Keçid linkləri

2025, 27 Mart, Cümə axşamı, Bakı vaxtı 01:02

'Levada' xarici agent 'çıxdı'


«Levada»
«Levada»

Rusiya Ədliyyə Nazirliyi «Levada» müstəqil sorğu mərkəzini «xarici agent» elan edib.

Məlumatı BBC.com yayıb.

Bu mərkəz Rusiyada, əsasən, siyasi rəyin öyrənilməsi məqsədilə sorğular keçirirdi. Mərkəzin direktoru Lev Gudkov deyib ki, parlament seçkilərindən iki həftə öncəyə təsadüf edən bu addım «siyasi senzura»ya bərabərdir.

«İŞLƏYƏ BİLMƏYƏCƏYİK»

Rusiya qanunvericiliyi xaricdən maliyyələşən bütün QHT-lərin xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir və sonra da onlara məhdudiyyətlər qoyulur.

İndi «Levada» mərkəzi seçki kampaniyası ilə bağlı hər hansı iş görə bilməz. Cənab Gudkov «France Presse» agentliyinə deyib: «Belə bir qərar bizdən ötrü fəlakətli fəsadlar verəcək. Belə bir damğayla işləyə bilməyəcəyik».

«Bu, siyasi senzuranın tətbiqi, müstəqil sorğu keçirməyin mümkünsüzlüyü deməkdir. Repressiv rejimin tipik davranışıdır», - Gudkov söyləyib.

Rusiyada digər sorğu təşkilatları dövlətin nəzarətindədir.

Ədliyyə Nazirliyi bildirib ki, «Levada» xarici agent funksiyalarını yerinə yetirən qeyri-kommersiya təşkilatlarının reyestrinə salınıb.

«ANTİMAYDAN» ŞİKAYƏT EDİBMİŞ

2012-ci ildə Rusiyada qəbul olunmuş qanundan sonra bir sıra insan haqları təşkilatları xarici agent sayılıb. Məsələn, «Memorial» təşkilatı, «Golos» müstəqil seçki monitorinqi qrupu bu sıradadır.

«The Moscow Times» yazır ki, kremlpərəst «Antimaydan» hərəkatı «Levada»ya ABŞ-ın maliyyə ayırması barədə şikayət verəndən sonra belə bir addım atılıb.

«Levada» hələ 2013-cü ilin mayında bildirirdi ki, ona «xarici agent» damğası vurmağa çalışırlar və xaricdən aldığı maliyyəni dayandırıb.

Rusiya hakimiyyəti bildirir ki, qanunvericiliyin məqsədi Rusiya daxili siyasətini xarici təsirlərdən qorumaqdır.

Amma tənqidçilərin fikrincə, əslində bu qanundan seçki saxtakarlığını və digər pozuntuları pisləyən QHT-lərə qarşı istifadə olunur.

XS
SM
MD
LG