Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:49

Macarıstan lideri qaçqınları 'müsəlman işğalçılar' adlandırıb


Viktor Orban

Ölkəsində növbəti seçkilərə az qalmış Viktor Orban yenidən miqrantlara hücumu gücləndirir.

«The Huffington Post» yazır ki, Macarıstanın dalaşqan baş naziri Viktor Orban yeni ili qızışdırıcı nitqlərlə başlayıb. O, müharibədən canını qurtararaq Macarıstana gələn Suriya qaçqınlarını «müsəlman işğalçılar» adlandırıb.

Orban Avropa Birliyinin (AB) qaçqın siyasətini hədəfə almaqla ad çıxarıb. AB qitəyə pənah gətirmiş qaçqınların ölkələr arasında paylaşdırılması zamanı Macarıstandan 1300 qaçqını qəbul etməyi tələb etmiş, Orban-sa buna qəti etirazını bildirmişdi. O, sərhədləri hasarlamağa milyonlarla dollar vəsait xərcləyib, miqrantları isə «zəhər» adlandırıb. Ancaq onun bu son replikası dini və millətçi hisslərə toxunduğuna görə daha gözəçarpandır.

«Multikulturalizm illüziyadır»

«Biz bu adamları müsəlman qaçqınlar hesab etmirik. Biz onları müsəlman işğalçılar kimi görürük. Məsələn, siz Suriyadan Macarıstana gələ bilmək üçün dörd ölkədən keçməlisiniz. Onların hər biri Almaniya qədər zəngin olmasa da, sabitdir. Yəni, həmin ölkələrdə onlar artıq həyatlarına görə narahat olmaya bilərlər.

...Biz inanırıq ki, çox sayda müsəlmanın olması mütləq paralel cəmiyyətlərə yol açacaq. Çünki xristian və müsəlman cəmiyyətləri heç vaxt birləşməyəcək... Multikulturalizm illüziyadır», – Orban deyib.

Qaçqın-miqrantlar Budapeştdə macar hökumətinin miqrasiya siyasətinə etiraz edirlər.
Qaçqın-miqrantlar Budapeştdə macar hökumətinin miqrasiya siyasətinə etiraz edirlər.

«The Huffington Post» yazır ki, Orban-ın miqrantlara yeni hücuma başlaması Macarıstanda martda baş tutacaq seçkilər kontekstində nəzərdən keçirilməlidir. Orban və onun sağçı-populist «Fidesz» partiyasının seçkidə qalib gələcəyi gözlənilir. Baş nazir adəti üzrə bu çıxışlarla ifrat sağçıları və immiqrasiya ilə bağlı cəmiyyətdə mövcud qorxu hisslərini hədəfləyir. Orban dörd il ərzində ölkədə islama və qaçqınlara qarşı hisslər hesabına həm öz partiyasının siyasi bazasını möhkəmləndirə, həm də daha millətçi baxışlara malik partiyalara üstün gələ bilib.

«Xalqın iradəsi»

«Pew» Tədqiqat Mərkəzinin 2016-cı ilə aid hesabatında deyilir ki, Macarıstanda qaçqınlar və azlıqlarla bağlı neqativ baxışlar Avropa Birliyi üzvü olan ölkələr arasındakı orta statistik göstəricidən yuxarıdır.

Müsəlmanlar Macarıstan əhalisinin cəmi 0.4 faizini təşkil etsə də, Orban dəfələrlə onları ölkənin xristian kimliyinə təhlükə adlandırıb. O bu iddianı «xalqın iradəsi» kimi qələmə verdiyi populist baxışları ilə birlikdə səsləndirir.

Son ay ərzində baş nazir bu ritorikasını daha da sərtləşdirib. Bu yaxınlarda o, AB-nin miqrasiya siyasətinin iflasa uğraması haqda iddiasını təkrarlayıb. Orban həmçinin iddia edib ki, bu yaxınlarda Avropanın digər yerlərində, məsələn, Avstriyada keçirilmiş seçkilərdə ifrat sağçıların uğur qazanması onun antiimmiqrasiya siyasətinin bütün AB-yə yayılacağının sübutudur.

«İnanıram ki, 2018-ci il Avropada xalqın iradəsinin bərpası ili olacaq», – Orban bu ay deyib.

Çətin iş

Orban-ın yenidən qızışmış ifrat çağırışları Avropa liderlərinə bir daha xatırladır ki, 2018-ci ildə get-gedə daha da aqressivləşən, hakimiyyəti mərkəzləşdirməyə və AB-nin humanitar siyasətinə dirəniş göstərməyə can atan hökumətlərlə, məsələn, Macarıstan və Polşayla dil tapmaq asan olmayacaq.

AB artıq qaçqınların qəbulundan imtina edən və akademik təsisatları hədəfləyən Macarıstan hökumətinə qarşı qanuni tədbirlər görməyə başlayır. Macarıstanda ötən ilin yazında qəbul edilmiş yeni qanuna görə, ölkədə akkreditasiya olunmuş xarici universitetlərin təmsil etdikləri ölkədə bazası olmalıdır. AB bu qanunu milyarder George Soros-un təsis etdiyi Mərkəzi Avropa Universitetini bağlamaq cəhdi kimi görür.

Bu il Fransa və Almaniyanın «Brexit» və qaçqın böhranının dərin çatlar yaratdığı Avropa Birliyində yeniləmə və modernləşdirmə işləri aparacağı gözlənilir. Böyük ehtimalla, Almaniya və Fransa hökumətlərinin iqtisadi inteqrasiya və siyasi əməkdaşlığı gücləndirmək planı fonunda Orban vətəndə daha çox dəstək qazanmaqdan ötrü özünü Brüssel rəsmilərinin əsas müxalifi kimi göstərməyə çalışacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG