Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Məhbus prezident Əliyevə vəsiyyət yazıb


Həbsxana
Həbsxana

1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Elnur İsmayılov iddia edir ki, onun səhhətində ciddi problemlər var. Amma ehtiyacı olan tibbi yardımı ala bilmir.

"Cənab prezident, indiyə qədər Sizə yazdığım heç bir ərizəmə cavab verilmədiyinə görə bu məktubumun vəsiyyət kimi qəbul olunmasını istəyirəm. Çünki ölürəm, baxan yoxdur", - İsmayılov dövlət başçısına sonuncu məktubunu belə yazıb.

"Səbəb... rüşvətxorluqdur"

2015-ci ildən həbsdə olan məhbus iddia edir ki, məruz qaldığı haqsızlıqlar üzündən bir neçə dəfə özünə qəsd edib. Bir neçə dəfə dəmir metal udub. O, daha çox müalicəyə ehtiyacı olduğu halda, lazımi tibbi yardım ala bilməməsindən narazıdır. İddia edir ki, bunun da kökündə dayanan əsas səbəblər Penitensiar Xidmətin Müalicə Müəssisəsindəki rüşvət və korrupsiya, həm də bu halları dilə gətirdiyinə görə ona qarşı qərəzdir.

"Dəfələrlə səhhətimdəki problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsində olsam da, lazımi tibbi yardım almamışam. Səbəb isə Müalicə Müəssisəsindəki rüşvətxorluqdur. Ölkədə nə qədər vəzifəli şəxs həbs olunubsa, onların əksəriyyəti Müalicə Müəssisəsində rüşvət hesabına xəstə məhbusların yerini zəbt edib, istirahət eləyir", – İsmayılovun sözləridir.

Məhbusun sözlərinə görə, Müalicə Müəssisəsində ola-ola etiraz edərək dəmir udmuşdu. İddia edir ki, mədəsində dəmirlər qala-qala cəzaçəkmə müəssisəsinə qayıdıb: "Müalicə Müəssisəsində sıxlıq idi, dəhlizdə yatırdım. Ona görə öz ərizəmlə cəzaçəkmə müəssisəsinə qaytarıldım. Bu gün də vəziyyətim ağırdır, getdikcə də pisləşir".

Rəsmilər təkzib edir

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna bildirilib ki, bütün məhkumların sağlam olması onların da marağındadır. Bu üzdən səhhətində problem olan hər bir məhkumun müayinə və müalicəsi üçün lazım olan bütün addımlar atılır: "Elnur İsmayılova da istər saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsində, istərsə də Müalicə Müəssisəsində dəfələrlə tibbi yardım göstərilib".

Müalicə Müəssisəsində keçmiş məmurların rüşvətlə saxlanması haqda iddialar da təkzib olunub.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən də AzadlıqRadiosuna idarə rəhbərliyinin İsmayılova qarşı qərəzi üzündən ona lazımi tibbi yardım göstərilməməsi haqda deyilənləri təkzib ediblər: "Bu, mümkün deyil. O, dəfələrlə Müalicə Müəssisəsində müalicə olunub. Dəri-zöhrəvi xəstəliyə görə də. Eyni zamanda, ambulator şəraitdə də müalicə alıb".

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG