Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Ledi Makbet mələk deyil, amma...


Ledi Makbet tamaşası
Ledi Makbet tamaşası

Şekspirin "Makbetin faciəsi" tamaşası 416 il bundan əvvəl səhnəyə qoyulub. O zamandan bəri Ledi Makbetə yoldan çıxaran, manipulyator, dəli qadın, dördüncü ifritə də daxil olmaqla hər cür mənfi ad qoyulub. Əsərdə Ledi Makbet bir cadugərdən şotland generalı olan ərinin bir gün kral olacağını öyrənir. Bundan sonra o, ərini kralı öldürərək hakimiyyəti ələ keçirməyə inandırır. Bununla da qanlı vətəndaş müharibəsinə səbəb olur. Bəli, Ledi M. doğrudan da mələk deyil.

"Oskar" mükafatı laureatı Rut Neqqa üzümüzə gələn yaz əsərin Brodvey layihəsində Deniel Kreyq ilə birgə baş rolu oynayacaq. Sem Qoldun quruluş verdiyi bu tamaşada Rut Neqqa Ledi Makbetin uzun zamandan bəri davam edən bu mənfi imicini sorğulamaq niyyətində olduğunu deyir: "[Bu pyes] münasibət və ehtiras, tale və gücün mürəkkəb layları kimidir. Ancaq adama elə gəlir ki, biz onu mizoqiniya qatı ilə örtürük. Problem pyesdə deyil, onun təfsirindədir".

Şekspir və qadın haqları

Coel Koen bu əsəri ekranlaşdıran ən son kinorejissordur. Ötən ay "Apple TV+"da strim olunmağa başlayan "The Tragedy of Macbeth" filmində Şekspirin orijinal dialoqları qorunub saxlanıb. Ancaq film ağ-qara formatda, alman ekspressionist-brutalist estetikası tərzində işlənib. Faciəvi cütlüyü Denzel Vaşinqton və Frensis Makdormend canlandırır. BBC yazır ki, "Makdormend Ledi Makbet rolunda ekrana matriarxal hökmü ilə meydan oxuyur. Onun ifasında isterik, yaxud həddindən artıq "zalım" bir şey yoxdur. Əksinə, burada o, qətl əməllərinin ərinin yaxşılığı üçün olduğuna əmin bir qadın kimi göstərilib. Günah hissi daşınmayacaq ağırlığa çatana qədər".

Ledi Makbet tarixən əri qədər faciəvi obraz kimi görülməyib. Əslində, Şekspir ona səhnədə çox zaman da ayırmayıb. Ancaq tamaşanın orijinal dildəki adı təkcə ərinin yox, onun da faciəsini nəzərdə tutur. "Şekspir bizim "qadın haqları", yaxud "bərabərlik" deyərkən nəyi nəzərdə tutduğumuzu çox da anlamazdı. Ancaq o bu tamaşadakı hər bir insanla elə davranır ki, sanki onların bizə deyəcək sözü var və biz onları dinləməliyik", – "The Royal Shakespeare Company"nin bədii direktorunun müavini Erika Uaymen BBC-yə müsahibəsində deyib.

Yaponiya misalı

Akira Kurosava 1957-ci ildə çəkdiyi "Throne of Blood" filmində Makbetin hekayəsini XVI əsr Yaponiyasına daşıyır. Burada Ledi Asacinin əri Lord Vaşizuya qarşı sevgisi özünü əsl paranoyya kimi göstərir. Xanım Asaci iddia edir ki, cadugərlərin kəhanəti kralın qulağına çatacaq və kral onları taxt-tacına təhlükə kimi görəcək. "Dünya murdar dünyadır. Çox vaxt özünü xilas etmək üçün birinci öldürən sən olmalısan", – o, sakitcə ərinə deyir.

Koenin "The Tragedy of Macbeth" filmində də baş qəhrəmanlar arasında dərin sevgi önə çəkilib. Baş rolları ifa edən aktyorların hər ikisi 60 yaşlarında, yəni tipik Makbetlərdən yaşlıdırlar. Ancaq bu, cütlüyün davamlı ittifaqının illərin etibarı və qarşılıqlı dəstəyinə söykəndiyini daha da qabartmağa kömək edir.

XS
SM
MD
LG