Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:14

'Mən Azərbaycana xəyanət etməmişəm'


Məhbus
Məhbus

Sumqayıt sakini olan 35-yaşlı Orxan Rzaquliyev iki ildir ki, həbsdədir. O, dövlətə xəyanətdə suçlanır. İddia olunur ki, silah-sursat da saxlayıb. Ona 16 il həbs cəzası kəsilib. Amma özü bu hökmün əsassız, Azərbaycana xəyanət etməsi haqda orada yazılanların da yalan olduğunu deyir.

O.Rzaquliyev apellyasiya şikayəti versə də, təmin olunmayıb, hökm qüvvədə saxlanıb. İndi iş Ali Məhkəmədədir, iyunun 30-da onun kassasiya şikayətinə baxıb qərar verəcək. O.Rzaquliyev bu ərəfədə prezidentə məktub yazıb, istəyir ki, onun nəzarətində bu işə obyektiv baxılsın, həqiqət ortaya çıxsın.

Cinayət işinin materiallarında yazılıb ki, O.Rzaquliyev İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə pula görə əməkdaşlıq edib. SEPAH əməkdaşlarından aldığı pul qarşılığında ona Azərbaycandakı bəzi obyektlərin fotosunu çəkib göndərmək, Bakıda rəhbəri milliyyətcə yəhudi olan klinikanın həkimlərini izləmək, onlarla yaxın münasibət qurmaq kimi tapşırıqlar verilib. İddia olunur ki, klinikada çalışanlar, ora gəlib-gedənlərlə bağlı daha yaxşı müşahidə aparmaq üçün O.Rzaquliyev tibb mərkəzinin yaxınlığında yerləşən kafeni icarəyə götürüb. Kafenin 500 manat icarə haqqını isə İranın xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı pulla ödəyib.

İstintaqa ifadəsində deyilir ki...

O.Rzaquliyevin istintaqa ifadəsində göstərilib ki, anası xəstə olub, pula ehtiyac üzündən qonşu ölkənin xüsusi xidmət orqanlarıyla əməkdaşlığa razılıq verib. Həmin ifadədə yazılıb ki, anası ağır xəstəlikdən əziyyət çəkdiyi üçün İrana aparıb. Anasını Bakıya yola salsa da, pulsuzluq üzündən özü qayıda bilməyib, İranda qalıb. Həmin vaxt bir nəfərdən təxminən 50 manat ekvivalentində İran pulu borc alıb. Bundan sonra onun əməkdaşlıq təklifini qəbul edib.

O.Rzaquliyevin ifadəsinə görə, ona fars dilində bir sənəd verilib. O da sağ baş barmağını mürəkkəbə batırmaqla sənədi imzalayıb. Bundan sonra ona 500 manata bərabər məbləğdə İran pulu verilib. O da həmin vəsaiti sərhəddə dəyişib, Azərbaycana qayıdıb.

Ona verilən ilk tapşırıq isə Bakıda fəaliyyət göstərən şirkətə gedib ora işə düzəlməyə çalışmaq, şirkətin iranlı sahibi haqda məlumat toplamaq olub. Bu işi bacarmayanda isə klinika ilə bağlı tapşırıq ortaya çıxıb.

O.Rzaquliyev isə bildirir ki, bu ifadəni təzyiq altında imzalamaq məcburiyyətində qalıb, ifadədə yazılanlar yalandır.

"İstintaq və məhkəmə orqanları bu cür cinayət işləri, belə hökmlərlə iki ölkə arasındakı münasibətlərə xələl gətirirlər. İddia edirlər ki, SEPAH əməkdaşları ilə işbirliyinə girib, Azərbaycanın suverenliyi, təhlükəsizliyi əleyhinə işlər görmüşəm. Mən bu cür fəaliyyətlə məşğul olmamışam, dövlətimə xəyanət etməmişəm. İki ölkə arasında münasibətlərə xələl gətirəcək bu cür yalanların özü təxribatdır. Xahiş edirəm, bu iş nəzarətə götürülsün, obyektiv araşdırılsın", - O.Rzaquliyev prezidentə məktubunda yazır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG