Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Məhkəmə Fuad Əhmədlini azadlığa buraxmadı: 'Cinayəti etiraf etmir'


F.Əhmədli
F.Əhmədli

AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Fuad Əhmədlinin cəzasının üçdə iki hissəsini çəkməsi əsasıyla onun vaxtından əvvəl azadlığa buraxılması barədə ərizəsinə baxılıb. Məhkəmə cəbhəçi fəalın saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsində keçirilib. Suraxanı Rayon Məhkəməsinin hakimi Elnur Nuriyev F.Əhmədlinin ərizəsini təmin etməyib. Bu barədə AzadlıqRadiosuna cəbhəçi fəalın atası Zəfər Əhmədli məlumat verib.

«Fuada verilmiş 4 illik cəzanın üçdə iki hissəsi aprelin 18-də tamam olub. Bu əsasla məhkəməyə müraciət etmişdi. Məhkəmə isə belə qərara gəlib ki, Fuad hələ islah olunmayıb. Əsas kimi isə Ədliyyə Nazirliyinin müvafiq komissiyasının Fuad haqqında mənfi rəy verməsini götürüblər», – Z.Əhmədli bildirib.

16 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şahin Həsənov da məhkəməyə təqdim etdiyi rəydə Fuadın vaxtından əvvəl şərti azadlığa buraxılmasına etiraz edib. O, gənc fəalın islah olunmamasının göstəricilərindən biri kimi onun özünü təqsirli bilməməsini göstərib.

«Onunla aparılan fərdi söhbətlər zamanı törətdiyi cinayəti etiraf etmir», - Ş.Həsənov belə yazıb.

Z.Əhmədli bildirib ki, nəticənin dəyişəcəyinə inanmasalar da, apellyasiya şikayət verəcəklər: «Bu ölkədə tutulmalar da sifarişlədir, həbsdən buraxılmalar da. Bunu gözəl anlayırıq. Kiminsə qılıncının altından keçməlisən. Bütün bunlara baxmayaraq, yenə də apellyasiya şikayəti verib, hüquqi müstəvidə haqqımızı tələb edəcəyik».

F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. İttihama görə, o, operator işlədiyi «Azerfon» şirkətində (Nar Mobile) texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb.

F.Əhmədli Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib.

F.Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. Rəsmilər isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri düzgün saymırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG