Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:42

Müstəntiq ondan şikayətçi olan vətəndaşdan üzr tələb edir


Məhkəmə

Nərimanov rayon Polis İdarəsinin baş müstəntiqi Pərviz Məmmədov ondan narazı olan vətəndaşı məhkəməyə verib. Səbəb isə həmin şəxsin müstəntiqdən Nərimanov rayon Prokurorluğuna, daxili işlər naziri Vilayət Eyvazova şikayət etməsidir.

Müstəntiqdən şikayətçi olan Orxan Nuriyev Şabran sakinidir. Vaxtilə Nərimanov rayon Polis İdarəsində onun haqqındakı cinayət işinin istintaqını müstəntiq P.Məmmədov aparıb.

O.Nuriyev tanışı Müşfiq Vəzirovla birlikdə CM-in 178-ci (dələduzluq) maddəsiylə təqsirləndirilib. Nərimanov rayon Məhkəməsi onların hər ikisinə cərimə cəzası kəsib. 2016-cı ildə qəbul edilən Amnistiya Aktı onlara da şamil edilib, bu cəzadan da azad ediliblər.

«Dedi ki, məhkəmədə köməklik edəcək»

O.Nuriyev prokurorluğa və Daxili İşlər Nazirliyinə şikayət məktublarında iddia edib ki, müstəntiq ondan 100 min dollar (o zaman təxminən 80 min manat) pul istəyib. Ancaq bu pulu verə bilmədiyinə görə barəsində əsassız cinayət işi başlanıb. O.Nuriyevin sözlərinə görə, əvvəlki məsələdə razılaşmasalar da, istintaqın sonunda müstəntiqə 7 min dollar verib: «İş məhkəməyə göndərilməmişdən əvvəlki söhbətdə 10 min dollar istədi. Dedi ki, məhkəmədə köməklik edəcək. 7 min dollar verdim».

O.Nuriyev iddia edir ki, haqqındakı əsassız cinayət işi ona zərbə vurub. Məhkumluğuna görə hələ də özünə iş tapa bilmir.

Müstəntiq isə deyir ki, O.Nuriyevin dövlət orqanlarına məktublarında yazdıqları yalandır. Araşdırma aparılıb, onun iddiaları təsdiqini tapmayıb. Ona görə P.Məmmədov ondan şikayət məktubları yazan O.Nuriyevin cəzalandırılması üçün Şabran rayon Məhkəməsində iddia qaldırıb. Baş müstəntiqin tələbi də bu olub ki, O.Nuriyev yazdıqlarının böhtan olduğunu etiraf etsin, ondan üzr istəsin, məhkəmə bu barədə qətnamə çıxarsın.

Şabran rayon Məhkəməsi baş müstəntiqin iddiasını təmin edib. O.Nuriyev bu məhkəmə qərarından narazı qalaraq apellyasiya şikayəti verib. Deyir ki, onun şikayətiylə əlaqədar araşdırma başa çatmamış məhkəmə qərar verib. Araşdırmanın davam etdiyini Şabran rayon Məhkəməsində hakimə bildirsə də, nəzərə alınmayıb.

O.Nuriyev Sumqayıt Apellyasiya Məhkəməsində çıxışında da iddia edib ki, məhkum edilməsinə görə günahkar Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi P.Məmmədovdur.

Sumqayıt Apellyasiya Məhkəməsi martın 17-də onun şikayətini təmin etməyib, əvvəlki qərar qüvvədə qalıb. İndi O.Nuriyev Ali Məhkəməyə şikayət etmək niyyətindədir.

«Şikayət məlumatın kütləvi yayılması sayıla bilməz»

Dövlət orqanlarına şikayət etdiyinə görə vətəndaşların məhkəmələrin əliylə cəzalandırılması təcrübəsi son illərdə bir neçə dəfə yaşanıb. Bir müddət öncə Astaranın Kakalos kənd sakini Abuzər Əliyev də prezidentə şikayət etdiyinə görə cəzalandırılmışdı. Kakalos kənd bələdiyyəsinin sədri ondan şikayətçi olduğuna görə A.Əliyevi məhkəməyə verib 4 min manat cərimələtdirmişdi. Həm Astara rayon Məhkəməsi, həm də Şirvan Apellyasiya Məhkəməsi cərimə qərarı vermişdi. A.Əliyev 3 il sonra Ali Məhkəmədə cərimə qərarını ləğv etdirdi.

Hüquqşünas Ələsgər Məmmədli AzadlıqRadiosuna bildirib ki, vətəndaşların dövlət orqanlarına şikayət məktubunda yazdıqlarına görə məhkəmələrdə şərəf və ləyaqətin müdafiəsiylə bağlı iddiaların qaldırılması absurddur. Hüquqşünas deyir ki, bu cür məhkəmə iddialarında böhtan, təhqir xarakterli, yalan məlumatların yayılması məsələsi mübahisələndirilir. Yayılma isə kütləvi çıxışlarda, mediada ola bilər: «Hansısa dövlət orqanına şikayət məlumatın kütləvi yayılması sayıla bilməz».

Ə.Məmmədli onu da vurğulayır ki, dövlət orqanlarına şikayətlərlə bağlı məhkəmə qərarları insanları şikayət etməkdən çəkindirməyə gətirib çıxara bilər: «Vətəndaş qorxacaq ki, bu gün hüquqlarının pozulmasına görə şikayət etsə, sabah onun özünü buna görə cəzalandıra, məhkəməyə çəkə bilərlər. Bu mənada, insanlarda qorxu yarana bilər».

XS
SM
MD
LG