Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:05

Lukaşenka manevrlərdən sonra Rusiya qoşununun çıxıb gedəcəyini deyir


Alyaksandr Lukaşenka
Alyaksandr Lukaşenka

Belarus prezidenti Alyaksandr Lukaşenka ölkəsində Rusiya ilə birgə keçirilən Zapad 2017 hərbi təlimlərinə, manevrlərin sonuncu günündə tamaşa edib və bildirib ki, hərbi oyunlar başa çatan kimi rusiyalı hərbçilər vətənlərinə qayıdacaqlar.

Lukaşenka sentyabrın 20-də təlimlərin Barısau yaxınlığında keçirilən bir epizodunu müşahidə edib.

Belarusda və qərbi Rusiyanın bəzi ərazilərində keçirilən hərbi oyunlar qonşu NATO ölkələrinin narahatlığına səbəb olmuşdu. Onlar Krımın ilhaqından və Ukraynanın şərqinə müdaxilədən sonra Rusiyanın yeni təcavüzkar hərəkətlərindən narahat idilər.

Lukaşenka bu narahatlıqlara cavab olaraq bildirmişdi ki, manevrlər heç bir başqa ölkə üçün təhlükə təşkil etmir və Rusiya qoşunları Zapad 2017 təlimlərindən sonra Belarusda qalmayacaq.

Bu bəyanatla Lukaşenka həm Qərbi, həm də Rusiyanın manevr bəhanəsi ilə ölkəni zəbt edəcəyindən narahat olan belarusları əmin etməyə çalışıb.

Lukaşenka deyib: “Bizim Almaniya, Polşa, Baltik ölkələri və ya sevimli Ukraynamıza hücum etmək niyyətimiz yoxdur. Amma ruslar demişkən, əngimizə vuran olsa, cavabını alacaq”.

Prezident heç bir xırdalıqlara varmadan təlimlərin öz vəzifəsini yerinə yetirdiyini deyib.

Nə üçün bu manevrlərə Putinlə ayrılıqda tamaşa etdikləri barədə suala cavab verərkən Lukaşenka zarafata keçib: “Bir yerə mərmi düşsə, ikimiz də gedərdik axı”.

Putin bu manevrlərə sentyabrın 18-də Rusiyanın Leninqrad vilayətindəki poliqonda tamaşa edib.

Bu təlimlər Rusiya və Qərb arasında gərginliyin ən yüksək olduğu vaxta təsadüf edib.

Belarus Moskva ilə yaxın müttəfiq olsa da, Qərblə yaxşı münasibətlərini qoruyub saxlamağa çalışır.

Rusiya və Belarus bu manevrlərdə hər iki ölkə ərazisində 12700 hərbçinin iştirak etdiyini elan etmişdilər, lakin Qərb rəsmiləri həqiqi rəqəmin 100 min olduğunu deyirdilər.

Litva prezident Daliya Qribaskayte sentyabrın 19-da BMT Baş Assambleyasındakı çıxışında deyib ki, Baltik ölkələri, Polşa və hətta Arktika yaxınlığında keçirilən Rusiya manevrlərinə 100 min əsgər çıxarılıb.

O deyib: “Kreml qonşularına qarşı aqressiv ssenariləri, Qərbə hücumu məşq edir. Bu manevrlər həm də informasiya müharibəsi mahiyyəti daşıyır, qeyri-müəyyənlik və xof yaratmaq məqsədi güdür”.

Putinin sözçüsü Qərbi Zapad təlimləri ilə bağlı “qaraqışqırıq” salmaqda ittiham edib. Sözçü deyib ki, bu təlimlər hər dörd ildən bir Rusiyanın başqa regionları ilə rotasiyada keçirilir.

NATO son illərdə özünün Şərqi Avropadakı hərbi mövcuddiyyətini möhkəmləndirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG