Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Lukaşenka və Rusiya kəşfiyyatı etirazlara görə ABŞ-ı ittiham edir


Alyaksandr Lukaşenka
Alyaksandr Lukaşenka

Belarusda hakimiyyətini qoruyub saxlamağa çalışan Akyaksandr Lukaşenka ABŞ-ı, Mərkəzi və Şərqi Avropanın bir neçə ölkəsini, o cümlədən Ukraynanı Belarusun “məhvi ssenarisini” işləyib hazırlamaqda və “təcavüzdə” ittiham edib.

Belə görünür ki, Lukaşenka bu bəyanatında onun ölkəsində onun prezident seçilməsinə etiraz edən kütləvi aksiyaları nəzərdə tutub.

Kütləvi etiraz aksiyalarının iştirakçıları Lukaşenkanı 9 avqust prezident seçkisinin nəticələrini saxtalaşdırmaqda və etirazçılara qarşı polis zorakılığında ittiham edirlər.

Lukaşenka sentyabrın 16-da öz tərəfdarları, sovet terminologiyası ilə deyilərsə, “siyasi aktiv” üzvləri ilə iclas keçirib.

Lukaşenkanın həmin yığıncaqda söylədiklərinə görə ABŞ və onun müttəfiqləri indiki situasiyaya son on il ərzində hazırlıq görüblər.

Lukaşenka iddia edib ki, Belarusda keçirilən aksiyaların arxasında Amerikanın “belə demək mümklündürsə demokratiyanı” dəstəkləyən fondlar şəbəkəsi, habelə Çexiya, Polşa və Litva dayanır.

Lukaşenka Ukraynanı “nankorluqda” ittiham edib

Belarusun avtoritar lideri deyib ki, bu hadisələrdə “təxribatın forpostu” rolunu Ukrayna oynayıb. Lukaşenka gileylənib ki, o Ukraynanı ərazi bütövlüyü məsələsində daim dəstəkləsə də Ukrayna “nankor” mövqe tutub.

Maraqlıdır ki, Minsk rəsmi qaydada Krımın Ukraynadan ilhaq edilməsini tanımasa da, BMT-nin Krıma dair bütün qətnamələrinin səsverməsində Moskvanı dəstəkləyir.

Lukaşenkanın sözlərini görə onun opponentləri “Amerika dərslikləri əsasında rəngli inqlilab” hazırlayıblar, lakin bu, baş tutmayıb.

O bunu da əlavə edib ki, ölkədə yeni konstitusiyanın qəbuluna ehtiyac var və bu konstitusiyada yeni seçkinin keçirilməsi nəzərdə tutulmalıdır.

Müxalifət isə Lukaşenkanın artıq öz legitimliyini itirdiyini və təkrar seçkinin dərhal keçirilməli olduğunu bildirir.

Narışkin “Qərb izindən” danışır

Lukaşenka sentyabrın 16-da Minskdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Lukaşenka deyib ki, o Rusiya prezidenti Vladimir Putindən ölkəyə yeni silahların verilməsini və birgə Belarus-Rusya hərbi manevrlərindən dərhal sonra, daha bir manevrin keçirilməsini xahiş edib.

Sentyabrın 14-də Lukaşenka Soçi şəhərində Vladimir Putinlə görüşmüşdü.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin sentyabrın 16-da bəyan edib ki, Belarusda rəsmi seçki nəticələrinə qarşı etirazlarda “Qərb izi aşkar görünür”.

Narışkinin sözlərinə görə etiraz aksiyaları “yaxşı təşkil olunub” və “xaricdən koordinasiya edilir”.

Sergey Narışkin
Sergey Narışkin

O iddia edib ki, “Qərb bu etirazlara çoxdan hazırlaşırdı”, fəal və blogerlər xaricdə təlim keçirdilər.

Narışkin iddia edib ki, ABŞ bu hazırlığa 20 milyon dollara yaxın pul xərcləyib.

Belarus müxalifəti bəyan edir ki, Lukaşenkaya qarşı aksiyalar Rusiyaya qarşı yönəlməyib.

Qərb ölkələri avqustun 9-da Belarusda keçirilmiş prezident seçkisinin və Lukaşenkanın legitimliyini tanımırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG