Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:52

Ö.Eldarov: 'Lütfi Zadənin görkəminə baxanda alim olduğunu deməzdin'


Ö.Eldarov

Son işi – riyaziyyatçı alim Lütfi Zadənin qəbirüstü abidəsi tənqidlə qarşılaşan heykəltəraş Ömər Eldarov AzadlıqRadiosunun suallarını cavablandırıb:

- Bu, dövlət sifarişidir, amma ideya mənə məxsusdur. Sifarişi alanda mənim bir problemim vardı. Lütfi Zadə riyaziyyat elmində çox böyük kəşf edib, bu da 100 ildə bir dəfə ola, ya olmaya. Mən də bu böyük kəşfi memarlıq, heykəltəraşlıq dilində açmaq istəyirdim. Mən də neylədim. Arxada qranitdən bir keçid var, arkada kimi. Bax, o, elm dünyasıdır. Lütfi Zadə elm dünyasında çox böyük qapıları açır. Qəbirüstü abidədə qranitdən hazırlanan bu qapılar çox ağırdır və onu alim fikriylə, zəkası ilə açır. Lütfi Zadənin formulasını da həmin divarda yazmışıq. Hər iki tərəfdən. Yəni mahiyyəti budur, alim elm dünyasına qapı açır, kobud şəkildə belə deyərdim... Elm dünyasında, xüsusən də riyaziyyat sahəsində kəşf etmək çox mürəkkəbdir. Amma o bunu edib. Mən düşündüm ki, bunun üstündən keçmək olmaz, bunu göstərmək lazımdır. O, elm dünyasına bir qapı açır, ağır işdir, amma həmin işi görüb. Bir də, onu düşünürdüm ki, belə alimə standart heykəl qoymaq olmaz. Orijinal, qeyri-standart həll tapılmalı idi.

- Sizin layihənizə Mədəniyyət Nazirliyi və ya hansısa dövlət qurumları baxmışdılarmı?

- Mən layihəni göstərmişdim. Orda elə bunlar vardı. Sonradan azacıq dəyişiklik oldu, amma prinsipcə, göstərdiklərim qalmışdı. Bundan başqa, cənab prezident Nazirlər Kabinetinin – sifarişçinin vasitəsilə çatdırmışdı ki, Lütfi Zadənin Bakıda qohumu var – rejissor Cənnət Səlimova –, onunla məsləhətləşim. Mən lap əvvəldən onunla məsləhətləşmələr edirdim. O, abidə haqda məlumatlı idi. Bu, prezidentin istəyi idi və mən də onu yerinə yetirdim. Cənnət xanım da çox razıdır. Onunla da danışa bilərsiniz.

- Qəbirüstü abidəni bəyənənlər də oldu, bəyənməyənlər də. Lütfi Zadənin alim obrazının yaradılmadığını düşünən də var, alimdən çox yorğun, əldən düşmüş insana, hətta keçmiş Dağlı məhəlləsinin «quşbaz»ına bənzədən də. Bu tənqidləri, yanaşmaları necə qarşıladınız?

- Mən nə deyə bilərəm sizə? Eynşteyn alimə oxşayır bəyəm? Yox. Qəribə bir qocadır da. Amma onu hamı üzdən tanıyır. Lütfi Zadəni isə heç kim üzdən tanımır, axı. Mən onu çox oxşar düzəltmişəm. Çox oxşardır. O, 96 yaşında ölüb. Lütfi Zadə ucaboy, cılız, arıq adam idi, uzun əlləri, ayaqları vardı, qamətli idi, qarnı yox idi, sadə geyinərdi, gödəkcədə gəzərdi. Belə... Harada idi onda alim görkəmi? Onun görkəminə baxanda alim olduğunu deməzdin.

- Bəlkə hansısa formada alimliyini vurğulamaq olardı?

- Hansı alimlik?.. Simvolik obrazlar var. Məsələn, Füzuli. O, konkret obraz deyil, müdrik obrazıdır. Amma bu obraz Lütfi Zadəyə getmir, yaraşmır. O, müasir insan idi, gödəkcə geyinər, sürətlə gəzərdi.

Lütfi Zadənin abidəsi
Lütfi Zadənin abidəsi

- Siz özünüz onunla şəxsən görüşmüsünüz?

- O, Bakıda olanda uzaqdan zalda görmüşdüm. Azərbaycana iki dəfə gəlib. Toplantıda, görüşdə ingilis dilində danışırdı. Azərbaycan dilini, demək olar, bilmirdi, ingilis və rus dillərini bilirdi. Bizimlə də, zalla da ingiliscə danışırdı, akademik Əli Abbasov (keçmiş rabitə naziri – A.R.) onu müşayiət edirdi, görüşü də o təşkil etmişdi, ingiliscə danışdıqlarının tərcüməsini də elə o edirdi.

- Yadınızda necə qalıb?

- Sadə, normal insan kimi, «mən aliməm, nəyinsə üzvüyəm» pozaları verməyən, adi adam kimi. Yanınızdan keçsə, fikir verməzdiniz, diqqət çəkməzdi. Bundan başqa, onun haqqında bir neçə sənədli filmə baxmışam. Bax belə.

- Ömər müəllim, fikirlər səslənir ki, niyə gənc heykəltəraşlara da bu cür sifarişlər verilmir. Ancaq Ömər Eldarova verilir və ya mərhum Tokay Məmmədova verilirdi.

- Rəhmətlik Tokay Məmmədovun orda bircə işi var, Bülbülün qəbirüstü işi, vəssalam, başqa işi yoxdur. Eldarova gəlincə, Eldarovun son illər işləri azdır. Əvvəl olurdu. Çünki yaşıdlarım ölürdü, onların da uşaqları heykəlləri mənə sifariş edirdilər. Məsələn, yazıçıların, Şıxəli Qurbanovun, Süleyman Rəhimovun, Süleyman Rüstəmin uşaqları qəbirüstü abidələri mənə sifariş edirdilər. İndi yaşım elədir ki, heç kim gəlmir. Bu abidəni də mənə prezident sifariş edib. Cavanlara niyə sifariş etmirlər, mənə verirlər? Son zamanlar pis heykəllərin sayı artıb. Mən düşünürəm ki, cavan heykəltəraşlar daha yaxşı iş görərdilər.

- Yəni cavanların daha yaxşı iş ortaya qoyacağına inanırsınız?

- Məsələn, Fikrət Əmirovun, Qara Qarayevin heykəlindən daha yaxşısını düzəldərdilər.

- Sizcə, niyə son illər abidələr keyfiyyət baxımdan zəifləyib, yeni nəsil heykəltəraşlar yetişmir? Məktəb yoxdur, həvəs yoxdur, pul yoxdur?

- Bizdə Rəssamlıq Akademiyası var, hər il 10 heykəltəraş buraxırlar. Hər biri də yüksəksəviyyəli. Bu sifarişi axı mən paylamıram! Bu haqda qoy cəmiyyət düşünsün. Mən haray çəkirəm, qapıları döyürəm ki, onlara iş verin. Hər il 10 nəfər heykəltəraş buraxırıq yüksək səviyyədə. Amma iş yoxdur. Xırda-para işlərdir. Bir milyonu haradan tapsınlar? Yoxdur... Yeri gəlmişkən, mən daha bir yeni iş üzərində işləyirəm. Hüseyn Ərəblinskinin heykəlini hazırlayacam. Sizə deyirəm bunu birinci dəfə. Sifarişçi yenə dövlətdir. Ərəblinski ilə bağlı 30 il qabaq bir layihə hazırlamışdım. İndi onun heykəlini hazırlayacağıq.

- Yeri gəlmişkən, təxminən 30 il qabaq sizə bir sifariş də verilmişdi. Cümhuriyyətin lideri Rəsulzadənin heykəlini hazırlamalı idiniz.

- Rəsulzadə hazırlanıb. İş modelini, layihəni də hazırlamışam. Amma sifariş yoxdur.

- Bunu dövlət sifariş etməmişdi?

- Yox, bunu onun adını daşıyan fond vermişdi. Pul yığılmışdı, o pula da iş modeli və layihə hazırlamışdım.

- O işi tamamlamaq istərdinizmi?

- O mənlik deyil! Mənlik deyil. Biz memar kimi sifarişi icra edirik, sifariş varsa, edirik, yoxdursa, etmirik. Heykəltəraş kimi mən bunu istəyirəm ya yox, o, şəxsi işimizdir, amma abidə sifarişsiz alınmır, olmur.

- Həmin abidə neçəyə başa gələ bilər?

- 300 min dollar bəsdir. Bu, qəbirüstü kiçik abidəyə aiddir. Amma böyük abidə olsa, meydanda olsa böyük pul lazımdır. Özü də bu, qonorar deyil. Müəllif almır onu. İstehsalata gedir, qraniti, tuncu var, yonmaq lazımdır və s...

- Bu il Cümhuriyyətin 100 illiyidir, hansısa bir layihə hazırlamaq keçirmi ürəyinizdən?

- Mən ona cavab verməyəcəm... Neyləmişəm artıq bəsimdir. Yaşlı adamam, 91 yaşım var.

XS
SM
MD
LG