Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:09

Mərakeş də İsraili tanıdı


Mərakeş kralı 6-cı Məhəmməd
Mərakeş kralı 6-cı Məhəmməd

İsrail və Mərakeş dekabrın 10-da ABŞ-ın vasitəçiliyi ilə aralarındakı münasibətləri normallaşdırmaq barədə razılaşma əldə etdiklərini bildiriblər.

Beləliklə, Mərakeş son dörd ayda İsraili rəsmən tanıyan dördüncü ərəb ölkəsi olub.

Reuters agentliyinin yazdığına görə bu razılaşmanın bir hissəsi kimi ABŞ prezidenti Donald Tramp ölkəsinin ənənəvi mövqeyini dəyişərək Mərakeşin Qərbi Saxara üzərində suverenliyini tanıyıb.

Səhralıqdan ibarət olan Qərbi Sahara onilliklərdir ki, Mərakeşlə Əlcəzair tərəfindən dəstəklənən Polisario Cəbhəsi arasında mübahisə obyektidir.

Bu təşkilat ərazinin müstəqüil dövlət kimi tanınmasına çalışır.

Tramp bu barədə razılaşmanı Mərakeş kralı 6-cı Məhəmmədlə telefon vasitəsilə imzalayıb.

O bu barədə yazdığı tvitdə bilirib:

“Daha bir TARİXİ uğur! Bizim iki BÖYÜK dostumuz – İsrail və Mərakeş krallığı aralarında tam diplomatik münasibətlərin qurulmasına razılaşıblar – bu Yaxın Şərqdə nəhəng uğurdur!”

Mərakeş ötən avqustdan bəri İsrail dövlətini rəsmən tanıyan dördüncü ölkə olub.

Bundan əvvəl İsraillə diplomatik münasibətlərin qurulması barədə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Sudan saziş imlzalamışdılar.

Fələstinlilər və Ərəb Liqası işğal olunmuş Fələstin torpağı azad edilməyənədək İsraillə diplomatik münasibətlərin qurulması əleyhinədir.

Tam diplomatik münasibətlər

Mərakeş və İsrail arasında razılaşma ABŞ prezidenti Trampın hakimiyyət müddətinin başa çatdığı bir vaxtda əldə olunub.

Ərəb ölkələri ilə İsrail arasında vasitəçiliklə Trampın kürəkəni və Yaxın Şərq üzrə müşaviri Cared Kuşner və səfir Avi Berkovitz məşğul olurlar.

Kuşner jurnalistlərin suallarına cavab verərkən bildirib ki, indi Səudiyyə Ərəbistanının da İsraili tanıması qaçılmaz olub.

Razılaşmaya əsasən Mərakeş İsraillə tam diplomatik münasibətlər quracaq. Bu, hər iki ölkədə səfirliklərin açılmasını və iki ölkənin təyyarələrinə bir-birinin milli hava məkanlarında uçmaq icazəsinin verilməsini nəzərdə tutur.

Kuşner müxbirlərə bildirib ki, İsrailin səfirliyi Rabat şəhərində, Mərakeşin səfirliyi isə Tel-Əvivdə açılacaq.

Qərbi Saharanın məsələsi

Təhlilçilər bildiriblər ki, Tramp Mərakeşin İsraili tanıması üçün Qərbi Saxara üzərində Mərakeşin suverenliyini tanımalı olub.

Rabatda yerləşən Mərakeş kral sarayı bildirib ki, əldə olunmuş razılaşmaya əsasən ABŞ Qərbi Saharada özünün konsulluğunu açacaq.

Ağ Ev bildirib ki, o Qərbi Saharada münaqişənin başa çatması üçün orada müstəqil Səhravi dövlətinin qurulmasını yox, bölgəyə Mərakeş daxilində muxtariyyət verilməsini məqsədəuyğun sayır.

Vaşinqton 1991-ci ildə Mərakeş və Polisario Cəbhəsi arasında atəşkəsi dəstəkləmişdi. Lakin ötən ay sərhəddə baş vermiş toqquşmadan sonra Polisario bu razılaşmadan çıxıb.

Tramp administrasiyası Səudiyyə Ərəbistanının da İsraili tanıması üçün diplomatik səylər göstərsə də, ər-Riyad hələ buna hazır olmadığını bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG