Keçid linkləri

2024, 15 İyun, şənbə, Bakı vaxtı 21:32

Tolstoyun sevdiyi rusiyalı yazıçılar


Lev Tolstoy
Lev Tolstoy

Lev Tolstoy təkcə gözəl yazıçı deyil, həm də bir neçə dildə kitab oxumağı sevən ciddi bir oxucu idi. Onun kitabxanasında hər mövzuda və bir çox dildə saysız-hesabsız kitab var. "Russia Beyond" saytı yazır ki, Tolstoy 15-dək dildə kitab oxuyurmuş. O, qədim Şərq mütəfəkkirlərindən tutmuş, rus ədəbiyyatının ən son yeniliklərinə qədər hər şeylə tanış olmağa çalışırmış.

Tolstoy bir çox əsərə rəy də yazıb; dostlarına və naşirlərə məktublarında bu əsərlərlə bağlı təəssüratlarını ifadə edib. 1890-cı illərdə o, hətta ən mühüm saydığı kitabların siyahısını da tərtib edib. Bu siyahıda o, kitabları oxunmalı olduqları yaşa görə qruplaşdırıb.

Tolstoyun Viktor Hüqo və Çarlz Dikkensi çox sevdiyi, Şekspir və Puşkindən isə zəhləsi getdiyi məlumdur. Anton Çexovun pyeslərini isə, ümumiyyətlə, rədd edirdi. Ümumən Tolstoy nəsrə daha çox üstünlük verirdi.

"Qonaqlar bağ evinə baş çəkmişdilər..."

Tolstoy Aleksandr Puşkinin nə şeirlərini, nə də pyeslərini sevirdi. "Onun məziyyəti sadəcə sevgi haqqında, çox zaman ədəbsiz şeirlər yazmış olmasından ibarətdir", – o, Puşkin haqqında yazırdı. Tolstoy həm də Puşkinin dueldə, yəni "özü kimi bir insanı öldürməyə çalışarkən" ölməsini qabardırdı.

Ancaq Tolstoy, eyni zamanda, Puşkinin nəsrini, xüsusən də "Belkinin hekayələri" toplusunu çox bəyənirdi. "Hər bir yazıçı onları öyrənməlidir. Mən o gün oxudum və bu qiraətin mənə faydalı təsirini sizə ifadə edə bilmərəm", – o yazırdı.

Tədqiqatçılar hətta Puşkinin "Qonaqlar bağ evinə baş çəkmişdilər..." adlı yarımçıq əsərinin "Anna Karenina"ya ilham verdiyini də düşünürlər. Tolstoy bu əsərin başlanğıcını sevirdi. Əsər başlayan kimi heç bir xüsusi giriş və ya təsvir olmadan oxucunu birbaşa hekayənin episentrinə aparır. Tolstoy "Anna Karenina"da bu texnikadan istifadə edib. "Bütün xoşbəxt ailələr" sözləri ilə başlayan məşhur aforizmdən dərhal sonra birbaş mətləbə keçilir: "Oblonskilərin evində hər şey bir-birinə qarışmışdı...".

Lermontov

Tolstoy öz kitab siyahısına "Yevgeni Onegin"i də daxil etmişdi. Hərçənd bu əsər mənzum romandır və nəsrlə yazılmayıb.

Tolstoy Mixail Lermontovu da şeirlərinə görə deyil, nəsrinə görə sevirdi. O, "Dövrümüzün qəhrəmanı" romanını bir neçə dəfə oxumuş, əsəri, xüsusən də "Taman" hekayəsini öz siyahısına daxil etmişdi.

Tolstoyun özü də hərbi xidmətini Qafqazda keçmişdi. O, Lermontovu yazıçıdan çox əsgər kimi bəyənirdi. Lermontovu bayronizm plaşı altında gizlənmiş ən yüksək əxlaqi tələblərə cavab verən şəxs kimi görürdü.

Qoqol

"Qoqol nəhəng istedad, gözəl qəlb və kiçik, utancaq, titrək düşüncə sahibidir", –Tolstoy "Ölü canlar" əsərinin müəllifi Nikolay Qoqol haqda yazırdı. Qoqolun əsərlərində çox şeyi bəyənməyən Tostoy ümumən onun yaradıcılığına tənqidi yanaşırdı. Məsələn, "Ölü canlar"ın yarımçıq qalan ikinci hissəsini heç bəyənmirdi. Hərçənd, bu hissəni Qoqolun özü də bəyənməyərək yandırmışdı.

Qoqol yaradıcılığında satiraya çox böyük yer verib. Tolstoysa Qoqolun təkcə əyanlara və vəzifəli şəxslərə deyil, həm də kəndlilərə gülməsini bəyənmirdi. Tolstoy hesab edirdi ki, kəndlilər belə münasibətə layiq deyil.

Ancaq Tolstoy Qoqolun folklor istedadını yüksək qiymətləndirirdi. O, "Dikanka yaxınlığında xutor axşamları" toplusundan hekayələri özünün Yasnaya Polyana malikanəsində yaratdığı məktəbdə kəndli uşaqlar üçün ucadan oxuyurdu.

Tolstoy İvan Qonçarovla İvan Turgenevi heç sevmirdi. O hesab edirdi ki, onların romanları zəif qəhrəmanlar və adi sevgi epizodları ilə doludur. O, Turgenevin əsərlərindən "Bir ovçunun qeydləri"ni bəyənirdi. Çünki bu əsərdə müəllif lovğa aristokratları deyil, sadə xalqı təsvir etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG