Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:12

Müsavatçılar onlara basqı olduğunu bildirirlər


Müsavat Partiyası Kürdəmir təşkilatının ümumi yığıncağı
Müsavat Partiyası Kürdəmir təşkilatının ümumi yığıncağı

Dünən, martın 24-də Müsavat Partiyası Kürdəmir təşkilatının yığıncağının açıq havada keçirildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı danışıb:

«Rayon təşkilatının ofisi olmadığına görə konfrans məcburiyyətdən yerli çayxanaların birində keçirilirdi. Növbəti partiya qurultayına nümayəndələrin namizədliyi irəli sürüldükdən sonra, çıxışlara yenicə başladıqda yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının əməkdaşları həmin məkana daxil oldular. Onlar bir neçə dəqiqə çıxışları dinlədikdən sonra obyekt sahibi bizə yaxınlaşdı və adekvat olmayan tərzdə bildirdi ki, «buranı boşaltmalısınız», israrla çayxanadan çıxmağımızı tələb etdilər».

Müsavat Partiyasının təmsilçiləri çayxana sahibinin adını çəkmirlər. S.Soltanlı bildirib ki, konfrans iştirakçıları da məcburən məkanı boşaldaraq, iclası açıq havada davam etdirməli olublar.

Sədr müavini vurğulayıb ki, bu baş verənlər ölkə başçısının siyasi islahatlarla bağlı açıqlaması ilə üst-üstə düşmür: «Bütün olanlara baxmayaraq, açıq havada partiya nizamnaməsinə əməl etməklə növbəti qurultaya nümayəndələr seçildi. Açıq havada olsa da, üzvlərimizlə söhbət edib informasiya mübadiləsi etdik, ölkədə və regionda baş verən vacib hadisələr haqqında fikirlərimizi bölüşdük».

Bu deyilənlərə, hələlik, Kürdəmir Rayon Polis Şöbəsindən və başqa əlaqəli qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma tək Müsavat yox, bir sıra müxalifət partiyaları da iddia edirlər ki, dəfələrlə yerli hakimiyyət orqanlarından qərargahlar istəsələr də, onların müraciətlərinə müsbət cavab verilmir. Yerli hakimiyyət orqanları isə müxalifət partiyalarının təmsilçilərinə ayrıseçkilik edilməsi ilə bağlı fikirləri əsassız sayırlar.

Xatırlatma

Müsavat Partiyası IX qurultayının keçirilməsinə hazırlaşır. Müsavat Partiyasının əsası 1911-ci ildə qoyulub. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra bu partiya, əsasən, mühacirətdə fəaliyyət göstərib.

1992-ci ildə Bakıda Müsavat Partiyasının bərpa mərkəzi yaradılıb. O, indiki hakimiyyətə müxalifətdədir.

Prezident İlham Əliyev bu il Novruz bayramı təbrikində ölkədə islahatların aparılması ilə bağlı növbəti dəfə fikirlərini dilə gətirdi. Bu il bir neçə dəfə bu mövzuya toxunan dövlət başçısı dedi ki, islahatlar dərinləşəcək: «İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə Azərbaycan yeni dövrə qədəm qoyub…».

XS
SM
MD
LG