Keçid linkləri

2025, 26 Aprel, şənbə, Bakı vaxtı 02:14

Lukaşenka hərbçilərə vətəndaşlara atəş açmaq icazəsi verən fərman imzalayıb


Lukaşenka 2020-ci ilin avqustunda
Lukaşenka 2020-ci ilin avqustunda

Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka ölkə hərbçilərinə vətəndaşlara qarşı silah işlətmək icazəsi verən fərman imzalayıb.

AzadlıqRadiosunun Belarus xidməti xəbər verir ki, Lukaşenkanın fevralın 1-də imzaladığı fərman fevralın 3-də dərc olunub.

Sənəddə deyilir ki, hərbçilər onların üzərinə qoyulmuş tapşırıqları yerinə yetirərkən fiziki gücdən, xüsusi vasitələrdən, hərbi və xüsusi texnikadan, habelə yaranmış vəziyyətdən, cinayətin xarakterindən və qanun pozanın şəxsiyyətindən asılı olaraq silahlardan istifadə edə bilərlər.

Məsuliyyət daşımırlar

Fərmanda açıq şəkildə qeyd olunur ki, vətəndaşa atəş açan hərbçilər, əgər silahdan istifadə ümumqoşun nizamnamələrinə uyğun olmuşsa, vətəndaşın sağlamlığına vurulmuş zərərə görə məsuliyyət daşımırlar.

Sənəddə bu da qeyd olunur ki, atəş açmış hərbçi bu barədə dərhal istintaq orqanlarına xəbər verməli, yaralıya ilk tibb yardımı göstərməlidir.

Son illərdə, xüsusilə də kütləvi etirazlar zamanı Lukaşenkanın güc strukturlarının əməkdaşları belaruslara qarşı dəfərlərlə silah işlədiblər.

AzadlıqRadiosu xəbər verir ki, bir neçə hallarda adamlara atəş açılması onların ağır yaralanması və həıtta ölümü ilə nəticələnib.

Fərmandan əvvəl də vətəndaşlara atəş açılıb

2020-ci ilin avqustunda Lukaşenkaya qarşı kütləvi etirazlar əsnasında 44 yaşlı Brest sakini Gennadi Şutov ağır yaralanmış, sonradan xəstəxanada vəfat etmişdi.

O vaxt ölkə Daxili İşlər Nazirliyi təsdiq etmişdi ki, Brestdə milislər etiraz aksiyası iştirakçılarına atəş açıblar və bir nəfər yaralanıb.

Nazirliyin məlumatında deyilirdi ki, milislər əllərində armatur olan bir qrup aqressiv vətəndaşın başlarının üstündən atəş açsalar da, onlar bu xəbərdarlıq atəşlərinə məhəl qoymayıblar.

Amma Şutovun qızı demişdi ki, atasına atəşi nə milis, nə də omonçu deyil, hərbçi açıb.

XS
SM
MD
LG