Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 15:17

Orban İsveçin NATO üzvlüyünü sabotaj edir, müxalifət onu Putinə 'yarınmaqda' günahlandırır


Macarıstan parlamenti
Macarıstan parlamenti

Macarıstan parlamenti İsveçin NATO üzvlüyünə dair fevralın 5-ə təyin olunmuş səsverməni yetərsay olmamasına görə keçirə bilməyib.

Parlamentin iclasına Macarıstan Vətəndaş İttifaqı – FIDES partiyasından olan deputatlar gəlməyiblər.

Baş nazir Viktor Orbanın başçılıq etdiyi partiyanın mətbuat xidmətindən bildiriblər ki, deputatlar İsveçin NATO-ya ərizəsini əgər bu ölkənin baş naziri Ulf Kristerson əvvəlcə Orbanla görüşərsə müzakirə etməyə hazırdırlar.

Reuters agentliyinin yazdığına görə FIDES-dən bildirilib:

"Əgər bu məsələ isveçlilər üçün vacibdirsə, onda yəqin ki, bu ölkənin baş naziri Budapeştə gələr”.

Bundan əvvəl Kristerson Orbanın dəvətini rədd etmiş və bildirmişdi ki, iki ölkə qarşılıqlı məsələləri Brüsseldə müzakirə edə bilər.

“Putinin xoşuna gəlmək”

Bu da xəbər verilir ki, İsveçin NATO üzvlüyünə baxılması üçün parlamentin növbədənkənar iclası müxalifət partiyalarının təşəbbüsü ilə çağırılmışdı.

Lakin göründüyü kimi hakim FİDES-in deputatları bu səsverməni faktiki olaraq boykot ediblər.

İndi bu məsələ bir də parlamentin növbəti iclaslarından birində müzakirə oluna bilər. Növbəti sessiya fevralın sonlarında başlanır.

Macarıstanın müxalifət partiyaları Macarıstan Vətəndaş İttifaqının davranışını pisləyiblər.

Demokratik koalisiyadan Aqneş Vaday deyib ki, “Orban NATO-nun birliyini pozmaqla Putinin xoşuna gəlməyə çalışır”.

Uzun müddət neytral xarici siyasət yürüdən İsveç NATO üzvlüyünə ərizəni Finlandiya ilə eyni vaxtda, 2022-ci ilin yazında Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən sonra verib.

Macarıstan nədən narazıdır?

NATO üzvlüyünə qəbul üçün alyansın bütün üzvlərinin razılığı zəruridir. Finlandiya alyansa qoşulanadək üzvlərin sayı 30 idi. İsveçin NATO üzvlüyü məsələsi Türkiyə və Macarıstanın tutduğu mövqeyə görə ləngiyirdi.

Türkiyə İsveçin üzvlük sənədlərini bu ilin yanvarında ratifikasiya edib.

Beləliklə Macarıstan hazırda İsveçin NATO üzvlüyünü əngəlləyən yeganə ölkədir.

Amma əgər Türkiyə İsveçi Ankarının terrorçu saydığı qruplaşmaları və şəxsləri himayə etməkdə günahlandırırdısa, Budapeşt İsveç siyasətçilərinin Macarıstanda insan haqlarının vəziyyətini tənqid etməsindən narazıdır.

Viktor Orbanın hökuməti Rusiyanın Ukraynaya hücumundan sonra da Moskva ilə əlaqələrini kəsməyib, Rusiya üzərinə sanksiyaların qoyulmasına və Ukraynaya dəstək verilməsinə qarşıdır.

XS
SM
MD
LG