Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Məhkəmə vətəndaşın puluna qalıb?


Hakim
Hakim

"Təklif olunan məhkəmə rüsumlarının məbləğləri çox şişirdilib" – hüquqşünas Samirə Ağayeva məhkəmə rüsumlarının artırılması ilə bağlı "Dövlət rüsumu haqqında" Qanuna və Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişikliklərdən danışarkən belə söyləyir. Hüquqşünas hesab edir ki, buna heç bir ehtiyac yoxdur.

"İstənilən halda onların maaşları qalxıb"

Təklif müəllifləri bunu məhkəmə-hüquq sistemində islahatlarla əlaqələndirir, artırılan məhkəmə rüsumlarının 50 faizinin məhkəmə aparatı işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcəyini bildirirlər.

Amma hüquqşünas S.Ağayeva son vaxtlar hakimlərin və məhkəmə işçilərinin əmək haqlarının bir neçə dəfə qaldırıldığını xatırladır: "Yəni, istənilən halda onların maaşları qalxıb, iddia ərizələrinə görə rüsumlar isə dövlət büdcəsinə gedir. Bu pul isə nəyə xərclənir, məlum deyil".

F.Mustafa
F.Mustafa

Milli Məclisin deputatı Fazil Mustafanın da məsələyə yanaşması eynidir: "Dövlət rüsumlarının qaldırılması siyasəti, əslində, problemli bir məsələdir. Burada bir çox qurumlara müəyyən vəsaitin, yəni, 25 faizin onların hesabına köçürülməsi siyasəti də yanlışdır".

Deputatın qənaətincə, əsas odur ki, tətbiq olunan qaydalar effektiv olsun və insanlar buna əməl etsinlər: "Vətəndaşın cibindən nə qədər çox vəsait çıxırsa, bir o qədər qanuna qarşı aqressiya nümayiş etdirir. Burada hədəf vətəndaşı cərimələmək olmamalıdır. Hədəf onun qanunlara əməl etməsini təmin etmək olmalıdır".

S.Ağayeva
S.Ağayeva

"...mülkiyyət iddiası qaldırmaq hüququndan məhrum olunacaq"

Hüquqşünas S.Ağayeva hesab edir ki, rüsumların bu dərəcədə qaldırılması məntiqə uyğun deyil: "Mülkiyyət hüququna aid iddia ərizələrinə görə rüsumların 100 manata qaldırılması heç düzgün deyil. Əgər rüsum 100 manatdırsa, bu, ölkədəki yaşayış minimumun 50 faizi deməkdir. 2021-ci ilin yanvar ayından ölkə üzrə yaşayış minimumu 196 manat təyin olunub. Rüsum 100 manatdırsa, bu, onun 50 faizidir. Bu halda bir çox vətəndaş məhkəmədə mülkiyyət iddiası qaldırmaq hüququndan məhrum olunacaq".

Dəyişikliklər qəbul olunsa, 100 minlik iddia qaldıran şəxs 390 manatdan çox rüsum ödəməli olacaq.

Z.Oruc
Z.Oruc

Deputat: "Biz bunu dəstəkləməliyik"

Dəyişikliklər iyunun 25-də parlamentdə də müzakirə olunur. APA-nın məlumatına görə, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, vətəndaşların hesabına məhkəmə aparatı işçilərinin sosial durumunun yaxşılaşdırılması prinsipi düzgün deyil.

Deputat Azay Quliyev layihənin məqsədinin insanların məhkəməyə etimadını artırmaq olduğunu diqqətə çatdırıb: "Məsələn, hazırlıq institutları gücləndirilir. Yazılı icraat institutu da yeni institut olacaq. İnsanlar yazılı şəkildə hüquqi arqumentlərini təqdim edirlər və şəffaflıq da artır. Digər tərəfdən, əsassız vəsatət qaldırılmasına görə cərimə müəyyənləşirsə, məqsəd belə əsassız halların qarşısını almaqdır. Ona görə də biz bunu dəstəkləməliyik".

Ç.Əsgərov
Ç.Əsgərov

"Sırf bu formallığı aradan qaldırmaq üçündür"

"Kənardan elə təəssürat yarana bilər ki, bu qanun layihəsi məhkəmələrin işlərini yüngülləşdirmək və gəlirlərini artırmaq niyyəti güdür. Amma bu, ilk növbədə vətəndaşların hüquqlarının müdafiəsinə yönəlib" - parlament müzakirəsi zamanı Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov deyib. O bildirib ki, bir sıra işlər kassasiya şikayətləri ilə bağlıdır: "Tərəflər Ali Məhkəmə mərhələsində hər hansı sübut təqdim etmir. Sırf bu formallığı aradan qaldırmaq üçün addımlar atılır. Sosial şəbəkələrdə bununla bağlı narazılıq əsassızdır. Digər tərəfdən, bir çox hallarda tərəflərdən biri məhkəməyə gəlmir və məhkəmə tərəflərdən birinin iştirakı olmadan keçirilir. Bu da Avropa Məhkəməsinin irad tutduğu məsələlər sırasındadır".

Müzakirələr davam edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG