London məhkəməsi Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbaevin ailəsinə bağlı bir London malikanəsinin və iki başqa mülkün bundan sonrakı taleyini müəyyən etməlidir.
London Ali Məhkəməsində martın 10-da keçirilmiş dinləmədə bu mülklərin sahibi olan şirkətlərin vəkilləri Britaniya Milli Cinayət Agentliyinin bu daşınmaz əmlaka bağlı təhqiqatının dayandırılmasını tələb etməli idilər.
Xəbər verilir ki, söhbət zirzəmisində üzgüçülük hovuzu və kinoteatrı olan böyük malikanədən gedir.
Malikanə Londonda “milyarderlər cərgəsi” kimi tanınan dəbdəbəli məhəllədə yerləşir.
Sərt təhlükəsizlik sistemi olan mülk ofşor ərazidə yerləşən şirkətlərin mülkiyyətindədir, lakin sənədlərdən məlum olur ki, bu evdə Nazarbaevin nəvəsi Nurali Aliyev və onun arvadı Aida yaşayırlar.
Nazarbaevlərin sözü gedən daşınmaz əmlakı ümumi dəyəri 104 milyon dollar olan üç mülkdən biridir.
2019-cu ilin mayından bəri bu mülklərə Britaniyanın yeni İzaholunmaz Sərvət Orderi tətbiq olunub.
Britaniya Milli Cinayət Agentliyi bu orderdən istifadə edərək korrupsiyada şübhəli bilinən xaricilərin, onların ailə və qohumlarının mülkiyyəti barədə araşdırmaya başlaya bilər.
Bu order ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevaya tətbiq edilib.
Nazarbaevə bağlı malikanədə yaşayan Aliyev biznesmen və investor olduğunu bildirib.
Onun babası Nursultan Nazarbaev otuz il Qazaxıstana rəhbərlik etdikdən sonra 2019-cu ilin martında gözlənilmədən istefa verib.
Hərçənd keçmiş prezident ölkədə real hakimiyyətini qoruyub saxlamaqdadır.
Aliyevin anası Darigha Nazarbaeva keçmiş prezidentin qızı və Qazaxıstan parlamentinin yuxarı palatası Senatın spikeridir.
Onun atası Rakhat Aliev vaxtilə Qazaxıstan hökumətində yüksək məqamlar tutub, lakin sonradan qayınatasının ən qatı opponentinə çevrilib.
O mühacirətdə olsa da, Qazaxıstanda iki bankirin qətlində ittiham olunurdu və axtarışa verilmişdi.
Rakhat Aliyev 2015-ci ildə məhkəməsindən az əvvəl Avstriya habsxanasındakı kamerasında asılmış vəziyyətdə tapılıb.
Ötən il Britaniya məhkəməsi Moldovanın keçmiş baş naziri Vladimir Filatın oğlunu mənşəyi bəlli olmayan 650 min funt sterlinqi dövlətə verməyə təhkim edib.
Ona da İzaholunmaz Sərvət Orderi tətbiq olunmuşdu.