən bəllidir.
2025-ci il üzrə Azərbaycanda nə qədər adamın qarayara xəstəliyinə tutulduğu açıqlanmayıb. 2024-cü ildə bu rəqəmin 22, ondan bir il əvvəl isə 14 olduğu açıqlanmışdı.
Müdafiə Nazirliyinin keçmiş komissiya rəisi azadlığa buraxılıb. Prokurorluq protest verəcək
Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Ölkənin yerli saytlarının xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Rasim Həsənovun ittiham olunduğu maddələr dələduzluq maddəsinə tövsif olunub. Ona 5 min manat cərimə cəzası tətbiq olunub və məhkəmə zalından azadlığa buraxılıb.
Baş Prokurorluq isə bu hökmdən apelyasiya protestinin veriləcəyini bildirib.
Qurumun yaydığı məlumata görə, məhkəmədə prokuror Rasim Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
“Hökm dövlət ittihamçısına təqdim edildikdən sonra apellyasiya verilməsi məsələsi həll ediləcək”, – qurum bildirir.
Hələlik, Baş prokurorlugun açıqlamasına Rasim Həsənov və onun vəkilindən münasibət almaq mümkün olmayıb.
02.04.2026
Müdafiə Nazirliyinin həkim komissiyasının keçmiş rəisi hakim önünə çıxarılır
Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının keçmiş rəisi ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Bu barədə bu gün, aprelin 2-də Baş Prokurorluq məlumat yayıb.
Məlumata görə, Rasim Həsənovun komissiyasının rəisi vəzifəsində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması ittihamı üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
"Rasim Həsənovun 2021-2025-ci illərdə... hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib", - məlumatda vurğulanır.
R.Həsənov Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilir. Həmin ittihamlarla ona 12 ilədək həbs cəzası verilə bilər.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
R.Həsənov barəsində ötən il həbs-qətimkan tədbiri seçilib.
İttihama R.Həsənov və onun yaxınlarından münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Azərbaycanda müxtəlif dövlət qurumlarında vəzifəli şəxslərin tez-tez rüşvət və korrupsiya ittihamları ilə məsuliyyətə cəlb edilmələri ilə bağlı rəsmi açıqlamalar yayılır. Amma bəzi ekspertlər hesab edir ki, ölkədə korrupsiya ilə köklü mübarizədən çox onun imitasiyası yaradılır. Onlar qeyd edirlər ki, belə işlərdə verilən cəzalar da, əsasən, ya ittihama adekvat olmur, ya da sonradan yüngülləşdirilir.
Lakin rəsmi şəxslər də tez-tez vurğulayırlar ki, ölkədə korrupsiya ilə real mübarizədə hakim iradə mövcuddur.
Azərbaycan CNN-i məhkəməyə verib
Azərbaycan ABŞ-nin CNN telekanalını böhtana görə məhkəməyə verib. Azərbaycan bildirir ki, telekanal ölkənin İsrailə öz ərazisindən hərbi əməliyyatlar aparmağa icazə verməsi haqda yalan məlumat yaymaqla Azərbaycanı İranın hədəfinə çevirib.
İddia CNN-in iyunun 5-də dərc etdiyi məqalə ilə bağlıdır. Məqalədə deyilirdi ki, İsrail kəşfiyyat aparmaq və hücumlar həyata keçirmək üçün Azərbaycana xüsusi təyinatlı qüvvələr yerləşdirib. CNN iddia edib ki, bu əməliyyatlar arasında martın 4-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəhbərinin öldürüldüyü hücum da olub.
İddia ərizəsində deyilir ki, məqaləni əvvəllər də Azərbaycana qarşı qərəz nümayiş etdirmiş jurnalist yazıb və CNN bundan “tam xəbərdar olub”. Azərbaycan tərəfi hesab edir ki, bu hal yalan məlumatların qəsdən yayıldığını göstərir.
Azərbaycan bu məlumatlara etiraz edəndə CNN əvvəlcə “məsələni araşdıracağına söz verib, daha sonra isə tamamilə susub”, iddia ərizəsində vurğulanır.
CNN-in sözçüsü “Bloomberg Law”ya elektron məktubda bildirib ki, telekanal yayımladığı məlumatın arxasında dayanır.
“Bloomberg Law” yazır ki, Delaver dairəsi üzrə ABŞ Federal Məhkəməsində baxılan bu mübahisə Delaverdə qaldırılmış siyasi çalarları olan böhtan işlərinin ən yenisidir. Delaver bir çox iri media təşkilatının hüquqi qeydiyyat ünvanıdır və səs-küylü böhtan iddiaları burada qaldırılır.
Bu göstəriciyə görə Azərbaycanda həyat səviyyəsi aşağıdır
Azərbaycan vətəndaşlarının çəkdiyi xərcin yarıdan çoxu yemək-içməklərinə gedib.
Dövlət Statistika Komitəsinin (DSK) bu gün, avqustun 13-də yaydığı məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358.5 milyon manatlıq mal satılıb. Onun 20 milyard 843.9 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 514.6 milyon manatı isə qeyri-ərzaq mallarıdır.
2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 1.4, qeyri-ərzaq malları üzrə 6.6 faiz artıb.
Müstəqil iqtisadçılar deyir ki, bu göstəricilərə görə, Azərbaycan həyat səviyyəsi aşağı olan ölkələrlə müqayisə edilə bilər. Onlar vurğulayırlar ki, xərclərin təxminən yarısının ərzağa sərf olunması əhalinin həyat səviyyəsinin aşağı olmasının, kasıb və ya inkişaf etməkdə olan ölkələrə xas göstəricinin əsas əlamətidir
Xərclərdə ən çox artım kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alışındadır. 32.1 faiz artımın olduğu bu sahəyə 548.3 milyon manat xərc çəkilib. Əczaçılıq məhsulları və tibbi ləvazimatlar xərclərində də ciddi artım var (23.8 faiz ). Ümumilikdə isə, bu sahədə xərclər 1 milyard manatı keçib.
Amma rəsmilər ölkədə həyat səviyyəsinin aşağı olması ilə bağlı dəyərləndirmələri qəbul etmirlər. Hərçənd müstəqil iqtisadçılar da buna cavab olaraq vurğulayırlar ki, Azərbaycan maaş və pensiyaların məbləğinə görə nəinki inkişaf etmiş, hətta bir çox region ölkələrindən də geridə qalır. Onlar, üstəlik, əlavə edirlər ki, Azərbaycanda bir çox mal və məhsulların, xüsusilə də dərmanların qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir.
Azərbaycanda vergi cinayətləri 50 faizdən çox artıb
2025-ci ildə Azərbaycanda vergi hüquqpozmaları ilə bağlı 2 min 131 cinayət işi icraatda olub.
Bu barədə Dövlət Vergi Xidmətinin avqustun 11-də açıqladığı illik hesabatda bildirilir. Bu göstərici 2024-cü illə müqayisədə 53.9 faiz artıb.
Hesabat dövründə başa çatmış cinayət işləri üzrə vurulmuş ziyan 202.7 milyon manat təşkil edib. Həmin cinayət işləri üzrə dövlət büdcəsinə 156 milyon manat ödənilib.
Ötən il başlanmış cinayət işlərinin əksəriyyəti vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınma halları ilə bağlı olub.
İl ərzində yeddi şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Vergi borcu da artır
Bu il iyulun 1-nə Azərbaycanda vergi borcları 4 milyard 50.4 milyon manat təşkil edib.
Bu barədə Maliyyə Nazirliyinin bugünlərdə yayılan illik hesabatında bildirilir. Sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 741.6 milyon manat və yaxud 22.4 faiz çoxdur.
Son bir ildə isə ölkədə vergi borcları 556.7 milyon manat və yaxud 15.9 faiz artıb.
Müstəqil iqtisadçılar bütün bunları iqtisadi durğunluq və hökumətin yanlış vergi siyasəti ilə izah edirlər. Bu ildən bir sıra sahələrdə vergi və rüsumlar artırılıb. Eləcə də qeyri-dövlət sektorunda çalışanlar gəlir vergisinə cəlb edilib.
Ayxan İsrafilov da azadlığa çıxıb
"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü Ayxan İsrafilov üçillik həbs cəzasını başa vuraraq azadlığa çıxıb.
A.İsrafilov 2023-cü ilin avqustunda saxlanmışdı. O, Cinayət Məcəlləsinin (CM) 234.1-1-ci (narkotik vasitələri saxlama və yayma) maddəsi ilə 2024-cü il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ittihamı rədd edirdi.
Bir həftə öncə - avqustun 4-də təşkilatın digər üzvü, işçi hüquqları fəalı Elvin Mustafayev də 3 illik həbs cəzasını başa vuraraq azadlığa buraxılıb. O da özünə qarşı irəli sürülən narkotik ittihamını qurama hesab sayırdı.
"İşçi Masası" 2022-ci ildə işçi hüquqlarının müdafiəsi məqsədilə yaradılmış müstəqil təşkilatdır. Təşkilat, əsasən, kuryerlərin və digər xidmət sektoru işçilərinin hüquqlarının müdafiəsi ilə məşğul olub. Onun bir neçə üzvü müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda "İşçi Masası"nın sədri Afiyəddin Məmmədov və digər üzvü Möhyəddin Orucov hələ də həbsdədir.
A.Məmmədova CM-in 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham verilib. Həmin ittihamlarla ona 8 il həbs cəzası kəsilib. Onun həbs müddətinin başa çatmasına təxminən 5 il qalır.
M.Orucovun cəza müddəti isə bu il başa çatmalıdır. 2023-cü il dekabrın 13-də saxlanılan fəala qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri... hazırlama, istehsal etmə, əldə etmə,...) maddəsi ilə ittiham irəli sürülüb. Ötən il fevralın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində M.Orucova 3 il hökm oxunmuşdu.
Onlar da ittihamları qurama, siyasi sayırlar. Hərçənd, rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı dəyərləndirmələri qəti təkzib edirlər.
Azərbaycanda buğda istehsalı azalıb
Azərbaycanda buğda istehsalı azalmaqda davam edir. Bu barədə bu gün, avqustun 11-də Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bildirilib.
2026-cı il avqustun 3-nə olan məlumata görə, payızlıq-yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 994.9 min hektar sahənin 925.1 min hektarı, yəni 93 faizi biçilib. Sahələrdən 3 milyon 131.9 min ton məhsul toplanıb, hər hektardan orta məhsuldarlıq 33.9 sentner olub. Yığılmış məhsulun 1 milyon 534.8 min tonu (49 faizi) buğdanın, 1 milyon 561.2 min tonu (49.9 faizi) arpanın payına düşüb.
Ötən ilin eyni dövrü (5 avqust 2025-ci il) ilə müqayisədə ümumi məhsul yığımı 6.2 faiz, o cümlədən arpa istehsalı 15.9 faiz çox, buğda istehsalı isə 2.1 faiz azdır.
"Buğda üzrə yığımın nisbətən az olması bu tarixə biçilmiş sahənin (420.7 min hektar) ötən illə müqayisədə azalması (2025-ci ildə 466,9 min hektar) ilə izah olunur. Hər hektardan məhsuldarlıq isə 33.6 sentnerdən 36.5 sentnerə yüksəlib", - DSK izah edib.
DSK-nın əvvəlki məlumatlarına nəzər yetirilsə, bəlli olar ki, son illər ölkədə buğda istehsalında davamlı azalma var. Məsələn, ötən il bu azalmanın 4.5 faiz olduğu bildirilir.
Ekspertlər bunu ölkədə taxılçılığın durumunun pisləşməsi, xüsusilə də inhisarçılığın yaranması ilə izah edirlər. Amma rəsmilər vurğulayır ki, kənd təsərrüfatına Azərbaycanda subsidiyalarla dövlətin ciddi dəstəyi var.
Azərbaycan özünü tam ərzaq buğdası ilə təmin edə bilmir.
Zamin Salayev azadlığa çıxıb
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Zamin (Əlizamin) Salayev 3 il 6 aydan sonra azadlığa çıxıb. Bu barədə siyasi fəallar sosial şəbəkədə paylaşım ediblər.
Salayev 2023-cü il mayın 22-də Qaradağ rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, həmin il fevralın 7-də saxlanılıb və Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunub. AXCP fəalı ittihamı qəbul etmirdi.
Xatırlatma
AXCP-nin Salyan şöbəsinin sədri Salayev bundan əvvəl — 2020-ci ilin aprelində Salyan rayon Məhkəməsinin hökmü ilə 2 il 3 ay müddətinə həbs cəzası almışdı. Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovla mübahisəsinin videosunu paylaşmışdı. Həmin videoda AXCP üzvü polis əməkdaşını rayonda yaşayan bir qadına təcavüzdə ittiham edirdi. Video yayımlandıqdan sonra polis əməkdaşı Salyan rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq onun həbsini tələb etmişdi.
Videoda adı çəkilən qadın isə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il həbs cəzasına məhkum edilib. O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün bu addımı atdığını bildirsə də, polis əməkdaşı onun dediklərinin həqiqəti əks etdirmədiyini söyləyib.
Salayev 2022-ci il yanvarın 19-da — Amnistiya Aktı ilə əlaqədar cəza müddətinin başa çatmasına bir neçə ay qalmış azadlığa buraxılmışdı.