Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:13

Litzenberqer: 'ABŞ səfiri kimi məqsədlərim ondan ibarətdir ki,…'


Ö.Litzenberqer
Ö.Litzenberqer

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer «Turan» agentliyinə müsahibə verib. Müsahibəni müəyyən ixtisarla sizə təqdim edirik.

- ABŞ-Azərbaycan münasibətlərinin indiki səviyyəsi Amerika hökumətini qane edirmi? Siyasi münasibətlərin daha da dərinləşməsi üçün nə edilməlidir?

- Sizin ABŞ-Azərbaycan münasibətlərinin səviyyəsindən mənim razı olub-olmamağım barədə sualınıza cavabım həm «bəli», həm «xeyr» ola bilər. «Bəli» cavabı barədə açıqlama versəm, onu qeyd edə bilərəm ki, indiki məqamda iki dövlət arasında çoxlu sahələrdə olan münasibətlər həqiqətən də çox yaxşıdır, öz qüdrəti, öz gücü ilə seçilən münasibətlərdir. Ümumiyyətlə, bizim tərəfdaşlığımız müxtəlif sahələrdə mövcuddur. Bu tərəfdaşlığa təhlükəsizlik, enerji, iqtisadiyyat, demokratiya və sosial inkişaf kimi sahələr daxildir. O ki qaldı mənim «xeyr» cavabıma, qeyd etmək istərdim ki, ümumiyyətlə, bizim münasibətlərin daha da inkişafı, daha da dərinləşməsi üçün kifayət qədər mühüm bir potensial mövcuddur. Mənim ABŞ səfiri kimi fəaliyyət göstərdiyim dövrdə məqsədlərim ondan ibarətdir ki, həm Azərbaycan hökuməti ilə, həm də xalqı ilə birgə fəaliyyət göstərək. Azərbaycanın daha təhlükəsiz, daha firavan, daha azad dövlətə çevrilməsi istiqamətində yardım göstərim.

- Missiyanız dövründə ABŞ-ın Azərbaycanla münasibətlərinin əsas prioritetlərindən olan insan hüquqları, idarəetmə islahatları ilə bağlı hansı işləri görmək fikrindəsiniz?

- Ümumiyyətlə, insan haqları sahəsindən danışarkən qeyd etmək istərdim ki, Azərbaycanda Novruz bayramı ərəfəsində bir əfv fərmanı imzalanmışdı. Bu fərman əsasında bir sıra məhkum olunmuş şəxslər azadlığa buraxılıb. Biz bu faktı çox böyük bir məmnunluq hissi ilə qeyd etmək istəyirik. Sadəcə, düşünürəm ki, Azərbaycanda bu istiqamətdə görüləcək daha çox iş var. Çox ümid edirəm ki, bir gün olacaq ki, Azərbaycanda, ümumiyyətlə, hər hansı hüquqlarından istifadə etdiyinə görə insanlar həbsxanada olmayacaq və həbsdə olan insanlar azadlığa buraxılacaq. O ki qaldı Azərbaycanda tənzimləyici islahatların həyata keçirilməsi istiqamətinə, biz məhkəmə sahəsindəki islahatlara müşahidəçiyik. Düşünürük ki, Azərbaycanda bu sahədə qanunun aliliyi məfhumu güclənəcək.

- Azərbaycan prezidenti ABŞ-a son rəsmi səfərini 2006-cı ildə edib. Amerika prezidenti Azərbaycana, ümumiyyətlə, səfər etməyib. Amerika dövlət katibi isə sonuncu dəfə Azərbaycana 2012-ci ildə rəsmi səfər edib. Uzun illərdir yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlərin baş tutmamasının səbəbləri nədir?

- İcazə verin, bu istiqamətdə sizinlə razı olmayım. Yüksək səviyyədə hər hansı münasibətlərin olmaması barədə danışarkən qeyd etmək istərdim ki, ABŞ-ın yüksək səviyyəli rəsmiləri Azərbaycanla təmasda olublar, Azərbaycana gəliblər. Prezident Tramp Azərbaycan Respublikasına dörd məktub ünvanlayıb. Bu yaxınlarda isə prezident Tramp milli təhlükəsizlik məsələləri üzrə əsas baş müşaviri cənab Con Boltonu bölgəyə göndərib. Düşünürəm ki, Con Boltonun Azərbaycana səfəri, ümumiyyətlə, ABŞ-ın Azərbaycanla olan strateji tərəfdaşlığının bizim üçün çox vacib olmasının əyani təzahürüdür. Ona görə düşünürəm ki, bu istiqamətdə çox müsbət bir trend mövcuddur.

- 2018-ci ilin oktyabrında Azərbaycanda səfərdə olan dövlət katibinin köməkçisinin müavini Con Kent bildirmişdi ki, növbəti səfəri zamanı AzadlıqRadiosunu dinləyəcəyinə ümid edir. Cənab Kent bir neçə gün əvvəl də Azərbaycanda səfərdə olub, amma AzadlıqRadiosunu dinləyə bilməyib. Rusiyanın bütün media orqanlarının Azərbaycanda ofisləri olduğu halda Amerika Konqresinin maliyyələşdirdiyi AzadlıqRadiosunun internet səhifəsinə girişə belə blok qoyulmasını necə izah edərdiniz? Hazırda radionun Bakı bürosunun açılması üçün hansı səviyyədə danışıqlar aparılır?

- Bu sualınıza cavab verərkən, ilk öncə icazənizlə bir ifadədən başlayardım ki, azad və müstəqil tərzdə fəaliyyət göstərən media həm Azərbaycanın iqtisadi, demokratik inkişafı, həm də istənilən dövlətin iqtisadi, demokratik inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Digər bir amil də var ki, hər bir şəxs müxtəlif məlumat mənbələrindən məlumat almaq hüququna malikdir. Mən AzadlıqRadiosunun Azərbaycanda öz yayımını bərpa etməsini və sözügedən radionun veb-səhifəsinə qoyulan məhdudiyyətlərin aradan götürülməsini çox görmək istərdim. Düşünürəm ki, demokratiya şəraitində insanlar müxtəlif mənbələrdən gələn məlumatları əldə etmək və müxtəlif mənbələrdən əldə etdikləri məlumatlara əsasən öz fikirlərini formalaşdırmaq hüququna malik olmalıdır.

- Vaxtilə Azərbaycanda ABŞ-ın çoxsaylı qeyri-hökumət təşkilatları fəaliyyət göstərirdi, «Sülh Korpusu» var idi, hətta müştərək hərbi təlimlər də keçirilib. 2014-cü ildən sonra Azərbaycanda yalnız ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi fəaliyyət göstərir. Amerikanın demokratik institutlarının Azərbaycanda fəaliyyətinin bərpası istiqamətində hansı işləri aparmaq fikrindəsiniz? Xatırladım ki, Amerika Beynəlxalq İnkişaf Agentliyinin rəsmisi də Azərbaycana səfəri zamanı bildirmişdi ki, Azərbaycanda işləmələri üçün mühit yoxdur. İndi də insan haqları və demokratiya ilə bağlı proqramlar ya həyata keçirmir, ya da çox az sayda belə layihələr gerçəkləşdirir...

- Sualınızı cavablandırmamışdan öncə, onu qeyd edim ki, ABŞ, ümumiyyətlə, Azərbaycana etdiyi yardımdan, onun məbləğindən qürur hissi duyur. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ABŞ Azərbaycana yardım formasında 1.3 milyard dollar vəsait köçürüb. Ümumiyyətlə, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın müxtəlif inkişaf sahələrində sözügedən yardım müxtəlif formalarda təqdim olunub. Amma bu yardımların ümumi məqsədi Azərbaycan vətəndaşlarının həyatlarını daha yaxşı etməkdən ibarət olub. Bu işin bir hissəsi iqtisadi, kənd təsərrüfatı sahəsində əldə olunan inkişaf nəticəsində insanların həyatlarına müsbət təkan verməkdən, digər hissəsi isə vətəndaş cəmiyyətinin və insan hüquqlarının inkişafına dəstək verməkdən ibarətdir. Biz hökumətlə birgə fəaliyyətimizi davam etdirərək, sözügedən sahələrdə irəliləyişin əldə olunmasına təkan verəcəyik. Sadəcə, iki sahəni qeyd etmək istərdim və düşünürəm ki, bu sahələrdə öz səylərimi əsirgəməyəcəm. Bu sahələrdə gələcək irəliləyişin əldə olunması istiqamətində öz səylərimi göstərəcəm. Mən istərdim ki, ABŞ-la Azərbaycan arasında mübadilə layihələrinin sayı çoxalsın. İstərdim ki, daha çox sayda azərbaycanlı tələbə və qarşılıqlı olaraq daha çox sayda amerikalı tələbə Azərbaycana, ABŞ-a səfərlər edə bilsinlər. Mən yalnız tələbələr barədə danışmıram, istərdim ki, müxtəlif sahələrdə fəaliyyət göstərən peşəkarlar da belə səyahət imkanı əldə edə bilsinlər. Eyni zamanda, çox istərdim ki, ingilis dili təlimlərinə insanların daha çox çıxışı olsun...

- ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mills bildirib ki, ermənilərin böyük əksəriyyətinin danışıqlar prosesinin bir hissəsi kimi işğal olunan ərazilərin qaytarılmasına qəti olaraq qarşı olduğunu görəndə təəccüblənib. Belə olan halda Amerikanın bu münaqişədə sülhün əldə edilməsi ilə bağlı hansı yeni təşəbbüsləri ola bilər? Amerika Bosniyada münaqişəni nizamlayan Delton sülh müqaviləsi kimi, sülhə məcburetmə taktikasından Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında da istifadə edə bilərmi?

- ABŞ-ın bu istiqamətdə mövqeyi çox aydın və çox açıqdır. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini dəstəkləyir. Bu da o deməkdir ki, biz münaqişəyə cəlb olunan iki tərəfdən göstərilən və nəticə etibarilə sülh sazişinə gətirib çıxara bilən səyləri çox dəstəkləyirik. Biz ötən il həm yüksək səviyyədə olan təmasların sayının artırılmasını, eyni zamanda, təmas xəttində zorakılığın azalmasını müşahidə etmişdik. Bu iki amil çox müsbət olan amillərdir. ABŞ digər iki həmsədr dövlətlə birgə fəaliyyət göstərərək Azərbaycanla və Ermənistan arasında olan sülh danışıqlarına bağlılığı, tərəflər arasında etimadın artırılması üçün göstərilən fəaliyyətlərə də dəstək verəcək. Çünki bu fəaliyyətlər nəticə etibarilə iki tərəf arasında sülh razılığının əldə olunmasına yardım edəcək. Təmaslar barədə danışdım. Düşünürəm ki, iki dövlətin liderləri və ümumiyyətlə, xarici işlər nazirləri arasında həyata keçirilən görüşlər vacibdir. Lakin dövlət rəhbərləri və xarici işlər nazirlərinın görüşlərinə əlavə olaraq, tərəflər öz xalqlarını münaqişənin razılaşdırılmış həlli üçün hazırlaya bilərlər. Mən düşünürəm ki, keçmiş səfir Riçard Mills məhz bu barədə danışırdı.

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü nə vaxt olacaq? Bununla bağlı məlumatlar dərc olunur?

- ABŞ xarici işlər nazirləri arasında görüşləri alqışlayır. Adətən, lazım olan müvafiq hazırlıq işləri yekunlaşandan sonra, eyni vaxtda bütün tərəflər görüşün keçirilməsi barədə bəyanat verir. İki nazirin görüşməsini biz çox istəyərdik və ümid edirəm ki, yaxın gələcəkdə iki nazir arasında görüş barədə bəyanatlar veriləcək.

- Yəni, Amerikadakı görüş barədə bəyanat verəcəklər?

- Görüşə qatılan tərəflər hələ ictimaiyyətə görüş barədə bəyanat verməyiblər, düşünürəm ki, hazırda aidiyyəti olan bütün məsələlər müzakirə edilir. Bu kimi görüşlər barədə bir tərəf qərar vermir. Bütün dövlətlər tərəfindən ümumiləşdirilmiş qərar verilir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Qarabağ münaqişəsinin tənizimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətləridir.

Azadliq.org saytı Azərbaycanda 2017-ci ilin martından, Baş Prokurorluğun müraciəti ilə bloklanıb. Prokurorluq vebsaytın ölkənin milli təhlükəsizliyinə «hədə» yaratdığını bildirib. Amma məhkəmədə bu iddianı müdafiə tərəfi təkzib edib.

Azərbaycan Baş Prokurorluğunun sözügedən müraciətindən əvvəl AzadlıqRadiosunun Azərbaycan xidməti Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsi ilə birlikdə prezident ailəsinin və onun yaxın çevrəsinin maliyyə fəaliyyətinə dair materiallar dərc etmişdi.

2018-ci ilin yanvarından AzadlıqRadiosunun ingilisdilli saytı da Azərbaycanda bloklanıb.

Azərbaycan Baş Prokurorluğu 2014-cü ildə isə AzadlıqRadiosunun Bakı bürosunda reyd keçirərək onun qapısını möhürləyib. Hakimiyyət orqanları radionu vergi və maliyyə pozuntularında ittiham edirdi.

AzadlıqRadiosu bu iddiaları qəbul etməyərək, bununla əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Azərbaycan Prezidenti İlham Əliyev isə insan haqları qrupları və Qərb hökumətlərinin tənqidlərini qəbul etmir. O belə tənqidləri ölkəyə qarşı «müəyyən dairələr tərəfindən aparılan məqsədli qarayaxma kampaniyası» adlandırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG