Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevi təltif edib.
Ölkə başçısının bu gün, sentyabrın 26-da imzaladığı sərəncamla ona general-polkovnik ali hərbi rütbəsi verilib.
Prezident Dövlət Təhlükəsizliyi Xidmətinin rəisini bu ilin mart ayında da təltif etmişdi. Həmin vaxt Mədət Quliyevə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni verilmişdi.
Mədət Quliyevin ölkənin milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsindəki səmərəli fəaliyyətinə görə təltif olunduğu vurğulanır.
Xatırlatma
2015-ci ilin dekabrında prezidentin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib.
Onun əvəzində iki qurum - Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.
Buna qədər isə milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılmış və bu nazirliyin rəhbərliyində təmsil olunan 20-yə qədər yüksəkçinli zabit həbs edilmişdi.
Mədət Quliyev həmin vaxt DTX-nın rəisi təyin edilib. Həmin təyinatadək M.Quliyev Penitensiar Xidmətin rəhbəri idi.