Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:58

Kataloniyanın separatçı liderlərinə uzunmüddətli həbs cəzaları


Kataloniyada yürüş, 11 sentyabr, 2019-cu il
Kataloniyada yürüş, 11 sentyabr, 2019-cu il

İspaniyanın Kataloniya regionunun doqquz liderinə zorakı qiyam maddəsi qaldırılıb, ancaq onlar 2017-ci ildə müstəqillik referendumundakı rollarına görə təqsirli biliniblər. Daha bir ittiham isə dövlət vəsaitindən sui-istifadədir. Bu haqda “The Guardian” qəzeti yazır.

13 ilədək həbs cəzası

Regionunun keçmiş vitse-prezidenti Oriol Junqueras üsyana çağırış və dövlət vəsaitindən sui-istifadədə təqsirli bilinərək 13 il həbsə məhkum edilib. İspaniya Ali Məhkəməsi onun 13 il ərzində dövlət vəzifəsi tutmasını da yasaqlayıb.

Kataloniyanın keçmiş xarici işlər naziri Raül Romeva, region hökumətinin keçmiş sözçüsü Jordi Turull və keçmiş əmək naziri Dolors Bassa eyni ittihamla 12 illik həbsə məhkum ediliblər.

Kataloniya parlamentinin keçmiş spikeri Carme Forcadell, keçmiş daxili işlər naziri Joaquim Forn və keçmiş ərazi naziri Josep Rull 11 il yarım həbs cəzası alıblar.

Müstəqil tərəfdarı olan iki tanınmış fəal – Jordi Cuixart Jordi Sànchez üsyana çağırış ittihamıyla 9 il həbsə məhkum olunublar.

Daha üç müstəqillik liderləri itaətsizlikdə təqsirli bilinərək cərimə və dövlət vəzifəsinə qadağa ilə cəzalandırılıblar.

Bazar ertəsi çıxarılan hökmlə dörd aydır davam edən məhkəmə prosesi başa çatıb. Prosesdə 422 şahid dindirilib, General Franco-nun ölümündən sonra demokratiya yoluna qayıdan ölkədə ən pis siyasi böhrana səbəb olmuş hadisələr araşdırılıb.

12 təqsirləndirilənin 9-na qiyam ittihamı irəli sürülmüşdü və bunun cəzası 25 ilədək həbs idi.

Məhkəmədə baş nazir Mariano Rajoy hökumətinə qarşı keçirilmiş referendum araşdırılıb. Səsvermə günü polis əməkdaşları sərt davranıb, səsvermə qutuları müsadirə olunub, seçicilər məntəqələrdən çıxarılıb, dəyənəklə döyülüb, rezin güllələrdən istifadə olunub.

“Siyasi məhbus”

2017-ci ilin 20 sentyabr hadisələri də araşdırılıb. O zaman polis Kataloniya regionunda hökumət binalarında reyd keçirib, 14 vəzifəlini həbs edib. Minlərlə kataloniyalı reydlərə etiraza çıxıb, Mülki Qvardiya əməkdaşlarının axtarış apardığı binaları qapadıb, onların maşınlarından üçünə hücum edib.

Junqueras məhkəmədə özünü “ideyalarına görə mühakimə olunan siyasi məhbus” adlandırıb. Onun fikrincə, nə səsvermə, nə də parlamentdə “respublikanı” müdafiə etmək qanun pozuntusu olub.

Rajoy o zaman müstəqilliyin birtərəfli elanına Kataloniya hökumətini işdən çıxarmaqla, regiona nəzarəti ələ almaqla reaksiya verdi. Keçmiş baş nazir fevralda məhkəmədə şahid kimi ifadə verərkən referendum günü zorakılığına görə regionun ovaxtkı prezidenti Carles Puigdemont hökumətini günahlandırıb.

Puigdemont mühakimə olunmayıb. O, 2017-ci il oktyabrın sonunda İspaniyadan qaçıb, hazırda Belçikada yaşayır.

Təqsirləndirilənlər, gərəkərsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklərini deyiblər.

XS
SM
MD
LG