Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 21:01

Müsavatçının yeri bilinmir


Azad Həsənli

Müsavat Partiyasının üzvü Azad Həsənlidən xəbər almaq olmur.

Bunu vəkili Osman Kazımov bildirib.

Vəkili deyir ki, A.Həsənlinin yerinin müəyyən edilməsindən ötrü əlaqəli bütün qurumlarla təmas qurub, ancaq müsavatçını gördüm deyən olmayıb. Vəkilin sözlərinə görə, ona Suraxanı Rayon Polis İdarəsində bildiriblər ki, idarənin müvəqqəti saxlama təcridxanası təmirdə olduğundan gətirilənləri Xəzər Rayon Polis İdarəsindəki təcridxanaya yerləşdirirlər. Xəzər polisinə üz tutan vəkil yenə qaneedici cavab almayıb.

«Baş Prokurorluğun və Ombudsman Aparatının qaynar xəttlərinə də müraciət etmişəm. İndiyə qədər onun harada olduğu barədə sorğulara cavab verilməyib. Bu gün, oktyabrın 11-də həmçinin, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində oldum. Orada da dedilər ki, burada belə adam yoxdur. Azad Həsənli faktiki olaraq itkin düşüb, onun həyatı təhlükədədir», - vəkil vurğulayıb.

Müsavat Partiyası da A.Həsənli ilə bağlı bəyanat yayıb. Həmin bəyanatda müsavatçının saxlanılması, onun barəsində hər hansı rəsmi açıqlamanın verilməməsi hakimiyyətinin azad düşüncə sahiblərinə qarşı repressiyasının davamı kimi dəyərləndirilib.

Bu bəyanata və vəkilin açıqlamasına da rəsmi qurumların və Ombudsman Aparatının münasibətini almaq mümkün olmayıb.

Mühacir müsavatçının Bakıda saxlandığı deyilir

«Qardaşım Azad Həsənli dörd ildir ki, Litvada yaşayır, oturum izni də almışdı. Oktyabrın 11-i gəldi. Mən çıxıb ona çatana qədər qara bir maşınla apardılar...».

Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının üzvü Azad Həsənlinin qardaşı Araz Həsənov bildirib. Onun sözlərinə görə, qardaşının Azərbaycana gəlməsinin səbəbi atasının sağlıq vəziyyətinin ağır olmasıdır: «Anamız dünyasını dəyişəndə gələ bilmədi, atamızın da vəziyyəti ağırdır, onkoloji xəstədir. Whatsapp vasitəsilə gördü atamızın sağlıq vəziyyətini, ona görə gəldi. Biz özümüz Hövsan kəndində yaşayırıq. Bu gün, oktyabrın 12-si səhərə yaxın gəldi. Mən çıxıb ona çatana qədər qara bir maşınla apardılar, mülkigeyimlilər idilər. Amma mən yaxınlaşanda «yaxın gəlmə, biz polisik» deyib qardaşımı apardılar. Necə deyim, gözümün qabağında apardılar».

A.Həsənov deyir ki, qardaşının aparılması ilə bağlı iki dəfə Daxili İşlər Nazirliyinin (DİN) «102 xətti»nə məlumat verib: «Bir dəfə də sonra zəng etdim, hələ ki, hər hansı bir cavab yoxdur. Sanki belə bir hadisə başa verməyib».

A.Həsənov deyir ki, qardaşının harada saxlandığını müəyyən etməkdən ötrü vəkillə müqavilə imzalamalıdırlar. Bundan sonra vəkil Azad Həsənlinin harada saxlanmasını müəyyən etməlidir.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azad Həsənli 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. 2010-cu il parlament seçkilərində Suraxanı Seçki Dairəsindən namizədliyini verən Arif Hacılının seçki qərargahının üzvü olub. 2014-cü ildən Litvaya mühacirət edib və ailəsi ilə birgə orada yaşayırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG