Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:59

Madrid Kataloniya referendumunda ‘Moskvanın barmağını’ axtarır


Kataloniyanın müstəqilliyi tərəfdarlarının oktyabrın 20-də keçirilmiş aksiyasında
Kataloniyanın müstəqilliyi tərəfdarlarının oktyabrın 20-də keçirilmiş aksiyasında

İspaniyanın Ali Məhkəməsi iki il bundan əvvəl Kataloniyanın müstəqilliyinə dair keçirilmiş referendumun dəstəklənməsində Rusiya xüsusi xidmətlərinin mümkün rolunun araşdırılmasına başlayıb.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu təhqiqat İspaniya Milli Polisinin Baş Komissarlığına tapşırılıb.

Təhqiqatın gedişi hələki məxfi saxlanır.

El Pais qəzetinin yazdığına görə Avropanın xüsusi xidmətləri onlarda Moskvanın katalon separatçılığına gizli dəstəyinə dair “həqiqətə uyğun informasiya” olduğunu bildiriblər.

Qəzetin mənbələrdən aldığı məlumatlara görə Kataloniya müstəqilliyi tərəfdarlarına dəstək verilməsi ilə Rusiya Baş Kəşfiyyat İdarəsi - GRU-nun elit 29155 adlı bölməsi məşğul olub.

Bir sıra ölkələrin kəşfiyyatları bildirirlər ki, sözü gedən elit bölmənin Avropada stabilliyin pozulmasına yönəlmiş hərəkətlərlə bağlılığı var.

Bu bölmənin habelə Monteneqro və Moldovada sabitsizlik yaradılması üçün çalışdığı deyilir.

The New York Times qəzeti isə yazıb ki, GRU-nun bu bölməsinin əməkdaşları Britaniyada keçmiş Rusiya casusu Sergey Skripal və onun qızının zəhərlənməsində iştirak ediblər. Kreml bu iddiaları rədd edib.

Qəzet yazır ki, Kataloniyanın keçmiş lideri Carles Puigdemont-un nümayəndəsi Víctor Terradellas Maré muxtariyyətdə müstəqillik referendumunun keçirilməsindən sonra Rusiya hakimiyyətinin hansısa nümayəndələri ilə görüşdüyünü deyib.

Terradellas o vaxt demişdi ki, guya rusiyalılar Kataloniyaya dəstək vəd ediblər. El Pais qəzeti bu görüşün həqiqətdə yer aldığına dair heç bir sübut təqdim etmir.

Kataloniyada müstəqillik referendumu İspaniya hökumətinin qadağanına baxmayaraq 2017-ci ilin 1 oktyabrında keçirilib.

Madrid referendumun nəticəsini tanımayıb, Kataloniyanın muxtar administrasiyası buraxılıb və muxtar ərazi birbaşa mərkəzin idarəçiliyinə verilib.

Referendum və ondan sonrakı hadisələr kütləvi aksiyalar və polislə toqquşmalarla müşayiət olunub.

Erkən seçkinin ardınca Kataloniyanın muxtariyyəti bərpa edilib.

Lakin 2019-cu ilin oktyabrında İspaniya məhkəməsi 12 katalon siyasətçisini məhkum edib.

Onlardan 9-na qiyamın qızışdırılması ittihamı ilə 13 il həbsxana cəzası kəsilib.

Bu hökmün elan edilməsindən sonra Kataloniyada yenidən etiraz aksiyaları və polislə toqquşmalar olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG