Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 07:53

Müsəlmanlar Məkkədən üz çevirirlər?


Zəvvarlar Ərəfat dağında

Səudiyyə Ərəbistanının son illərdəki aqressiv hərəkətləri, ölkədə ən adi insan haqlarına hörmətsizlik getdikcə daha çox ruhani liderin mömin müsəlmanlara Məkkəyə getməməyi məsləhət görməsinə səbəb olub.

Bəzi təhlilçilər belə bir vəziyyətin yaranmasında ölkənin de facto hökmdarı – vəliəhd şahzadə Mohammed bin Salmanın da az rol oynamadığını düşünürlər.

AzadlıqRadiosunun müxbiri yazır ki, şahzadə son illərdə bir sıra liberal islahatlar həyata keçirmək və daha açıq cəmiyyətin yaradılması yönündə siyasət yürütməklə krallığın imicinin bütün dünyada yaxşılaşdırılmasına can atıb.

Son illərədək Səudiyyə krallığında bütün həyat bircə qanuna – Hakimiyyət Nizamına söykənirdi.

Bu qanuna əsasən ölkə mütləq teokratik monarxiya sayılır və birinci kral Abdul Azizin nəvə-nəticələri tərəfindən şəriət qaydalarına uyğun olaraq idarə edilir.

Teokratiyada islahat

Lakin son illərdə ölkənin yeni başçısı Mohammed bin Salman qadınların maşın süməsinə icazə verib. Qadınların konsertlərə və idman yarışlarına tamaşa etməsi üzərindəki qadağan da tədricən qaldırılır.

Bunun ardınca şahzadə elan edib ki, ölkə 2030-cu ilədək ildə 30 milyon turist qəbul etməyi planlaşdırır.

Səudiyyə hökuməti 2020-ci ilədək turizm sənayesinə 35 milyard dollardan artıq vəsait xərcləməyə hazırlaşır.

İlk növbədə Qırmızı dənizin heç kəs yaşamayan 50-dək adasında lüks müasir çimərliklərin yaradılması nəzərdə tutulur.

Las Veqası kölgədə qoymalı olan bu layihəyə 500 milyard dollar xərclənməlidir.

Lakin bütün bunlar ölkənin getdikcə aqressivləşən daxili və xarici siyasətini pərdələyə bilməyib. Bu siyasətlərin sükanı arxasında da elə vəliəhd şahzadənin özüdür.

Ölkədə hələ də hər il onlarca ictimai edam mərasimləri keçirilir.

Səudiyyə koalisiyasının Yəməndə apardığı müharibə on minlərlə insanın məhv edilməsi ilə nəticələnib.

Səudiyyə jurnalisti Jamal Khahoggi-nin İstanbuldakı konsulluqda qətlə yetirilməsi, İrana münasibətdə barışmaz və düşmən mövqenin tutulması Ər-Riyadın hətta bir sıra köhnə müttəfiqlərinin də ondan üz çevirməsinə səbəb olur.

Neftə görə yox, peyğəmbərə görə

Səudiyyə Ərəbistanının bütün dünyadakı nüfuzu onun xarici siyasəti və hətta ən böyük neft hasilatçılarından biri olması üzərində deyil, İslamın ən müqəddəs iki şəhərinin – Məkkə və Mədinənin burada yerləşməsi üzərində qərar tutur.

Hər il dünyanın bir çox ölkələrindən 2 milyon 300 minədək zəvvar Məkkəyə Həcc ziyarətinə gəlir.

Səudiyyə krallarını bütün sünni müsəlman dünyasının ən nüfuzlu fiqurları edən də onların bu müqəddəs ocaqlarla bağlı olmasıdır.

Lakin 1979-cu ildə İranda İslam İnqilabı baş verdikdən sonra bu ölkənin nüfuzunun artmasından çəkinən Səudiyyə bütün regiona İslamın vəhabilik ideyalarının yayılmasına milyardlarla dollar xərcləyib.

Səudiyyə Qərbi Avropa ölkələri də daxil vəhabilik təliminin geniş yayılması üçün çox sayda dini mərkəz və məscid yaradıb.

Əslində əsasən elə Qərb ölkələrində çaşqınlıq keçirən yüz minlərlə müsəlman gənc cihadçılıq ideyaları ilə silahlanıb və radikallaşıb.

Səudiyyənin öz nüfuzunu bütün Yaxın Şərqdə yayması qarşısında ən böyük maneə şiə İranı olub. Buna baxmayaraq ABŞ-la sıx bağlılığı olan krallıq həm də başqa sünni dövlətlər tərəfindən dəstəklənib.

