Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Məhkəmədə Hüseyn Abdullayevin anasına təcili yardım çağırılıb


H.Abdullayev
H.Abdullayev

Bugün, sentyabrın 19-da keçmiş deputat Hüseyn Abdullayev və daha bir neçə şəxsə dövlət ittihamçısı cəza istəyib.

Bu barədə AzadlıqRadiosuna təqsirləndirilən şəxslərin vəkilləri məlumat verib.

H.Abdullayevdən başqa, bu iş üzrə onun anası, başqa iş adamları və Dövlət Sərhəd Xidmətinin (DSX) mühakimə olunan bir neçə keçmiş əməkdaşına da cəza istənilib.

«Prokuror çıxış edərək Hüseyn Abdullayevin 8 il, Namiq Babayevin 8 il, İntiqam Süleymanovun 6 il, Nazim Əliyevin 6 il azadlıqdan məhrum edilməsini istədi. Keçmiş DSX əməkdaşlarına 4 il sınaq müddəti olmaqla, şərti cəza, H.Abdullayevin anası Zeynəb Abdullayevanın isə 5 min manat cərimələnməsini gərəkli saydı», - müdafiə tərəfi bildirib

Vəkillərin deməsinə görə, prokurorun çıxışı zamanı H.Abdullayev ittihamın yalan, qondarma olduğunu bildirib. Onun prokurorun çıxışına etirazı hakimin qərari ilə zaldan çıxarılmasına səbəb olub.

«Report» agentliyinin xəbərinə görə isə, bu zaman H.Abdullayevin anasının ürəyi gedib. Məhkəməyə təcili yardım çağırılıb.

Təqsirləndirilən şəxslərin müdafiəçiləri çıxış üçün vaxt istəyiblər.

Proses sentyabrın 26-da davam etməlidir.

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilib.

İttihamda yazılıb ki, müxtəlif adamların şikayətləri əsasında 2018-ci ildə cinayət işi başlanıb. 2006-cı ildən H.Abdullayevin nəzarətində olduğu bildirilən «Araz-İnşaat» ASC ilə bağlı araşdırma aparılıb. Səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyinin üzə çıxarıldığı iddia olunur. Təqsirləndirilən şəxslərdən N.Babayev sabiq deputatla əlbir olub səhmdarları aldatmaqda ittiham edilir. H.Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb.

Anası isə Cinayət Məcəlləsinin (CM) 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə təqsirləndirilir. Z.Abdullayeva həbsdə deyil, onun barəsində ev dustaqlığı-qətimkan tədbiri seçilib. Onun bacısının pasportu ilə ölkədən qanunsuz çıxmasına yardım etməkdə suçlanan keçmiş sərhədçilər - Həbib İbrahimov, Zaur Quliyev Pərviz Kazımov əvvəlcə həbs olunsalar da, aprelin 2-də məhkəmənin hazırlıq iclasında ev dustaqlığına buraxılıblar. H.Abdullayev məhkəmənin hazırlıq iclasında özünü təqsirli bilmədiyini, siyasi motivlərlə həbs olunduğunu bildirib.

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı deputat H.Abdullayev ilə Ana Vətən Partiyasının sədri F.Ağamalı arasında fiziki qarşıdurma baş verib, hər iki deputat əlbəyaxa olmuşdu. Bundan sonra Abdullayevin mandatı əlindən alınıb, daha sonra isə o, həbs olunmuşdu. Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə H.Abdullayevin «Susma» adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu bildirilirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG