Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:15

Məhkəmə önünə çıxarılan müstəntiq: 'Gərək ad çəkim, onu da eləmək istəmirəm'


Foto illüstrasiya
Foto illüstrasiya

Vaxtilə cinayət işlərini araşdırıb istintaq aparan, adamlar haqqında qərarlar verən şəxsin özü indi cinayətdə suçlanaraq məhkəmə qarşısındadır. Söhbət Sumqayıt Şəhər Polis İdarəsinin müstəntiqi olmuş Bəhruz Quliyevdən gedir.

B.Quliyev dələduzluqda suçlanaraq həbs olunub. Bu işdə xeyli zərərçəkən var, çoxu da B.Quliyevin istintaqını apardığı adamların yaxınlarıdır. Onlar keçmiş müstəntiqə pul verib aldandıqlarını iddia edirlər.

«O pulu faizlə götürmüşdüm»

Məhbubə Məmmədova deyir ki, oğlu həbs edilib və onun işinin istintaqını müstəntiq B.Quliyev aparırdı. Ananın sözlərinə görə, oğlunun işinin daha yüngül maddəyə tövsif olunması və son nəticədə azadlığa buraxılması üçün B.Quliyevə bir neçə dəfəyə 5 min manat pul verib:

«Bilmirəm, səhv eləmişəm, yoxsa düz eləmişəm, amma eləmişəm. Mən anayam, nə çəkdiklərimi analar yaxşı anlayar. Ana öz balasından ötrü hər şeyə gedir. Bu da mənə söz verdi ki, oğlumun işini yüngülləşdirəcək, ağır maddələr verilməyəcək. Ona verdiyim pulu faizlə götürmüşdüm. Bu günə qədər də faiz ödəyirəm. Lap nə qədər cəza alsa da, ondan əl çəkən deyiləm. Övladım o tərəfdən əlimdən getdi, bu tərəfdən də borcun içində batıram».

Dəyanət Əliyev isə qardaşının işindən ötrü B.Quliyevlə üz-üzə gəlib. Onun həbs edilən qardaşının işi də o vaxt Sumqayıt Şəhər Polis İdarəsində bu müstəntiqin icraatında olub. D.Məmmədov məhkəmədə deyib ki, qardaşının vəziyyətinin yüngülləşib tez azadlığa buraxılması üçün müstəntiqə 7 min manat pul verib. Amma dəyişən heç nə olmayıb: «Əvvəl 15 mindən başladı. Sonra düşə-düşə gəlib 7 min manatda dayandı. Biz də o pulu vermişik. Amma heç nə dəyişmədi».

Telman Əliyev də oğlu haqqında cinayət işinə xitam verilməsindən ötrü B.Quliyevin ondan 5 min manat pul aldığını deyir. Bildirir ki, bu məbləği müstəntiqə üç dəfəyə vermişdi.

Kamran Rzayev isə B.Quliyevə 10 min manat verdiyini söyləyir.

Övladı, qardaşı və ya valideyninin haqqındakı cinayət işi ilə əlaqədar B.Quliyevə pul verdiyini iddia edən başqaları da var.

«Gərək ad çəkim»

Elvin Novruzovla bağlı məsələ isə başqadır. O deyir ki, hərbi xidmətdən qayıdandan sonra işə düzəlmək istəyib. Qohumlarından biri onu polis idarəsində müstəntiq işləyən tanışı vasitəsilə polis orqanlarına işə düzəldə biləcəyini deyib. E.Novruzovun sözlərinə görə, B.Quliyev onun işə düzəlməsi üçün 6 min 500 manat pul istəyib, onlar da razılaşıb veriblər.

Bu məsələyə münasibət bildirən keçmiş müstəntiq deyir ki, Elvin düz danışır, onun işə düzəlməsi üçün həmin məbləğ alınmışdı. Amma o pul onun özünə qalmayıb, başqa birinə verib. İşi də həmin adam düzəltməliymiş: «Bilirsiniz, elə məsələlər var ki, onları demək üçün əlimdə sübutum yoxdur. Sübut olmadığına görə də deyə bilmirəm».

Cinayət işinə xitam verilməsi, yaxud əməlin daha yüngül maddələrə tövsif olunması üçün ona pul verilməsi barədə məhkəmədə səslənən ifadələrə gəlincə, B.Quliyev deyib ki, şərh vermək istəmir: «Şərh versəm, gərək ad çəkim. Əlimdə sübut olmadığına görə də ad çəkmək istəmirəm. Ona görə də şərh vermirəm».

Amma B.Quliyev də deyib, şikayətçilər də təsdiqləyiblər ki, onlardan alınan pulların bir hissəsi qaytarılıb. Onlar qalanını da məhkəmədə tələb ediblər.

Bu iş üzrə məhkəmə araşdırmaları davam edir.

XS
SM
MD
LG