Keçid linkləri

Təcili xəbərlər
2020, 05 İyul, bazar, Bakı vaxtı 04:42

Müsəlman Birliyi Hərəkatı üzvünün saxlandığı bildirilir


E.Muradov

Müsəlman Birliyi Hərəkatının üzvü, fevralın 5-də Bakıda hava limanında saxlandığı bildirilən Elvin Muradov gecə saatlarında sərbəst buraxılıb. Bu barədə AzadlıqRadiosuna təşkilatdan məlumat verilib.

«Gecə saat 23.00 radələrində buraxıblar. Məlum olub ki, onu hava limanından «bandotdel»ə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red.) aparıblar. Elə o idarədən də buraxılıb», - hərəkatdan bildirilib.

E.Muradov özü də xəbəri təsdiqləyib. «Axşamdan evdəyəm. Hər şey yaxşıdır...», - o deyib.

Daxili İşlər Nazirliyi isə E.Muradovun saxlanması barədə məlumatlara münasibət bildirməyib.

+++

Müsəlman Birliyi Hərəkatının üzvü Elvin Muradovun fevralın 5-də Bakıda hava limanında saxlandığı bildirilir. Bu barədə AzadlıqRadiosuna onun ailəsindən məlumat verilib.

Yaxınlarının bildirdiyinə görə, E.Muradov Rusiyada işləyirdi. Son vaxtlar onun səhhətində problemlər yaranıb: «O, çörək arxasınca Rusiyaya getmişdi. Axır vaxtlar xəstə idi, mədəsində problemlər vardı. Azərbaycana qayıtmışdı ki, burada yaxınlarının köməyi ilə müalicə olunsun. Onu aeroportdan polis maşınıyla apardıqlarını görüblər. Amma yeri haqda məlumat ala bilmirik».

E.Muradovun fevralın 5-də günorta saatlarında Bakıda hava limanından naməlum istiqamətə aparıldığı bildirilir.

E.Muradov «Elvin Mürvətoğlu» adıyla şeirlər yazır. Onun şeirlərində Azərbaycanda rüşvətxorluq, məmur özbaşınalığı hallarından söz açılır. O, həmçinin, Facebook hesabında Müsəlman Birliyi Hərəkatının üzvlərinin həbsi, siyasi məhbuslar haqda paylaşımlar edirdi.

E.Muradovun yaxınları onun bu yaxınlarda Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov haqqında «Azadə qardaş» adlı şeir yazdığını, ona mahnı bəstələdiyini bildirir, saxlanmasının da bununla əlaqəli olduğunu istisna etmirlər. Həmin mahnı sosial şəbəkələrdə yayılıb.

Daxili İşlər Nazirliyindən E.Muradovun saxlanması barədə deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

T.Bağırov Müsəlman Birliyi Hərəkatının sədridir. O, 2015-ci ildə baş verən Nardaran hadisələrində saxlanaraq 20 il həbs cəzası alıb. Ümumilikdə həmin hadisələrlə bağlı 80 civarında şəxs həbs olunaraq mühakimə edilib. Onlar qətl, terrorçuluq, silah saxlamaq və başqa əməllərdə günahlandırılıblar. Həmin hadisələrdə həbs edilənlərin bəziləri artıq azadlıqdadır.

Nardaran hadisələrində 2-si polis olmaqla, 6 nəfər həlak olub. Amma T.Bağırov və tərəfdarları məhkəmədə ittihamları qəbul etməyib, polisləri onların qətl etmədiklərini bildiriblər. Onlar saxlandıqdan sonra ağır işgəncələrə məruz qaldıqlarını açıqlayıblar. Amma məhkəmə proseslərində hüquq-mühafizə orqanları işgəncə şikayətlərini və onların bir çox başqa dediklərini təkzib ediblər.

T.Bağırov və onun bir sıra tərəfdarlarını bəzi yerli hüquq müdafiəçiləri siyasi məhbus sayırlar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

XS
SM
MD
LG