Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 04:47

44 günlük müharibədə 42 tibb işçisi həlak olub


“44 günlük müharibə zamanı ümumilikdə 42 tibb işçisi xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına həlak olub”.

AZƏRTAC-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov dekabrın 17-də jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, həlak olanlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.

O, habelə əlavə edib ki, həmin hadisələr zamanı 159 tibb işçisi də yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 3-də bildirmişdi ki, 44 günlük müharibədə ölkə silahlı qüvvələrinin 2 min 783 nəfər hərbi qulluqçusu həlak olub.

100 nəfərdən artıq hərbçinin itkin düşmüş hesab olunduğu, 1245 nəfərin isə tibb müəssisələrində müalicəsinin davam etdiyi bildirilib.

Həmin hadisələr zamanı 94 mülki şəxsin də həlak olduğu, 400-dən çoxunun isə yaralandığı açıqlanmışdı.

Xatırlama

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Multimedia

XS
SM
MD
LG