Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:49

'Müsəlmanam, ancaq hicab taxmıram'


Səudiyyə qadınları
Səudiyyə qadınları

Səudiyyə əsilli amerikalı jurnalist Eman Quotah Yeni Zelandiyada müsəlmanlara qarşı bu ilin martındakı hücumdan sonra «USA Today» qəzetinə yazdığı rəyində müsəlman qadınların hicabla assosiasiya olunmasının yanlışlığından söz açır. Yeni Zelandiyada iki məsciddə törədilmiş qırğında 50-dən çox adam öldürülmüşdü.

Məqalədə deyilir ki, başını örtməyən və müsəlmanlar arasında bir çox məsələlərdə, o cümlədən geyim məsələsində sağlam müzakirəni qəbul edən çox sayda müsəlman qadın var. Amerikalı müsəlman qadınların 42%-i başını bağlamır.

Eman Quotah yazır ki, bir çox müsəlman qadın, o cümlədən Konqres üzvü Ilhan Omar baş örtüyünü dini vəzifə kimi taxır. «Mən insanların yaşadıqları yerdən asılı olmayaraq, islama düzgün saydıqları formada əməl etmək hüququnu müdafiə edirəm və onların mövqeyinə sayqıyla yanaşıram. Ancaq o mövqeyi paylaşmıram», –o yazır.

1980-ci illərdə Səudiyyə Ərəbistanının Ciddə şəhərində böyüyən Quotah evdən çıxan zaman ölkənin qaydalarına əməl etməli, uzun don geyinməli, baş örtüyü taxmalı olsa da, evdə, qohum-əqrəba, hətta kişi qohumları, ailəsinin kişi dostları və onların oğulları qarşısında başı, qolu və hətta ayağı açıq gəzib.

«Qadınların qapanmalı olduğunu deyənlərə görə, bu kişilər mənim üzüm və əllərimdən başqa heç yerimi, bəzilərinə görə isə heç üzümü və əllərimi də görməli deyildilər», - Quotah yazır.

Dindarlıq dalğası

Müəllif yalnız qızların oxuduğu məktəbini xatırlayır. Qızlar məktəb darvazası qarşısında dayanıb atalarının, qardaşlarının, sürücünün gəlib onları götürməsini gözləyirmiş. Kimsə onları götürməyə gələndə qapıçı diqqətlə onların başının yaxşı-yaxşı bağlı olduğunu, saçlarının görünüb-görünmədiyini yoxlayandan sonra buraxırmış. Ancaq qızlar məktəbin ərazisini tərk edən kimi, maşının pəncərəsindən digər maşınlardakı oğlanlarla daha yaxşı flirt etmək üçün başlarını açırlarmış.

Onun özü saçının buruqlarını açmaq üçün axşamlar onu alüminium folqaya bükürmüş.

«Bəzən də yatağımda uzanıb düşünürdüm ki, görəsən, bir gün Allah məni muhajjabah (evdə belə örtülü gəzən qadın) olmağa inandıracaqmı. Düşünürdüm ki, özəl həyatımda örtünmədiyimə görə kifayət qədər müsəlman deyiləm», - o yazır.

1990-ci illərin əvvəllərində Körfəz müharibəsi başlayanda, adətən, ölkənin digər yerlərindən daha liberal sayılan Ciddədə dindarlıq dalğası müşahidə olunur. Birdən-birə get-gedə daha çox qadın təkcə başını yox, həm də üzünü örtməyə başlayır və hətta əllərini gizlətmək üçün əlcək də geyinir. Onun sözlərinə görə, bunlar Ciddəyə xas vərdişlər deyildi.

Quotah 1991-ci ildə, Körfəz müharibəsinin bitməsindən sonra ABŞ-a gəlir və tezliklə başını bağlamağı qərara alır.

«Allah mənə başqa inanclar verdi»

Həmin il mərakeşli feminist və islam alimi Fatima Mernissi «Hicab və kişi elitası» adlı yenilikçi kitabını nəşr etdirir. Bu kitabda qadınların divarlar və örtüklər arxasında gizlədilməsinin islamın yox, patriarxallığın layihəsi olduğu vurğulanır. Mernissi Quotah-nı inandırır ki, müsəlman ola, eyni zamanda başını açıq saxlaya bilər.

«Bəlkə də Allah məni başımı bağlamağa inandırmadı, ancaq mənə başqa inanclar verdi. Mən alkoqoldan uzaq dururam. Donuz əti yemirəm. Allahın təkliyinə inanıram. Hicabdan imtina etmək qərarım ruhani tənbəllikdən, cahillik, yaxud iman azlığından qaynaqlanmır. Mən qəti inanıram ki, müsəlman qadınlar hicab taxmamalıdırlar.

Buna baxmayaraq, mən heç vaxt başını örtən qadınlara qarşı çıxmaram. Heç bir hökumət, onun …polisi, dini idarələri, məktəblər və digər dövlət qurumları, heç bir ata, qardaş, ana, ər, müdir, tələbə yoldaşı, yoldan keçən yad adam qadının hicab taxıb-taxmamasını tələb etməməlidir», - Eman Quotah yazır.

«Mən qeyri-müsəlmanların nifrət və zorakılığa qarşı mübarizədə müsəlmanlarla birləşməsini istəyirəm. …Mən, eyni zamanda, qeyri-müsəlmanların bizim inanc və mədəniyyətimizi daha yaxşı anlamasını istəyirəm», – yazıda deyilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG