Fransa Prezidenti Emmanuel Makronun mərkəzçi alyansı parlamentdə 245 mandat əldə edib. Mütləq çoxluq üçün 289 yer lazımdır.
"Nupes" bloku 131 yer qazanıb.
İfrat sağçı Marin Lö Penin partiyasının mandat sayı 89-dur.
"Respublikaçılar" isə 61 yer əldə ediblər. Bu partiyanın prezident seçkisində namizədi olmuş Valeri Pekressin ötən ilin sonunda Azərbaycanın Xankəndi şəhərinə səfər etməsi rəsmi Bakının narazılığına səbəb olub, Azərbaycan XİN Fransanın müvəqqəti işlər vəkilinə etiraz notası göndərib, Pekress və ətrafını "qara siyahı"ya saldığını bəyan edib.
***
Fransa Prezidenti Emmanuel Makronun "Birlikdə!" koalisiyası ölkə parlamentində mütləq çoxluğu itirib. Bunu iyunun 19-da səslərin ilkin nəticələri göstərib.
Apreldə yenidən prezident seçilən Makron parlamentdə də üstünlüyü saxlayacağına ümid edirdi. Amma ilkin nəticələrə görə, koalisiya 577 yerlik Milli Assambleyada 210-250 arası mandat qazanıb.
Digər partiyalar
İlkin nəticələrə görə, ikinci yaxşı nəticəni Jan-Lük Melanşonun solçu "Yeni Xalq Ekoloji və Sosial Birlik" (Nupes) bloku göstərib.
Marin Lö Penin ifrat sağçı "Milli Birlik" partiyası proqnozlaşdırılandan daha yaxşı nəticə ortaya qoyub. Partiyanın parlamentdəki mandat sayı 10 dəfə artaraq 100-ə çata bilər. Bu, indiyədək əldə olunan ən yüksək göstəricidir.
"Respublikaçılar" və müttəfiqlərinin də 100-dək mandat qazanacağı gözlənir ki, bu da onları həlledici mövqeyə keçirir. Bu partiyanın platforması digər qruplarla müqayisədə Makronunkuna daha uyğundur.
Makron öz gündəmini irəli aparmaq üçün parlamentdə alyans yaratmalı olacaq.
"Demokratik şok"
Fransanın Maliyyə naziri Brüno Lö Mer nəticəni "demokratik şok" adlandırıb. O, "France 2" televiziyasına deyib ki, digər düşərgələr əməkdaşlıqdan imtina etsələr, "bu bizim islahat aparmağımızı və fransalıları qorumağımızın qarşısını alacaq".
Fransada yanacaq və enerjinin qiymətlərinə məhdudiyyət qoyulmasına baxmayaraq, Ukraynadakı müharibə inflyasiyanı gücləndirib.