Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:26

Leyla Yunus: 'Azərbaycanda küçələrə sizin adlarınızı verəcəklər'


Leyla Yunus, Arif Yunus və qızları Dinara Yunus. Hollandiya
Leyla Yunus, Arif Yunus və qızları Dinara Yunus. Hollandiya

Leyla Yunus: “Siyasi əmrlə hökm oxuyan hakim nəzərdən qaçmayacaq”

Hazırda Avropada olan hüquq müdafiəçisi Leyla Yunus “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırova və onun müavini Elçin Qasımova məktub ünvanlayıb.

Leyla Yunus məktubun birinci cümləsində onları unutmadığını yazır: “Məhkum olunmuş 78 nəfər tərəfdarlarınızdan heç biri diqqətsiz qalmayacaq. Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə prosesi insan haqlarının müdafiəsinə dair beynəlxalq ictimaiyyətin diqqətindədir. Dostlar, sizi “terrorist” Nardaranda olan əməliyyatı isə “regionda stabilliyi qorumaq” kimi qələmə vermək istəyi tamamilə uğursuz oldu”

Buna da bax:​ Leyla Yunus Taleh Bağırova məktub yazdı: 'Qorxulu və dəhşətlidir'

İşgəncə şikayətləri qeydə alınıb

Leyla Yunus bildirir ki, işgəncə və başqa qanunsuzluqlarla bağlı bütün şikayətlər qeydə alınıb. Həmin məsələlər beynəlxalq hüquq-müdafiə təşkilatlarının və müvafiq dövlət orqanlarının çoxsaylı hesabatlarına daxil olacaq:

“Fəaliyyətini Avropada davam etdirən Sülh və Demokratiya İnstitutunda hal-hazırda qanunları kobud şəkildə pozan DİN, Prokurorluq, Ədliyyə Nazirliyi əməkdaşlarının və hakimlərin siyahısını tərtib etmə işi gedir. Siyasi əmrlə, saxta ittihamlar əsasında hökm oxuyan heç bir hakim nəzərdən qaçmayacaq”.

“Sizin cəsarət və dözümünüz gələcək nəsillər üçün əfsanə olacaq”

Leyla Yunus məktubunu bu cümlələrlə başa vurur:

“Bu gün siz Azərbaycanın tarixini yazırsınız. Sizin cəsarətiniz və dözümlülüyünüz gələcək nəsillər üçün əfsanə olacaq. İllər keçəcək… və Nardaranda, hətta bütün Azərbaycanda küçələrə sizin adlarınızı verəcəklər”.

Buna da bax:​ Azərbaycanın hüquq müdafiəçiləri Yaqlanda müraciət etdi

Leyla Yunus avqust ayında da Taleh Bağırova məktub göndərmişdi.

Leyla Yunus 2014-ci ildə həbs edilmişdi. Bir il sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay həbs cəzası almışdı. O qanunsuz sahibkarlıq, vergidən yayınma və daha bir neçə maddə ilə ittiham edilirdi. Hüquq müdafiəçisi ittihamları qəbul etmirdi.

Sonradan 2015-ci il dekabrın 9-da Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, ona verilən cəza şərti hesab olundu və L.Yunus həbsdən buraxılıb.

Hüquq müdafiəçisinin üzərində şərti cəza olduğu əsas gətirilərək, onun ölkəni tərk etmələrinə yasaq qoyulmuşdu. Ancaq sonra Hollandiya hökumətinin də dəstəyi ilə L.Yunus ölkədən kənara buraxıldı. Hazırda o, həyat yoldaşı ilə birgə Hollandiyadadır.

Buna da bax:​ Nardaran işi: 'Bizə cərəyan qoşdu'

“Müsəlman Birliyi” Hərəkatının rəhbəri T.Bağırov isə ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanıb. O, CM-in 120 (qəsdən adam öldürmə) 228.3 (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4 (qanunsuz olaraq silah gəzdirmə) və digər ağır maddələri ilə ittiham olunur. T.Bağırov ittihamları qəbul etmir. Heç kimi öldürmədiyini, heç bir silahlarının olmadığını, əksinə güc orqanlarının təxribatları ilə üzləşdiyini bildirir.

Ötən il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində silahlı əməliyyat keçirib. Nardaran hadisələri zamanı 2-si polis olmaqla 6 nəfərin həlak olduğu bildirilir. Həmin hadisələrə görə, ümumilikdə 70-dən çox şəxsin həbs edildiyi bildirilir. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Onlar 1 il 6 aydan, 6 il 6 aya qədər həbs cəzası alıblar.

Taleh Bağırovun məhkəməsi davam edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG