Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:32

Baş prokurorun keçmiş müavininə 7 il həbs tələbi


Həbs
Həbs

Vaxtilə Baş prokurorun müavini işləmiş, uzun illərdir vəkil kimi fəaliyyət göstərən Məmmədvəli Cəfərova 7 il həbs cəzası istənilib. İyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib. Prokuror deyib ki, M.Cəfərova verilən dələduzluq ittihamı məhkəmədə sübuta yetirilib.

Vaxtilə hüquqlarını müdafiə etdiyi müvəkkilini - 2008-ci ilə qədər Qaradağın icra başçısının birinci müavini, ondan sonra 2012-ci ilə qədər bu rayonun Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbəri olmuş Rəhman Yusifovu həbsdən buraxdırmaq adıyla onun oğlundan 150 min manat alıb aldatmaqda suçlanan M.Cəfərov həbsdə deyil. İstintaq və məhkəmə dövrü üçün onun haqqında başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib. Prokuror isə təqsirləndirilən vəkilin məhkəmə zalından həbs olunmasını istəyib.

M.Cəfərov da, onun vəkili Ceyhun Yusifov da ittihamları rədd edir, keçmiş məmurun oğlunun da, özünün də böhtan atdığını deyirlər.

R.Yusifov rüşvət almaqda suçlanaraq 5 il azadlıqdan məhrum edilmişdi. Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlamışdı. İş Ali Məhkəməyə çatanda onun oğlu Rəşad Yusifov vəkil M.Cəfərovla müqavilə bağlayıb. Onlar iddia edir ki, vəkil Ali Məhkəməyə 150 min manat verib R.Yusifovu buraxdıracağına söz verib. Amma son nəticədə nə Ali Məhkəmə hökmü dəyişib, nə də pul qayıdıb.

Zərərçəkən qismində tanınan R.Yusifov deyir ki, hüquq-mühafizə orqanlarına şikayətindən sonra vəkil hiss-hissə olmaqla, 64 minə yaxın pulu qaytarıb, qalanı isə hələ də qalır.

M.Cəfərov isə deyir ki, atasının işi ilə əlaqədar R.Yusifovla münasibətləri yaranıb. Görüşlər zamanı Rəşad onun dostu Möhübbət Əhmədovu tanıyıb, onlar siqaret biznesi ilə bağlı birgə işləmək qərarına gəliblər. Sonradan bu işdə müəyyən problemlər yaransa da, R.Yusifovdan alınan pul qaytarılıb: «Rəhman Yusifova rüşvət ittihamıyla onsuz da aşağı cəza verilmişdi, onun ümumiyyətlə, azadlığa çıxması isə mümkün deyildi. Bunu oğluna da demişdim. Mənimlə vəkil kimi müqavilə bağlayanda cəmi 500 manat pul verdi, atasına isə 2000 manat demişdi. Sonra gəldi ki, atasından qalma pullarla bizneslə məşğul olmaq istəyir. Dövlət Gömrük Komitəsinin Mərkəzi Aparatında çalışan Möhübbət Əhmədov adlı tanışım var idi. Onunla siqaret biznesi barədə razılığa gəldilər».

Təqsirləndirilən vəkil iddia edir ki, keçmiş məmurun oğlu atasının pullarını qumarda uduzub, indi ona böhtan atmaqla özünü təmizə çıxarmaq istəyir: «Rəşad bir dəfə məndən və Möhübbətdən 3 min manat borc pul istədi. Dedi ki, qumarda uduzub. Mənə deyirdi ki, Gürcüstanda keçirilən poker yarışında 7-ci yeri tutub. Bu işdə bir dostu ifadə verdi, guya Rəşad ondan borc alıb mənə verib. Həmin şəxs özü qanunsuz qumarxana saxladığına görə həbsdədir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG