Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Müsavatın məhbus fəalı aclıq aksiyasına başlayacağını deyir


A.Həsənov
A.Həsənov

Siyasi mühacir statusuyla Litvada yaşayan, xəstə atasına baş çəkməkdən ötrü Bakıya gəldiyi gün həbs olunan Müsavat fəalı Azad Həsənov aclıq aksiyasına başlayacağını deyir. O, iyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərə söyləyib ki, məhkəməsinin əsassız uzadılmasına, üzləşdiyi qanunsuzluqlara etiraz olaraq, bu addımı atır.

A.Həsənovun, yoxsa onu tutan polislərin doğru danışdığını aydınlaşdırmaqdan ötrü məhkəmə xeyli vaxtdır Bakı şəhər Baş Polis İdarəsinə sorğu göndərib. Hər dəfə məhkəmədə məlum olur ki, cavab gəlməyib və beləcə, proses ertələnir. İyulun 22-hakim İradə Həsənzadə deyib ki, polis idarəsindən hələ də cavab ala bilməyiblər.

A.Həsənovun vəkili Osman Kazımov cinayət işinə xitam verilməsi, müvəkkilinin dərhal həbsdən buraxılması barədə vəsatət qaldırıb. Vəkil Avropa Məhkəməsinin «Layıcov Azərbaycana qarşı» qərarını nümunə göstərərək deyib ki, həmin işlə Azad Həsənovun işi oxşardır. Həmin qərarda Avropa Məhkəməsi bildirir ki, T.Layıcov Balakəndə saxlandığı halda, Zaqatala Rayon Polis Şöbəsinə aparılıb, orada üzərinə baxış keçirilməsiylə pozuntuya yol verilib. Şəxsin saxlandığı yerdə üzərinə baxış keçirilməsinə mane olan hal yoxdursa, baxış Balakəndə keçirilməliydi.

O.Kazımov bildirib ki, A.Həsənovu Hövsan qəsəbəsində saxladıqları halda, onu Bakı şəhər Baş Polis İdarəsinə gətirərək, orada baxış keçiriblər: «Avropa Məhkəməsinin qərarında yazıldığı kimi, bu da şübhə yaradır. Niyə hadisə yerində baxış keçirilməyib? Avropa Məhkəməsinin bu presedent qərarına əsaslanıb, Azad Həsənov haqqında cinayət işinə xitam verilməsini xahiş edirəm».

Hakimlərin bu məsələ ilə bağlı mövqeyi iyulun 29-da keçiriləcək növbəti məhkəmədə bəlli olacaq.

Xatırlatma

Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə ötən ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub. Müsavat Partiyası bəyanat verərək onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG