Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:02

Beyrut partlayışı qurbanlarının sayı 154-ə çatdı, etirazlar başlanıb


Emmanuel Macron partlayış yerində
Emmanuel Macron partlayış yerində

Livan, Fransa, Almaniya, Rusiya və başqa ölkələrdən olan xilasedicilər Beyrutda 4 avqustda baş vermiş güclü partlayışın qurbanlarının axtarışını davam etdirirlər.

Partlayış dalğası nəticəsində uçmuş binaların dağıntıları altından tapılan cəsədlər qurban sayını azı 154 nəfərə çatdırıb.

Avqustun 7-də müstəntiqlər partlayışın səbəblərini aydınlaşdırmaq üçün cəhdlərini davam etdiriblər.

Onları maraqlandıran başlıca suallar 2700 tondan çox ammonium nitrat gübrəsinin niyə illərdir limandakı anbarda saxlanması və partlayışa nəyin səbəb olmasıdır.

Bundan bir gün əvvəl Livan təhlükəsizlik qüvvələri onlarla etirazçını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Yerli medianın verdiyi xəbərə görə hökumətin istefasını tələb edən etirazçılar təhlükəsizlik qüvvələrinə daş atırdılar.

Əslində etiraz aksiyası Fransa prezidenti Emmanuel Macron-un Beyruta səfəri ilə eyni vaxtda başlayıb.

İzdiham qarşısında çıxış edən Fransa lideri Livan hakimiyyətini korrupsiyada ittiham edib.

Bu arada BMT bəyan edib ki, Beyrut xəstəxanalarına yardım olaraq 9 milyon dollar ayrılıb.

Avropa Şurasının prezidenti Charles Michel deyib ki, Livana avqustun 8-də səfər edəcək.

Macron Beyrut partlayışının beynəlxalq təhqiqatına çağırır

Fransa prezidenti Emmanuel Macron Beyrutda yüzlərlə insanın ölümünə, minlərlə insanın xəsarət almasına səbəb olmuş güclü partlayış barəsində beynəlxalq təhqiqata başlanmasına çağırıb.

Macron Beyruta avqustun 6-da səfər edib. Həmin gün ölkənin Səhiyyə Nazirliyi avqustun 4-də baş vermiş partlayışda ölənlərin sayının 137-yə, yaralıların isə 5 minə çatdığını bildirib.

Avqustun 6-da Livan müstəntiqləri hadisə yerində ehtimalən partlayışa səbəb olmuş yanğın izlərinin axtarışı ilə məşğul olublar.

Livan hakimiyyət orqanları avqustun 6-da habelə təhqiqatla bağlı 16 nəfərin istintaqa cəlb edildiyini xəbər verib.

Əksəriyyəti dəniz limanının rəsmiləri sayılan bu şəxslər hazırda ev məhbusudurlar.

Müstəntiqlər indiyədək dəniz limanının və gömrük idarəsinin 18 əməkdaşını sorğu-sual ediblər.

Ammonium nitrat 2014-cü ildən anbarda niyə qalıb?

Təhqiqatı maraqlandıran suallardan biri də potensial baxımdan partlayıcı maddə olan ammonium nitrat gübrəsinin bu anbarda illər ərzində saxlanmasının səbəbi barədədir.

Bu yüklə 2014-ci ildə Beyrut portunda həbs edilmiş gəminin rusiyalı sahibi və ekipajı da dindirilib.

Güclü partlayış limanın bir hissəsini yerlə-yeksan edib və 10 kilometrlik radiusda şəhərin mərkəzi hissəsində dağıntılar törədib.

Macron müxbirlərə deyib ki, partlayışın səbəblərinin öyrənilməsi üçün beynəlxalq, açıq və şəffaf təhqiqata ehtiyac var.

O bildirib ki, Livana yardıma həsr edilmiş beynəlxalq konfrans “qarşıdan gələn günlərdə” keçiriləcək.

“Korrupsiyalı əllər”

Fransa özünün keçmiş müstəmləkəsinə daim dəstək verib, lakin Paris Livanda dərin kök atmış korrupsiyadan narahatdır.

Bundan əvvəl Beyrutun mərkəzində hiddətli izdihama müraciət edən Fransa prezidenti demişdi ki, onun ölkəsinin göstərdiyi yardım “korrupsiyalı əllərə” düşməməlidir.

O bildirib ki, Livan rəhbərliyi ilə yeni sazişin imzalanmasına səy göstərəcək:

"Mən bütün siyasi qüvvələrlə söhbət edəcək, onları yeni razılaşmaya çağıracağam. Mən bugün bura yeni bir razılaşma təklif etmək üçün gəlmişəm”.

Meydana yığılanlar Livanın hazırkı rejiminin istefasını tələb edirdilər.

Macron partlayış yerinə baş çəkdiyi zaman da, ətrafda toplaşanlar Livan hökumətini “terrorçu” adlandıran və “inqilaba” çağıran şüarlar səsləndirirdilər.

Hazırda Livana tibb avadanlığı, dava-dərman, səhra xəstəxanaları, xilasetmə ekspertləri və axtarış itləri gətirən təyyarələrin qəbulu davam edir.

Beyrut qubernatorunun verdiyi məlumata görə 300 min beyrutlu partlayışda evlərini itirib, ölkəyə azı 3 milyard dollar ziyan dəyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG