Keçid linkləri

2026, 14 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 00:11

'Bir ölkə öz Avropa yoluna qayıdır'

Müxalifətdəki "Tisa" partiyasının lideri Peter Madyar parlament seçkilərində qələbəni qeyd edərkən Macarıstan bayrağını dalğalandırır.
Müxalifətdəki "Tisa" partiyasının lideri Peter Madyar parlament seçkilərində qələbəni qeyd edərkən Macarıstan bayrağını dalğalandırır.

Macarıstanda keçirilən parlament seçkilərində qələbə qazanan "Tisa" partiyasının sədri Peter Madyar ilk səfərini Varşavaya edəcəyini deyib. Polşa baş naziri Donald Tusk ona güclü dəstək vermişdi.

O, daha sonra Aİ maliyyəsinin buraxılması üçün Vyana və Brüsselə gedəcəyini açıqlayıb.

Amerikalı veteran diplomat Daniel Frid Macarıstanda seçkinin nəticəsini "çox böyük iş" adlandırıb, bunun Avropada və digər yerlərdə avtoritar tendensiyalara qarşı böyük təkan olduğunu deyib.

"Viktor Orbanın məğlubiyyəti qəbul etməsi göstərir ki, bu, müxalifətin istədiyi və Macarıstanda demokratiya tərəfdarlarının arzuladığı, ancaq baş verənədək heç kimin gözləmədiyi miqyasda bir qələbədir", – o vurğulayıb.

Bu seçkinin nəticəsini Aİ-nin 27 üzvü diqqətlə izləyirdi. Çünki Budapeştin blokda bir çox ölkələrlə münasibətləri problemlidir. Nəticə Vaşinqton və Moskva üçün də əhəmiyyətlidir, hər iki tərəfin son 16 ildə hakimiyyətdə olan Orbanla güclü əlaqələri var.

"Macarıstan Avropanı seçdi. Avropa isə həmişə Macarıstanı seçib. Bir ölkə öz Avropa yoluna qayıdır", – Orban məğlubiyyətini qəbul edəndən az sonra Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski Madyarı "inandırıcı qələbə" münasibətilə təbrik edib. "Konstruktiv yanaşma qalib gələndə bu, çox önəmlidir", – o, Telegram-da yazıb.

Orban hökuməti 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Rusiyaya qarşı sanksiyalarla bağlı bir çox qərarların qəbulunu ya bloklayıb, ya da zəiflədib. O, Aİ-nin Ukraynaya bəzi dəstəyini də önləyib.

Yaxınlarda o, 2026 və 2027-ci illərdə Kiyevə ayrılması nəzərdə tutulan 90 milyard avroluq (105 milyard dollar) krediti dayandırıb. Aİ liderləri 2025-ci ilin dekabrında bununla bağlı ilkin razılaşma əldə etmişdilər.

Ötən ay Macarıstan polisi Avstriyadan Ukraynaya gedən yeddi ukraynalını saxlayıb, 80 milyon dollardan çox nağd pul və 9 kiloqram qızıl külçə daşıyan iki furqonu müsadirə edib. Bu addımdan öncə Orban Ukraynanı "Drujba" boru kəməri vasitəsilə Rusiya neftinin tədarükünü dayandırmaqda suçlayıb. Ukrayna isə bildirir ki, Rusiyanın zərbələri boru kəmərini zədələyib və təmir vaxt tələb edir.

Viktor Orban Budapeştdə tərəfdarlarını salamlayır. 12 aprel 2026
Viktor Orban Budapeştdə tərəfdarlarını salamlayır. 12 aprel 2026

Rusiyaya sızdırılan telefon zəngləri

Bütün bu sadalananlar seçki kampaniyasına təsir göstərib. Üstəlik, Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə bağlı telefon danışıqları da sızdırılıb. Bu danışıqlarda onun rusiyalı həmkarı Sergey Lavrovu Aİ-də yüksəksəviyyəli görüşlər barədə məlumatlandırdığı görünürdü.

Macarıstanın xarici işlər naziri əvvəlcə təkzib etsə də, sonradan danışıqların baş verdiyini təsdiqləyib. O deyib ki, Aİ görüşlərindən əvvəl və sonra təkcə Rusiya ilə deyil, İsrail, Serbiya, Türkiyə və ABŞ-dən olan həmkarları ilə danışır.

"Fransa demokratik iştirakın qələbəsini, Macarıstan xalqının Avropa İttifaqı dəyərlərinə bağlılığını və Macarıstanın Avropadakı yerini alqışlayır", – Fransa prezidenti Emmanuel Makron Madyarı qələbə münasibətilə təbrik edəndən sonra bildirib.

Madyar seçki kampaniyasında, əsasən, daxili məsələlərə, xüsusilə korrupsiyaya qarşı mübarizəyə fokuslanıb.

2025-ci ilin oktyabrında AzadlıqRadiosuna müsahibəsində xarici siyasətdə ehtiyatlı davranacağını deyib. Dediyinə görə, Rusiyadan mədən yanacağı idxalının tezliklə dayandırılması gözlənilmir. Aİ-nin 2027-ci ilədək Moskva ilə enerji əlaqələrini tam kəsmək üçün Macarıstan və qonşu Slovakiyaya təzyiq göstərir.

Hazırda Macarıstan təbii qaz ehtiyacının təxminən 95 faizini Rusiyadan idxal edir. 2025-ci ilin ilk yarısında isə neft idxalının təxminən 92 faizi Rusiyanın payına düşüb.

Müxalifətdəki "Tisa" partiyasının lideri Peter Madyar parlament seçkilərində səs verir
Müxalifətdəki "Tisa" partiyasının lideri Peter Madyar parlament seçkilərində səs verir

Madyar qalib gəldi, Orban məğlub oldu

Aprelin 12-də Macarıstanda keçirilən parlament seçkilərində Peter Madyarın rəhbərlik etdiyi müxalif "Tisa" partiyası qalib gəlib.

Hakim "Fides" partiyasının lideri baş nazir Viktor Orban artıq telefonla Madyarı qələbəsi münasibətilə təbrik edib.

Səslərin 78 faizinin sayımının nəticələrinə görə "Tisa" 199 yerlik parlamentdə 138 yerə, konstitusiya çoxluğuna (2/3) iddia edir. Açıqlanmış göstəricilərdən aydın olur ki. "Tisa"nın üstünlüyü, əsasən, onun namizədlərinin birmandatlı dairələrdə liderliyi ilə bağlıdır, lakin partiya siyahıları üzrə də Madyarın tərəfdarları inamla irəlidədirlər.

Səsvermə məntəqələri bağlanmazdan yarım saat əvvəl seçici fəallığı 78 faizdən artıq olub ki, bu da əvvəlki seçkilərə nisbətən 10 faiz çoxdur. Bu, ən azı son 20 il üçün rekord göstəricidir.

Bir çox şərhçi Macarıstan seçkilərini Avropa İttifaqındakı vəziyyət və Ukraynaya dəstək kontekstində son dərəcə vacib hesab edirdi. Orban hökuməti Kiyevlə münaqişədə idi.

Orban özünü sağçı, milliyönümlü siyasətçi və ənənəvi dəyərlərin müdafiəçisi kimi təqdim edir. Opponentləri onu avtoritar meyllərdə və rusiyapərəst mövqedə günahlandırırlar. Son aylarda Budapeşt və Kiyev arasında mübahisələr kəskinləşib, buna görə Macarıstan xüsusilə Aİ-nin Ukraynaya kredit ayırmasını bloklayıb.

Madyar - Orbanın 2024-cü ildə müxalifətə keçən keçmiş müttəfiqidir. Onun kampaniyası daxili məsələlərə - səhiyyə, nəqliyyat və korrupsiyaya qarşı mübarizəyə, eləcə də Brüssellə yaxınlaşmaya yönəlib. Madyar Ukraynanı dəstəklədiyini bəyan edir, eyni zamanda Kiyevlə fikir ayrılıqlarının olduğunu da bildirirdi. O, Kremlin siyasətini tənqid edib və ABŞ ilə dostluq münasibətlərini qorumağa hazır olduğunu vurğulayıb.

ARXİV
'İlham Əliyevin dostu' seçkini uduza bilər
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00


XS
SM
MD
LG