Lakin son illərdə Səudiyyə Ərəbistanına bu dəstək zəifləyib. Yəmən müharibəsi, regionda aparılan aqressiv siyasət, jurnalistin rüsvayçı qətli, edamlar kimi hadisələr bir çox Qərb ölkələrinin Ər-Riyada münasibətini dəyişib.

ABŞ prezidenti Donald Trump-ın dəstəyinə baxmayaraq, Almaniya Səudiyyəyə silah satışını qadağan edib, Britaniya məhkəməsi indiyədək Səudiyyəyə silah satışının qanunsuz ola biləcəyinə dair qərar çıxarıb. İsveçrə və İtaliyanın da bu ölkəyə münasibəti pisləşib.

Bütün bu narazılıqlar artıq din sahəsinə də adlayıb.

Həccin boykotu

2019-cu ilin aprelində Liviyanın çox nüfuzlu ruhani xadimi, böyük müfti Sadiq al-Gariani 2019-cu ilin Həcc ziyarətini boykot etməyə çağırıb. Halbuki Həcc ziyarəti hər bir mömin müsəlmanın beş əsas vəzifəsindən biridir.

Al-Garianı hətta o qədər dərinə gedib ki, hazırda Həcc ziyarətinin savabdan daha çox günah sayıldığını iddia edib:

“Mənim Həccin boykotuna məhz indi çağırmağımın əsas səbəbi belədir: Mən əminəm ki, Ər-Riyad milyonlarla zəvvara xidmət göstərməkdən nəhəng gəlirlər əldə edir. Bu isə onlara bu pula silah almaq və Yəmənə qarşı birbaşa, Suriya, Tunis, Liviya, Sudan və Əlcəzairə qarşı isə dolayısı ilə təcavüz törətmək imkanı verir. Səudiyyə hökmdarları ya diktator rejimlərinə, ya yerlərdə ən mürtəce qüvvələrə dəstək verirlər. Bizim Səudiyyədə xərclədiyimiz pullar səudlara bizim müsəlman qardaşlarımıza qarşı cinayətlər törətməkdə kömək edir”.

Kəbə
Kəbə

Liviyanın böyük müftisi Sadiq al-Gariani Həccin boykotu ideyasını dəstəkləyən yeganə tanınmış İslam alimi deyil.

Sünni ruhanisi və Səudiyyənin tanınmış tənqidçisi Yusuf al-Karadavi Məkkənin ziyarətini qadağan edən fətva imzalayıb. O deyib:

"Allah acları doyuran, xəstələri müalicə edən, evsizlərə sığınacaq verənləri, pulunu Həccə sərf edənlərdən daha çox sevir”.

Məzhəb münaqişəsi

Səudiyyə Ərəbistanının keçmiş boykotlarından fərqli olaraq bu dəfəki çağırış sünnilərlə şiələr arasındakı təfriqə hasarından aşa bilib.

2011-ci ildə Səudiyyə yerli hökumətin ricası ilə Bəhreyndəki etirazları qəddarlıqla yatırıb.

Oradakı etirazlara bu krallıqda əhalinin çoxluğunu təşkil edən şiələr başçılıq edirdilər.

Bu ölkədə əhalinin böyük əksəriyyətini şiələr təşkil etsələr də, ölkənin kral ailəsi sünnidir.

İraqın ovaxtkı baş naziri Nuri al-Maliki demişdi ki, əgər Səudiyyə ətraf ölkələrə bu cür müdaxiləni davam etdirərsə, bölgəni məzhəb münaqişələri bürüyə bilər.

Baş nazirin bu bəyanatına cavab olaraq İraq fəalları bütün Səudiyyə mallarının boykotuna çağırmışdılar.

2017-ci ilin 5 iyunundan Fars körfəzində Qətər böhranı adlandırılmış vəziyyət davam edir.

Səudiyyə və onun müttəfiqləri Qətəri tam blokadaya alaraq onun dəniz və quru yollarını bağlayıblar.

Bu ölkələr Qətərlə diplomatik münasibətləri kəsiblər. Qətər hökumətinə 13 bənddən ibarət ultimatum verilib.

Bu tələblərin arasında Qətərdə mənzillənmiş Əl-Cəzirə telekanalının bağlanması, İranla diplomatik münasibətlərin kəsilməsi, ən başlıcası isə Türkiyə ilə bütün hərbi əməkdaşlığın dayandırılması və 2017-ci ildən bu ölkədə yerləşdirilmiş Türkiyə hərbi bazasının ləğv olunması da var.

Qətər bu tələblərin yerinə yetirilməsindən imtina edib. Qətərin əmiri Tamim al-Tani bildirib ki, Səudiyyə onun ölkəsində hakimiyyəıt dəyişikliyinə can atır və icrası mümkün olmayan ultimatum verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG