Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:56

Berlin İran hava şirkətinin Almaniyaya uçuşlarını qadağan edir


Mahan Air şirkətinin Airbus A340-300 təyayrəsi Düsseldorfdan qalxarkən (Foto arxivdəndir)
Mahan Air şirkətinin Airbus A340-300 təyayrəsi Düsseldorfdan qalxarkən (Foto arxivdəndir)

Almaniya İranın Mahan Airline hava şirkətinin bu ölkənin limanlarında enmə lisenziyasını ləğv edib. Berlin bu addımını təhlükəsizlik mülahizələri və sözü gedən şirkətin Suriyadakı fəaliyyəti ilə əlaqələndirib.

Almaniyanın Federal Aviasiya İdarəsi bildirib ki, bu şirkətə məxsus təyyarələrin Almaniya torpağında enişlər etməsinin qadağanı barədə qərar Avropa müttəfiqləri və ABŞ-la məsləhətləşmələrdən dərhal sonra qəbul olunub.

Bu barədə məlumatı yanvarın 21-də Almaniya hökumətinin sözçüsü Steffen Seibert verib.

ABŞ dövlət katibi Mike Pompeo bu addımı alqışlayıb və Vaşinqtonun digər müttəfiqlərini bundan nümunə götürməyə çağırıb.

İranın ikinci ən böyük hava şirkəti olan Mahan Air 2011-ci ildən bəri ABŞ sanksiyaları altındadır və Vaşinqton Avropa müttəfiqlərindən sözü gedən şirkətin cəzalandırılmasını tələb edirdi.

ABŞ-ın Maliyyə Nazirliyi Mahan şirkətinə enmə icazəsi verən və onun təyyarələrinə texniki xidmət göstərən ölkələri sanksiyalarla hədələmişdi.

Tehran Birləşmiş Ştatları və İsraili onun Avropa ilə münasibətlərini korlamaq və 2015-ci il nüvə sazişini sarsıtmaq cəhdlərində ittiham edir.

Lakin Seibert israr edib ki, Mahan Air təyyarələrinin enişinə qadağan qoyulması ABŞ-ın təzyiqi altında baş verməyib və “bizim təhlükəsizlik mülahizələrimizdən irəli gəlib”.

Sözçü bildirib ki, bu hava şirkətinin Almaniyaya uçuşları ciddi təhlükəsizlik narahatlığı yaradırdı. Onun sözlərinə görə qərarın qəbulu zamanı “keçmişdə İran və Avropadakı İran qurumlarından qaynaqlanan terrorçu və casusluq fəaliyyətlərinin baş verməsi” nəzərə alınıb.

Almaniyanın xarici işlər naziri Heiko Maas isə Brüsseldə etdiyi çıxışda deyib ki, Berlin İran nüvə sazişini dəstəkləməkdə davam edir, lakin Almaniya “terror və casusluqla bağlı ayrı-ayrı halların” qaşısını alacaq.

Almaniya prokurorları ötən həftə bildirmişdilər ki, Almaniya ordusunda tərcümə kimi işləyən 50 yaşlı İran-Əfqanıstan vətəndaşı İranın xeyrinə casusluq şübhələri ilə bağlı saxlanıb.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Christofer Burger deyib ki, Mahan İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlara malikdir və İran və Suriya arasında hərbi nəqliyyat uçuşlarını həyata keçirib.

İran Rusiya ilə yanaşı Suriyada 2011-ci ildən davam edən münaqişədə prezident Bashar al-Assad-ın rejiminə həlledici dəstək verib.

Berlinin qərarını alqışlayan ABŞ dövlət katibi Mike Pompeo deyib ki, “bu hava şirkəti bütün Yaxın Şərq boyunca silahların və canlı qüvvənin daşınması ilə İran rejiminin regiondakı dağıdıcı ambisiyalarına xidmət edir”.

Almaniya mediası yazır ki, Mahan şirkəti ilə bağlı qəbul edilmiş qərar Tehranın Avropa boyunca həyata keçirdiyi sui-qəsd əməliyyatlarına görədir.

Mahan hər həftə, üçü Düsseldorfa, biri Münhenə olmaqla Almaniaya 4 uçuş edirdi.

Mahan habelə Fransaya, İtaliyaya, İspaniya və Yunanıstana uçuşlar edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG