Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 03:15

BMT ailəsindən qaçmış səudiyyəli qadına sığınacaq verəcək


Rahaf Mohammed al-Qunun

Tayland hakimiyyət orqanlarının verdiyi məlumata görə ailəsindən qaçmış səudiyyəli qadın BMT qaçqınlar agentliyinin “himayəsi altında” Banqkok hava limanını tərk edib.

Tayland immiqrasiya polisinin rəhbəri Surachate Hakparn yanvarın 7-də BMT Qaçqınlarla İş üzrə Ali Komissarlığına istinadən bəyan edib ki, Rahaf Mohammed al-Qunun-a “beş gün ərzində üçüncü bir ölkədə sığınacaq veriləcək”.

18 yaşlı qadın Banqkok hava limanına yanvarın 5-də Küveytdən gəlmişdi və onu incidən ailəsindən qaçaraq Avstraliyaya sığınacaq almaq üçün gedirdi.

Tayland immiqrasiya rəsmiləri əvvəlcə onu ailəsinin olduğu Küveytə göndərmək istəyirdilər.

Lakin Alqunun qayıtmaqdan imtina edir və bildirirdi ki, qayıtsa, ailəsi onu öldürəcək.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Tailandın İmmiqrasiya Polisinin rəhbəri qadının istəmədiyi yerə göndərilməyəcəyini deyib.

General mayor Surachate Hakparn yanvarın 7-də Banqkokun əsas aeroportunda keçirdiyi mətbuat konfransında deyib ki, al-Qununun BMT təmsilçiləri ilə görüşməsinə şərait yaradılacaq. O, görüş məsələsinin yanvarın 7-də müzakirə olunacağını söyləyib.

Surachate onu da deyib ki, Tailand rəsmiləri qadını Səudiyyə Ərəbistanına göndərməmək qərarı verirlərsə, onda iki ölkənin münasibətlərini korlamamaqdan ötrü bunun səbəbini Səudiyyə rəsmilərinə izah etməli olacaqlar.

***

18 yaşlı səudiyyəli qadın Tailandın paytaxtı Banqkokda aeroport otelinə sığınıb.

Rahaf Mohammed al-Qunun yanvarın 5-dən sosial mediada yazmağa başlayıb, Twitter-də ümidsiz çağırışlar edib, deyib ki, Küveytdən Banqkoka çatan kimi pasportunu əlindən alıblar.

Qunun “Reuters” agentliyinə deyib ki, ailəsi Küveytdə olanda oradan qaçıb, Tailanddan Avstraliyaya gedərək oradan sığınacaq istəməyi planlaşdırıb. O, Banqkokda təyyarədən çıxan kimi saxlandıldığını, ona Küveytə qaytarılacağının söyləndiyini bildirib.

Səudiyyənin Xarici İşlər Nazirliyi səfirliyin onun pasportunu almasını təkzib edib, tvitində yazıb ki, qadın Tailandın immiqrasiya qanunlarını pozduğuna görə saxlanıb.

Al-Qunun BMT-nin qaçqınlar üzrə agentliyindən, kömək edə biləcək hər kəsdən yardım istəyib.

Vəkilinin yanvarın 7-də bildirməsinə görə, qadının deportasiyasını önləməkdən ötrü Banqkok Cinayət Məhkəməsinə şikayət verilib.

Kiminsə qanunsuz saxlana biləcəyindən şübhələnəndə məhkəmədən xahiş edirik ki, uyğun orqanları sorğu-sual etsin”, – vəkil Nadthasiri Bergman deyib. O, məhkəmənin qərarını gözlədiklərini sözlərinə əlavə edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNCHR) bəyanat yayaraq bu işi izlədiyini, “Tailand hakimiyyəti ilə əlaqə yaratmağa çalışdığını” bildirib.

“MƏNİ ÖLDÜRƏCƏKLƏR”

Al-Qunun Twitter-də yazıb ki, Səudiyyənin təzyiqilə ailəsinə qaytarılarsa, ona “real təhlükə” var.

Qardaşlarım, ailəm və Səudiyyə səfirliyi Küveytdə məni gözləyəcəklər”, – Qunun yanvarın 6-da oteldən göndərdiyi mətn və səs mesajında bildirib.

“Onlar məni öldürəcəklər. Həyatım təhlükədədir. Ailəm ən kiçik şeylərə görə belə məni ölümlə hədələyir”, – o deyib.

Rahaf Mohammed al-Qunun
Rahaf Mohammed al-Qunun

Onun yanvarın 7-də Twitterdə paylaşdığı videoda otel otağının qapısını masa və döşəklə bağladığı görünür.

Avstraliyadan niyə sığınacaq istəməsinə gəlincə, al-Qunun “Reuters”ə deyib: “Fiziki, emosional pis rəftar, aylardır evdə həbs olunmaq. Onlar məni ölümlə hədələyir, təhsilimi davam etdirməyə qoymurlar”.

“Mənə maşın sürməyə, səyahət etməyə icazə vermirlər. Zülm altındayam. Həyatı, işi sevirəm, çox ambisiyalıyam, ailəm yaşamağıma mane olur”, – o deyib.

Al-Qunun Human Rights Watch-a daha öncə demişdi ki, saçını kəsdirdiyinə görə altı ay otağına həbs edilib.

Səudiyyə qanunvericiliyi kişi qohumlara qadınlar üzərində hüquqi qəyyumluq verir, ailədən qaçmaq ölüm-dirim məsələsinə çevrilə bilər.

***

Səudiyyəli qadın ölkəsinə qaytarılarsa öldürüləcəyini deyir

Banqkok aeroportunda saxlanan səudiyyəli qadın ölkəsinə qaytarılacaq. Bunu Tailand rəsmiləri bu gün – yanvarın 7-də deyib. O, pis münasibət gördüyü ailəsindən qaçandan sonra sığınacaq üçün müraciət edib.

Rahaf Mohammed al-Qunun “Frans Pres” agentliyinə deyib ki, ailəsindən fiziki və psixoloji təzyiq görüb, Küveytdə ailəsi ilə birlikdə səyahət edərkən başını götürüb qaçıb.

Səudiyyə Ərəbistanı bu insidentdən öncə də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində idi. Səudiyyəli jurnalist Jamal Khashoggi ötən oktyabrda İstanbuldakı konsulluqda qətlə yetiriləndən sonra ər-Riyad vəliəhd şahzadənin bu qətldə əli olmadığını qorxur.

18 yaşlı qız deyib ki, o, Avstraliyaya gedib oradan sığınacaq istəməyi planlaşdırıb, çünki Tailand immiqrasiya rəsmiləri onu repatriasiya edərsə, öldürüləcəyindən qorxur.

Tailand immiqrasiya idarəsinin rəhbəri Surachate Hakparn-ın deməsinə görə, Qunun yerli və Səudiyyə rəsmiləri ilə birlikdə Səudiyyəyə gedən təyyarəyə minməyi gözləyir.

Bileti özü dünən alıb”, – o, sözlərinə əlavə edib.

Onun sığınacaq üçün müraciət edib-etməməsinə gəlincə, rəsmi deyib ki, “bunu bilmirik, amma əgər kimsə sığınacaq istəyirsə, həmin ölkələrin cavabını gözləməlidir”.

Kuwait Airways-ə məxsus təyyarə Banqkokdan çıxsa da, Qunun təyyarədə olmayıb. Bunu isə Human Rights Watch insan haqları təşkilatının Asiya üzrə direKtor müavini Phil Robertson bildirib.

Qunun demişdi ki, o, Tailandın Suvarnabhumi aeroportuna çatan kimi onu Səudiyyə və Küveyt rəsmiləri saxlayıblar və səyahət sənədi məcburən əlindən alınıb. HRW da bu iddianı dəstəkləyib.

Səudiyyənin Banqkokdakı səfirliyinin müvəqqəti işlər vəkili isə Səudiyyə telekanalına deyib ki, qadının atası diplomatik missiyaya müraciət edib, onun geri qaytarılmasına “kömək” istəyib.

Ancaq o, qadının pasportunun alındığını, səfirlik əməkdaşlarının aeroportun içində olmasını təkzib edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG