Keçid linkləri

2025, 25 Aprel, Cümə, Bakı vaxtı 13:24

Macarıstan prezidentinin gözdən düşməsi ölkədə Orbanın hakimiyyəti üçün nə deməkdir


Macarıstan baş naziri Viktor Orban (solda) Katalin Novakın prezident vəzifəsindən istefa verməsindən sonra zərərin aradan qaldırılması ilə məşğuldur.
Macarıstan baş naziri Viktor Orban (solda) Katalin Novakın prezident vəzifəsindən istefa verməsindən sonra zərərin aradan qaldırılması ilə məşğuldur.

Macarıstan prezidenti Katalin Novak və ədliyyə naziri Yudit Varqa uşaqların cinsi istismarında iştirakla bağlı həbs olunan bir şəxsin əfv edilməsinə görə ictimai narazılığın artması fonunda istefa veriblər.

Macarıstanı və onun hakim elitasını silkələyən bu qalmaqal son 15 ildə ölkə siyasətində dominantlıq edən baş nazir Viktor Orban və onun Fides partiyasının ciddi problemlərlə üzləşəcəyindən xəbər verir.

AzadlıqRadiosunun macar xidməti və Endi Haylın hazırladığı yazıda deyilir ki, Novakın istefası postkommunist Macarıstanında və hətta Fidesin hakimiyyəti dövründə prezidentin istefa verdiyi ilk hal deyil. 2012-ci ildə qılıncoynatma üzrə ikiqat Olimpiya çempionu olmuş Pal Şmitt dissertasiyasının plagiat olduğu üzə çıxdığı üçün prezident vəzifəsindən istefa vermişdi. Parlamentdəki Fides çoxluğunun prezident kürsüsünə gətirdiyi Şmitt bu vəzifədə iki ildən də az qaldı.

Fevralın 2-də müstəqil 444.hu saytı Novakın ofisinin müraciəti əsasında aprel ayında Endre K. adlı şəxsin əfv olunması barədə məqalə dərc edib. İctimaiyyətin qəzəbi məhz bu məqalənin dərcindən sonra artıb.

Novakın ofisi dəyən zərəri yumşaltmaq üçün açıqlama verib. Açıqlamada deyilir ki, "pedofiliyaya görə məhkum olunan heç bir şəxsə prezident əfvi verilməyib və heç vaxt verilməyəcək". Bu açıqlamanın üstündən bir həftədən bir qədər çox vaxt keçmiş Novak televiziyada yayımlanan müraciətində istefa verib və üzr istəyib. O, səhvini boynuna alaraq heç vaxt uşaqlara fiziki, yaxud psixoloji təcavüz etdiyini düşündüyü heç kəsi bilərəkdən əfv etməyəcəyini deyib.

Baş verən hadisələr Macarıstan jurnalistikasının hətta qurumlaşdırılmış dəstək olmadan da çox güclü olduğunu göstərir.

Viktor Orban ümumi seçkilərdən sonra hakim Fides partiyasının tərəfdarlarına əl yellədir.
Viktor Orban ümumi seçkilərdən sonra hakim Fides partiyasının tərəfdarlarına əl yellədir.

Yeni qanun mediaya qarşı alət rolunu oynaya bilər

Orban müstəqil medianı sıxmaq üçün reklam yerləşdirmə, hökumət və qeyri-hökumət qurumlarının struktur dəyişikliyi kimi üsullardan yararlanaraq bir çox iri media qurumunun Fides müttəfiqlərinin əlinə keçməsinə şərait yaradıb. Avropa Birliyi və digər tənqidçilərin dediyinə görə, bu yaxınlarda qəbul edilən "suverenliyin müdafiəsi" qanunu mediada Orbanı ən çox tənqid edənlərə qarşı alət rolunu oynaya bilər.

Ancaq işinə sadiq olan az sayda müstəqil jurnalist YouTube, e-mail və yerli saytlar kimi rəqəmsal platformalardan yararlanaraq hökumətin Fides və onun məmurlarına qarşı tənqidi əzmək cəhdlərinə dirənir.

İstər immiqrasiyaya, istərsə LGBT qanunvericiliyinə qarşı çıxış etməklə Viktor Orban özünü ənənəvi ailə dəyərlərinin aşınmasının qarşısını alan sipər kimi göstərməyə çalışır. Bu yeni qalmaqalsa bilavasitə dövlət qurumlarının uşaqlara qarşı uzunmüddətli cinsi təcavüzü ört-basdır etməsinə yardım göstərmiş şəxsi əfv etməsi ilə bağlıdır. Başqa sözlə, bu qalmaqal Orbanın əsas mesajına və partiyasının mövqeyinə zərbə vura bilər.

İctimai qəzəb və Fides sıralarındakı həyəcan fonunda Orban Novakın istefasından bir gün öncə prezidentin əfv gücünün məhdudlaşdırılmasına dair konstitusiya düzəlişi təklif edəcəyinə söz verib.

Budapeştdə gey-parad
Budapeştdə gey-parad

Orban özünün bu təşəbbüsünü sosial mediada "pedofillər mərhəmət görməyəcəklər!" başlığı ilə yayıb. "Uşaqlara qarşı törədilmiş cinayət hallarında canilər əfv edilməyəcək!", - bu da onun sözləridir.

Orban Novakın siyasi ölümünü gözləyərkən eyni zamanda ortaq maraqları müdafiə edirmiş kimi görünməyə çalışırdı.

Ancaq artıq bir önəmli fiqur partiyanı tərk edib. Keçmiş ədliyyə naziri Varqanın keçmiş əri, uzun müddət Fidesin vəkili olmuş Peter Madyar Novak və Varqanın istefasından sonra qəzəb dolu müsahibə verərək açıq şəkildə Orban rejimindən ayrıldığını açıqlayıb.

Orbanın prezidentliyə gətirdiyi kadr

Fevralın 11-də "Partizan" adlı müstəqil YouTube kanalına müsahibəsində Madyar birbaşa Orbanı suçlamaqdan çəkinsə də, baş nazirin özünü əhatə etdiyi adamlara görə məsuliyyət daşıdığını deyib. O özünün heç kimi təhdid etmək istəmədiyini, ancaq dəyişiklik istədiyini söyləyib.

Öz əliylə seçib prezidentliyə gətirdiyi kadrın belə qalmaqala qarışaraq istefa verməli olması Orban üçün onsuz da qarışıq və çətin dövrə düşüb. Yaşayış xərclərinin artması nəticəsində yaranan böhran onsuz da həm Orban, həm də partiyasını çətin durumda qoyub.

Orban hələ də Avropa Birliyinin Ukraynanı dəstəkləməsinə qarşı mübarizəsini davam etdirir. Qərb isə onu Moskva ilə sıx əlaqələrinə görə tənqid edir.

XS
SM
MD
LG