Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Məktəblərdə rus bölməsi pullu olsunmu


Məktəb
Məktəb

«Azərbaycanda rus bölmələrinin pullu olması absurddur. Bu, həm insan haqlarına, həm də Konstitusiyaya ziddir», – keçmiş təhsil naziri Firudin Ağasıoğlu rus bölməsində təhsilin pullu edilməsi təklifinə belə münasibət bildirir. O deyir ki, 1992-ci ildə «Təhsil haqqında» qanunu hazırlayanda təhsilin 30 faiz ödənişli, 70 faiz dövlət hesabına ödənişsiz olmasını nəzərdə tutublarmış: ​«Biz o zaman pullu təhsili ona görə nəzərdə tutmuşduq ki, universitetlərin imkanı yox idi, müəllimlərə maaş vermək lazım idi, məcburiyyət qarşısında bu qərarı vermişdik. Amma indi, maşallah, ölkənin pulu aşıb-daşır, neftdən, ayrı sahələrdən pulu gəlir. Dövlət əhalisini pulsuz təhsillə təmin etməyə məcburdur».

Bu fikrin davamı olaraq təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, Azərbaycan Konstitusiyasına və «Təhsil haqqında» qanuna görə, dövlət məktəblərində təhsil pulsuzdur və bu baxımdan, rus bölməsində təhsilin ödənişli olmasına da heç bir əsas yoxdur. K.Əsədov dünyada da belə təcrübə olmadığını qeyd edir: «Dünya təcrübəsinə görə, orta məktəbdə uşağa bir, ya iki xarici dil pulsuz öyrədilir. Məsələn, Azərbaycanda dövlət siyasətinə uyğun olaraq dövlət təhsil müəssisələrində ispan dili öyrədilmir, amma özəl müəssisələrdə tədris edilir, valideyn maddi durumuna uyğun olaraq uşağını ora yönləndirə bilər. Amma dövlətin siyasətinə uyğun olaraq dövlət məktəblərində ingilis dili kütləvi tədris olunur, müəyyən bir qismə rus dili, az hallarda alman, fransız, ərəb dilləri öyrədilir. Dövlətin ehtiyacı olan dillər bu sahə üzrədir. Buna görə də rus dilinin pullu edilməsi dövlət siyasətinə ziddir».

K.Əsədov
K.Əsədov

Deputat: «...yaxşı olardı ki, başqa ölkələrin təcrübəsini də öyrənəydilər»

Azərbaycanda orta məktəblərdə rus bölməsinin pullu olması təklifinin müəllifi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Kamilə Əliyevadır. Məsələ bundadır ki, son günlər bəzi valideynlər rus bölməsində sıxlıq olduğundan uşaqlarının yaxınlıqdakı məktəblərə qəbul edilməməsi ilə bağlı narazılıqlarını həm KİV-də, həm də sosial mediada müzakirəyə çıxarıblar.

Deputat K.Əliyeva bununla bağlı oxu.az saytına deyib: «Uşaqlarını rus məktəblərində yerləşdirə bilmədikləri üçün hay-küy salan, az qala, aləmi bir-birinə vuran insanlarımız yaxşı olardı ki, başqa ölkələrin təcrübəsini də öyrənəydilər və biləydilər ki, orada xarici dil üçün dövlət pullu təhsil-tədris keçirir. Dövlət müəyyən qədər əlavə vəsait ayırır və məhz o vəsaitə uyğun şəkildə də yerləşdirmələr aparır, yəni, heç də hər kəs övladını xarici dildə tədris keçirən məktəbdə oxuda bilmir. Odur ki, bizdə də, nəhayət, bu təcrübədən istifadə etmək, yararlanmaq olar və vacibdir».

AzadlıqRadiosuna danışan təhsil üzrə ekspertlər hesab edirlər ki, əvvəla, dövlət müəssisələrində pullu təhsildən söhbət gedə bilməz. İkincisi də, rus bölməsinə son illər artan tələbatın səbəblərini araşdırmaq və aradan qaldırmaq lazımdır ki, Azərbaycan bölməsindən qaçaq düşənlərin sayı azalsın.

K.Əsədovun fikrincə, problemi həll etməyin yolu var. Ekspert deyir ki, son illər rus bölməsinə müraciətlər artdığından sıxlıq yaranıb, həmin məktəblərə əlavə müəllim qəbul etməklə süni sıxlıq aradan qaldırıla bilər. İkincisi də, rus bölməsinə seçim müsahibə və müsabiqə yolu ilə aparılmalıdır. O hesab edir ki, rusca anlayışı olmayan, danışmayan uşaqlar rus bölməsinə götürülməməlidir.

F.Ağasıoğlu
F.Ağasıoğlu

«Sayını azaltmaq lazımdır»

F.Ağasıoğlu hesab edir ki, rusdilli məktəblərin sayını həddindən artıq azaltmaq və Azərbaycan bölməsində keyfiyyətli təhsil vermək lazımdır: «Valideynlər baxır ki, rusdilli məktəblərdə qanun-qayda var, rüşvət yoxdur, müəllimlərin şagirdlə, valideynlə münasibəti normaldır, şagirdlərdə oxumağa həvəs oyadırlar. Amma Azərbaycan bölməsində müəllimlər – əlbəttə, bu hamısına aid deyil – təəssüf ki, işlərinə vicdanla yanaşmırlar, xala xətrin qalmasın deyə, dərsə girirlər, oxumağa həvəsi öldürürlər. Bunu görən valideyn də istəyir ki, uşağını rusdilli məktəbə qoysun. Bunun qarşısını almağın da bir yolu var, Azərbaycan məktəblərində təlimin, tərbiyənin səviyyəsini qaldırmaq lazımdır. Bunu etməyən direktor məktəbdən atılmalıdır. İslahat belə aparılmalıdır, kağız üzərində yox».

Təhsil üzrə ekspert K.Əsədov da valideynlərin seçimini başadüşülən sayır, o da Azərbaycan dilində dərsliklərdə qüsurlar olduğunu qeyd edir, rusca dərsliklərinsə keyfiyyətli, şagirdin yaşına, psixologiyasına uyğun olduğunu, daha dolğun, gərəkli informasiya verdiyini bildirir: «Eyni zamanda, vacib bir nüans da odur ki, rus bölməsini bitirən abituriyentlər ali məktəbə daha rahatlıqla qəbul ola bilirlər, Azərbaycan bölməsində 400-500 balla qəbul aparılan ixtisaslara onlar 250-300 balla girə bilir. Burda abituriyent sayı azdır deyə, valideynlər özlərini gələcəkdə sığortalamağa çalışırlar».

Hələlik, Təhsil Nazirliyi müzakirə olunan təklifə münasibətini bildirməyib. Təklif müəllifi K.Əliyeva da AzadlıqRadiosunun suallarını cavablandırmayıb.

Azərbaycanda orta məktəblərdə rus bölmələrinin bağlanması zaman-zaman müzakirəyə gəlir. Həmin təklifə tərəfdar olanların fikrincə, bu, rus imperiyasının təsirindən qurtulmağın ən yaxşı yoludur və üstəlik də, tədris ancaq dövlət dilində olmalıdır. Digərlərinin arqumenti belədir ki, Rusiya Azərbaycanın şimal qonşusudur və ünsiyyət üçün bu dili öyrənməyə gərək var, üstəlik də, rus dili böyük elmi, bədii ədəbiyyata çıxış imkanı yaradır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG