Qusarın Hil kəndində beşyaşlı Luizanın ölümü Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Bu ölüm işinə görə məhkəmə önünə çıxarılan isə uşağın doğma anası Gülnarə Sayfullayevadır. Ana öz övladına həşəratların məhv edilməsi üçün nəzərdə tutulmuş zəhərli dərman verib öldürməkdə suçlanır.
Sayfullayeva yalnız rus dilində danışıb-başa düşür. Onun anası rus, atası isə ləzgidir. Özü də orta məktəbdə 6-cı sinfə qədər təhsil alıb. Bu səbəbdən də o, məhkəmədə tərcüməçi ilə təmin olunub.
Oktyabrın 18-də məhkəmədə bu işə baxılarkən təqsirləndirilən G.Seyfullayeva ilə həyat yoldaşı Bəxtiyar Ömərov üz-üzə gəlib. Onlar bir-birini ittiham ediblər. Amma bundan öncə prokuror ittiham aktında yazılanları elan edib.
Sayfullayeva istintaqa birinci ifadəsində deyib ki, uşaq ilan sancmasından ölüb. İkinci ifadəsində isə Luizanı zəhərlədiyini bildirib.
İTTİHAMDA YAZILANLARI TƏKZİB EDİR
Məhkəmədə ittiham aktının elanından sonra hakim Sayfullayevadan qızını bilərək zəhərləməsi haqda yazılanlarla əlaqədar fikrini soruşub. Sayfullayeva deyib ki, özünü təqsirli bilmir. Onun sözlərinə görə, ittihamda yazılanlar doğru deyil, qızını öldürməyib.
***Buna da bax-Azyaşlı oğlunun ölümündə suçlanan qadın: 'O gün Fərid diriləcəkdi...'
İş üzrə zərərçəkmiş qismində B.Ömərov tanınıb. O, məhkəmədə dindirilərkən Luizanın doğma qızı olduğunu desə də, sonradan məlum olub ki, belə deyil. Gülnarə bundan öncə də ərdə olub. B.Ömərov söyləyib ki, Luiza bioloji baxımdan onun qızı olmasa da, uşaq körpə vaxtından onun himayəsində olub, ona özünün soyadını verib və onu doğma övladı kimi çox sevib.
Hadisə vaxtı ata evdə olmayıb, ona görə də olayın necə baş verdiyini bilmir. Deyir ki, hadisəni eşidən kimi həyat yoldaşından səbəbi soruşub:
«Mən malları örüşə aparmışdım. Evə qayıdanda gördüm ki, uşağın halı pisləşib. Xəstəxanaya apardıq, orada öldü. Soruşdum ki, uşağa nə oldu? Dedi ki, yuyucu dərmanı südə qatıb uşağa verdim. Deyir, birdən başıma nəsə gəldi, elədim...».
Məhkəmədə o da məlum olub ki, Gülnarə ilə Bəxtiyarın rəsmi nikahı yoxdur.
İttihamda yazılıb ki, B.Ömərov tez-tez spirtli içki içdiyindən Gülnarə ondan ayrılmaq istəyib. Amma Ömərov məhkəmədə içki düşkünü olması, Gülnarənin ondan ayrılmaq istəməsi haqda deyilənləri təkzib edib. Deyib ki, nadir hallarda spirtli içki qəbul edirdi.
***Buna da bax-Hər il uşaqların 75%-i zorakılığa məruz qalır – araşdırma
«BUNDAN SƏN NƏ QAZANACAQSAN?»
Amma G.Seyfullayeva həyat yoldaşının danışdıqlarının doğru olmadığını söyləyib. Deyib ki, o, həqiqətən Bəxtiyardan ayrılmaq istəyirdi. Amma valideynləri Luizanı qəbul etmirdi deyə, çıxıb gedib onlarla yaşaya bilmirdi. Səbəb də bu idi ki, Luizanın atası Seymur adlı başqa birisidir.
«Mən neçə il səninlə yaşamışam. Sizə yemək bişirmişəm, qulluq eləmişəm. Axı niyə olanları düz danışmamısan? Niyə ifadəndə mənim xəstə olduğumu, əsəblərimin yerində olmadığını deməmisən. Görürsən ki, ittihamda yazılanlar düzgün deyil. Mənə cəza veriləcək, neçə illər həbsxanada çürüyəcəm, bundan sən nə qazanacaqsan?», – Sayfullayeva həyat yoldaşına belə deyib.
Bu ailə Hil kəndində fermada yaşayırmış. Fermanın sahibi Rafiq Rəhmanov da məhkəmədə dindirilib. İfadə verərkən kövrələn R.Rəhmanov deyir ki, Luizanı nəvəsi kimi çox istəyirdi, elə uşaq da ona «baba» deyirmiş:
«Həmin gün kənddə deyildim. Xəbər tutan kimi gəldim, uşağı xəstəxanaya apardıq. Ağzından köpük gəlirdi. Xəstəxanaya çatanda uşaq keçindi. Beş gün sonra öyrəndik ki, zəhərlənib».
Gülnarənin psixoloji problemlərinin olub-olmaması sualına isə fermanın sahibi belə cavab verib:
«Olmasaydı, belə eləməzdi ki...»
Məhkəmə oktyabrın 25-də davam edəcək.