Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 05:08

Məhkəmələrdə audioyazıya niyə icazə verilmir


Diktofon

Azərbaycanda məhkəmələr barədə əsas şikayətlərdən biri proseslərdə baş verənlərin (dindirmələr, izahatlar və s.) iclas protokollarında təhrif olunmuş şəkildə əksini tapmasıdır. Vəkillər sonradan belə problemlə qarşılaşmamaq üçün vəsatət verirlər ki, prosesin audio və ya videoyazısına icazə verilsin. Bu halda protokolda yazılanları müqayisə etmək imkanı yaranır, həqiqəti üzə çıxarmaq asan olur. Qanunvericilik audio- və ya videoyazıya icazə məsələsi ilə bağlı hakimə müstəsna səlahiyyət verirdi. Hakimlər də demək olar ki, heç vaxt bu barədə vəsatəti təmin etmirdi.

Qanuna salınıb, amma...

2019-cu il aprelin 3-də prezident İlham Əliyevin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanda yer alan ümidverici məqamlardan biri də məhkəmə proseslərinin audioyazısıyla bağlı idi. Fərmandakı bu tövsiyə bu ilin iyulunda qanuna daxil edildi. Öncə məhkəmə proseslərinin fasiləsiz audioyazısı yalnız iqtisadi xarakterli mübahisələrə dair işlərə aid edilirdisə, qanun eyni yanaşmanı cinayət işləri ilə bağlı məhkəmələr üçün də qətiləşdirdi.

Deputatdan təklif: Avropa məhkəməsinin cəriməsini hakimlər özü ödəsin
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Cinayət Prosessual Məcəllənin 51.6-1 maddəsində yazılıb: "Məhkəmə iclasında sədrlik edən iclasların fasiləsiz audioyazısının aparılmasını təmin edir. Cinayət prosesinin tərəflərini və cinayət prosesində iştirak edən digər şəxsləri audioyazının aparılması barədə xəbərdar edir. Məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edilir. Audioyazı barədə məlumat məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında ona əlavə olunur. Məhkəmə iclasının protokolu və audioyazısı arasında ziddiyyət olduğu halda, məhkəmə iclasının audioyazısına üstünlük verilir".

Vəsatətlər rədd olunur

Bu əlavədən dörd aydan çox vaxt keçsə də, müşahidələr qanunun bu tələbinin hələ də işlək olmadığını göstərir. Qanun hakimin üzərinə audioyazı aparmaq və protokola əlavə etmək öhdəliyi qoyur. Reallıqda isə hakimlər nəinki öz təşəbbüsüylə bunu eləmir, hətta vəkillər bu məsələni qaldıran da "yox" cavabı alırlar. Məsələn, oktyabrda Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərov və digərlərinin məhkəməsində vəkillər audioyazı barədə vəsatət qaldırmışdılar. Əsaslandırarkən vurğulamışdılar ki, bu, həm ictimaiyyətin diqqətində olan prosesdir, həm də təqsirləndirilən şəxslərin, şahidlərin sayı çoxdur, işin həcmi böyükdür. Yəni, katib protokolları hazırlayarkən istəmədən də yanlışlara yol verə bilər. Amma Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev vəsatəti təmin etmədi.

Eyni hal avqustda siyasi fəal Tofiq Yaqublunun işində - Nizami rayon Məhkəməsində də müşahidə olunmuşdu. Vəkillərin audioyazı barədə vəsatəti rədd edilmişdi.

Ə.Mustafayev
Ə.Mustafayev

Məhkəmənin keçirilməsinə etiraz edib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Məhəmməd İmanlının vəkili Əsabəli Mustafayev isə bugünlərdə məhz qanunun bu tələbinə əməl olunmamasına görə məhkəmə prosesinin keçirilməsinə etiraz edib. Bu barədə AzadlıqRadiosuna cəbhəçi gəncin atası Ramiz İmanov məlumat verib: "Vəkil məhkəmədə məsələ qaldırdı ki, qanunun tələbi varsa, ona əməl olunmalıdır. Hakim əsaslandırdı ki, texniki baxımdan mümkün deyil. Vəkil də bildirdi ki, qanunun qəbulundan xeyli vaxt keçib, texniki məsələlər bu müddətdə həll olunmalıydı. Məhkəmə zalında səsyazma qurğusu yoxdursa belə, başqa hansısa formada bunu təmin etmək olar".

Vəkil Ə.Mustafayev özü də AzadlıqRadiosuna bunu təsdiqləyib. Vəkil bildirib ki, müdafiə tərəfi protokollarda ifadələrin təhrif olunması problemi ilə tez-tez qarşılaşır. Ona görə də audioyazı vasitəsilə mümkün saxtakarlıq hallarından sığortalanmaq istəyir: "Qanuna bu əlavə bütün vəkillər üçün sevindirici hal idi. Çünki protokollara saysız-hesabsız iradlar olurdu. Bilərəkdən və ya bilməyərəkdən edilən təhrifləri sübut etmək imkanımız da yox idi. Yanlışlarla bağlı protokollara qeydlərimizi verirdik, təmin olunmurdu. Protokolu da hakim tutur, iradlarla bağlı qeydlərə də hakim baxır, onun özünün öz səhvini etiraf edəcəyini düşünmək sadəlövhlük olar. Elə olub ki, məhkəmədə hətta vəkil olaraq mənim dediklərimi də təhrif ediblər. Audioyazı obyektiv sübutdur, təəssüf ki, hələ işləmir".

"Məhkəmə proseslərinin hamısı yazılır"

Ali Məhkəmədən AzadlıqRadiosuna bildirilib ki, qanunun bu tələbinin icrası ilə bağlı müəyyən addımlar atılıb, bu istiqamətdə işlər davam etdirilir: "Ali Məhkəmədəki məhkəmə proseslərinin hamısı yazılır. Kommersiya məhkəmələrində də audioyazı aparılır, disk şəklində protokola əlavə olunur. Bir çox məhkəmə zallarında buna şərait yoxdur, amma hazırlıqlar gedir. Məsələn, Bakı Apellyasiya Məhkəməsində yeni zallar hazırlanır. Tədricən proses başa çatdırılacaq".

Sizdən olsaydı məhkəmələrdə nəyi dəyişərdiz?
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Adının çəkilməsini istəməyən hakim isə AzadlıqRadiosuna bildirib ki, məhkəmə iclaslarının böyük əksəriyyətində hakimlər telefon və ya başqa səsyazma qurğuları vasitəsilə qeyri-rəsmi şəkildə audioyazı aparır: "Yeni tikilən məhkəmə binalarında (Bakının Yasamal, Sabunçu, Binəqədi rayon məhkəmələri və s.) zallarda quraşdırılan kameralar həm görüntünü çəkir, həm də səsi yazır. Köhnə binalarda da hakimlər özləri üçün yazır. Amma bu halda səsyazma protokollaşdırılmır. Protokollaşdırılanda sonradan təqsirləndirilən şəxsə, vəkilinə də təqdim olunmalıdır".

Rəsmilər "Məhkəmə-hüquq sistemində islahatlarının dərinləşdirilməsi haqqında" Fərmanın ölkənin məhkəmə-hüquq sistemində köklü dəyişikliklərə gətirib çıxaracağını iddia edirdilər. Alternativ ekspertiza institutunun tətbiqi, məhkəmə iclaslarının audioyazısına icazə və s. məqamların fərmanda əksini tapması problemlərin həllini tapacağına ümid yaradırdı. Ancaq müşahidəçilər gözləntilərin hələ də tam doğrulmadığını deyirlər.

XS
SM
MD
LG