Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 08:07

190 manat iyunda da verilməlidirmi?


190 manat üçün basabas: sosial məsafə gözlənilmir
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

190 manat üçün basabas: sosial məsafə gözlənilmir

Hökumət rəsmiləri bildirir ki, koronavirus pandemiyası ilə bağlı 600 min işsiz və ya karantinə görə işini itirən şəxsə aprel, may aylarında 190 manat yardım edilib. İndi bu yardımin iyun ayında da davam etdirilməsi ilə bağlı təkliflər eşidilir. Təklif müəllifləri vurğulayırlar ki, karantin dövrü iyunun 15-nə kimi uzadılıb. Amma bəzi istisnalarla (kütləvi toy, yas mərasimlərinə icazə verilmir) karantin aprelin 27-dən mərhələlərlə yumşaldılıb. Hətta, mayın 31-dən iri ticarət mərkəzlərinin də fəaliyyətinə icazə verilib.

İqtisadçı Nemət Əliyev mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, bu məsələnin həlli hökumətdən prinsipial yanaşma tələb edir. Onun fikrincə, koronavirus pandemiyası dövrü ölkədə işsizlərin sayının əhəmiyyətli dərəcədə çox olduğu ortaya çıxdı:

"İşsizlik statusuna görə pul verilməlidir"

"Rəsmi müraciətlərin hesabına işsizlərin sayını rəsmən qeydə almaq mümkün olub. Ən azı hökumət özü etiraf etdi ki, ölkədə 600 min nəfər işsiz var. Elə bundan da irəli gələrək onlara 190 manat birdəfəlik müavinət yox, işsizik statusuna görə pul verilməlidir ki, onun da məbləği 290-300 manat çivarındadır. Bunun üçün İşsizlikdən Sığorta Fondu yaradılıb. Hökumət bunu verməməyi Fondda yetərli qədər pul vəsaiti olmaması ilə izah edərsə, Fonda büdcə vəsaitləri hesabına əlavə vəsaitlər yönəltmək olar. Ölkədə 600 min nəfər işsiz varsa, hökumət onlara işsizlikdən sığorta pulu verməlidir".

N.Əliyev
N.Əliyev

"Karantin müddəti uzadılırsa..."

İqtisadçının sözlərinə görə, 190 manat müavinət işsiz adamın dolanışığı üçün yetərli deyil. O vurğulayıb ki, əgər karantin müddəti uzadılırsa, o zaman 600 min nəfər işsizə daha bir ay da yardım ödəmək olar.

İqtisadçının fikrincə, həmin vəsait iyun ayında ödənilməsə, insanlar bundan əziyyət çəkəcəklər. O hesab edir ki, bu, həmin kateqoriya insanların sosial durumunun ağırlaşmasına, hökumət-vətəndaş münasibətlərinin gərginləşməsinə səbəb ola bilər.

Rəsmilər nə deyir?

Bu fikirlərə, hələlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər hazırda ölkədə 600 min məşğul şəxsin işsiz olması ilə bağlı deyilənlərlə razılaşmır.

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) may ayının əvvəlinə olan hesabatına görə, ölkədə 297.8 min nəfər rəsmi işsiz var. Bu açıqlamadan sonra "Turan" agentliyi aprel və may aylarında 600 min şəxsin işsizliyə görə birdəfəlik yardım alması ilə bağlı Komitəyə üz tutmuşdu. Onda Komitənin sədr müavini Yusif Yusifov demişdi ki, həmin 600 minin heç də hamısı işsiz deyil: "Bura həm işsiz əhali, həm aztəminatlı, həm də qeyri-formal əməklə məşğul olmuş şəxslər də daxildir. Prezident həmin 200 min işsizə verilən müavinətin əhatə dairəsini 600 min nəfərə qaldırdı. Odur ki, bu 600 min nəfərə işsizlərlə yanaşı, həm aztəminatlılar, həm də qeyri-formal çalışanlar daxildir. Belə deyək ki, pandemiya ilə bağlı müvəqqəti tətbiq edilən karantin dövründə qazancından məhrum olan şəxslər də bu əhatəyə aid olundu" .

R.Nurullayev
R.Nurullayev

"İmkan varsa..."

Deputat Razi Nurullayev isə agentliyə deyib ki, dövlətin 190 manat birdəfəlik müavinəti ödəmək imkanı varsa və bu maliyyə problemi yaratmırsa, ödənilməsi daha məqbul olar. Onun sözlərinə görə, iyun ayında işə çıxan insanlar elə həmin vaxt qazanc əldə etməyəcəklər, bu olsa da, iyul ayında baş verəcək:

"...İsrar da etmək olmaz"

"Əgər verilməsə də, buna görə dövləti qınamağın da yeri yoxdur. Hazırda ölkənin maliyyə vəziyyəti də o qədər yaxşı deyil. Neft qiymətləri aşağı düşüb, dövlət büdcəsi kifayət qədər təzyiq və müqavimətlə üz-üzə qalıb. Bu baxımdan, israr da etmək olmaz".

Deputatın sözlərinə görə, bütün dövlət idarələrinə iş üçün müraciət edən vətəndaşlara həssas yanaşmaq göstərişi verilib. Onun deməsinə görə, vətəndaşlar hər təklif olunan işi götürmürlər və bu nöqtədə problemlər yaranır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 374 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə hazırkı dövrədək 5 min 494 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, onlardan 63 nəfər vəfat edib.

Atanı infarkt vurub, işsiz qalıb, 190 manat yardımı ala bilmir
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Karantin mayın 4-nə, sonra həmin ayın 31-nə və nəhayət, iyunun 15-nə kimi uzadılıb. Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılıb. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılıb.

XS
SM
MD
LG