Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

‘Lavrovun bəyanatında işğalçıyla işğala məruz qalan tərəfin məsuliyyəti bərabərləşdirilir’


Cenevrədə Qarabağ danışıqları, 29 yanvar 2020
Cenevrədə Qarabağ danışıqları, 29 yanvar 2020

Bu həftə, aprelin 21-də Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatındakı görüşü oldu. Görüşdən sonra Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ ətrafındakı bir sıra ərazilərin boşaldılması barədə açıqlamasından sonra verdiyi bəyanat və ona reaksiyalar müzakirə predmetinə çevrilib. Ermənistan tərəfi bəyan edib ki, 2018-ci ildən Qarabağ münaqişəsi ilə bağlı danışıqlar mərhələli plan üzrə getmir. Halbuki, Azərbaycan tərəfi danışıqların məhz mərhələli plan ( əvvəl işğal edilən ərazilərin boşaldılması, sonra status məsələsinə baxılması) üzrə getdiyini bildirir.

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı deyib ki, bu həftə gerçəkləşən danışıqlarının bütün təfərrüatından məlumatsız olsa da, tərəflərin Kazan prinsiplərini daha da qabartdığı ehtimal edilir:

“Ermənistanın bu cür kompromis təklifə də rədd cavab verməsi...”

Qabil Hüseynli, 24 fevral 2010
Qabil Hüseynli, 24 fevral 2010

“Bu prinsiplərdə 5 rayonun işğaldan azad edilməsi və bununla bahəm Dağlıq Qarabağa keçici statusun verilməsi, ən əsas isə Kəlbəcər və Laçının işğalda qalması gündəmdəydi. Ermənistan tərfi hesab edir ki, bölgəyə keçici status almaqla status-kvonu xeyirlərinə dəyişəcəklər. Üstəlik də Kəlbəcərin ərazisi az qala Dağlıq Qarabağın ərazisi qədərdir, oranın təbii ehtiyatları daha çoxdur, nəhayət, Azərbaycan üçün mühüm strateji mövqe deməkdir. Ermənistanın bu cür kompromis təklifə də rədd cavab verməsi və guya, ölkədə həyacanlı yanaşmaların olması onu göstərir ki, kompromisə qətiyyən hazır deyillər. Hətta onların xeyrinə olan təklifləri də yaxın buraxmırlar. Ən başlıcası Ermənistanda Dağlıq Qarabağın ətrafındakı əraziləri özününkü sayıb qaytarmayacaqlarını qeyd edirlər. Elə danışıqlardan sonra Zöhrab Mnatsakanyanın bəyanatı dediklərimi təsdiqləyir”.

“ Ortada problemin həllinə yönələn hansısa konseptual plan yoxdur”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, 21 yanvar 2020
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, 21 yanvar 2020

Qabil Hüseynli hesab edir ki, Rusiyanın və xüsusilə nazir Sergey Lavrovun aktivliyi daha çox imitasiya xarakteri daşıyır:

“ Ortada problemin həllinə yönələn hansısa konseptual plan yoxdur.” Qabil Hüseynli xatırladıb ki, S. Lavrov məlum açıqlamanı qeyri-rəsmi tədbirdə səsləndirib, rəsmi tədbirdə yox:

“ İkinci, Lavrovun BMT Təhlükəsizlik Şurasının (TŞ) 4 qətnaməsi barədə səsləndirdiyi fikirlərdə ciddi təhriflər var. Ən mühümü Kəlbəcərin işğalından sonra qəbul edilən 822 saylı qətnamə, Füzulinin, Qubadlının, Cəbrayılın, Zəngilanın işğalı ilə bağlı 856, 874, 884 saylı qətnamələrdə birmənalı olaraq işğal faktı qeyd edilir. Eyni zamanda, sənədlərdə vurğulanır ki, erməni hərbi birləşmələri işğal edilmiş ərazilərdən çıxarılmalı və danışıqlar başlanmalıdır. Lavrovun bəyanatında isə işğalçıyla işğala məruz qalan tərəfin məsuliyyəti bərabərləşdirilir. Deyir ki, müharibə vəziyyəti dayandırlmalı və danışıqlara başlanmalıdır. Halbuki, müharibənin hansı tərəfin başladığı və hansı dövlətin qəyyumluğu ilə başladığı məlumdur”

Politoloqun sözlərinə görə, Ermənistan tərəfinin mövqeyi çox sürüşkəndir:

“ Baş nazir N. Paşinyan tez-tez mövqeyini dəyişir. Gah danışıqlar prosesinə “Artsax” xalqının qoşulmasının vacibliyini bildirir, gah da 1998-ci ildən indiyə qədər danışıqlar formatını qəbul etdiyini söyləyir. Bu səndirmələr cəmiyyətin təzyiqi nəticəsində olur, Paşinyan da heç bir təşəbbüsə malik olmadığından radikal təzyiqlərə tabe olur”

“Ortada Rusiyanın siyasi iradəsinin həlledici olduğunu söyləmək məcburiyyətindəyik”

Politoloq sonra da deyib:

“Ümumiyyətlə, bu gün Ermənistanda problemin həllinə beynəlxaql hüquq çərçivəssində yanaşa biləcək siyasi iradə yoxdur. Onlar Rusiyanın qəyyumluğundan istifadə edərək bölgədə meydan sulamağa çalışırlar. Həm də Moskvanın bölgədə hər hansı hərbi əməliyyatlara imkan verməyəcəyini bildiklərindən inad etməkdə davam edirlər. Amma Rusiya prezidenti Putin beynəlxalq hüquq normaları əsasında problemə yanaşsa, Ermənistana bir dəfə sərt mövqe göstərsə, onlar inadkarlıqlarından əl çəkərlər. Ortada Rusiyanın siyasi iradəsinin həlledici olduğunu söyləmək məcburiyyətindəyik”.

Hikmət Hacizadə, Bakı, 26 avqust 2013
Hikmət Hacizadə, Bakı, 26 avqust 2013

Azərbaycanın Rusiyada keçmiş səfiri Hikmət Hacızadə də mövzu ilə bağlı Azadlıq Radiosuna deyib ki, 21 aprel danışıqları vəziyyətin dəyişmədiyini bir daha göstərib, 20 il müzakirə olunan məsələlər yenə gündəmdədir. H.Hacızadənin fikrincə, 21 aprel danışıqlarında məlum olub ki, Ermənistan əvvəllər olduğu kimi yenə Rusiyaya arxalanaraq nisbətən öz xeyirlərinə olan təkliflərə də yox deyir:

“Rusiya status-kvonun dəyişməsini istəmir”

“ Bu, o deməkdir ki, Rusiya status-kvonun dəyişməsini istəmir. Amma Moskva Yeravana təzyiq göstərsə, planı qəbul etməyə məcbur olacaq. Rusiya ona görə vəziyyətin dəyişməsini istəmir ki, Azərbaycandan istədiyini ala bilməyib. Yəni Rusiya Azərbaycanı öz “çətiri” altına salmaq niyyətindədir, bura sülhməramlı qüvvələrin ölkəyə yerləşdirilməsi, xarici siyasətin vektorunun tamamilə şimala yönəlməsi daxildir. Bu istəkləri reallaşmayınca, Ermənistana təzyiq göstərməyəcək”

Politoloq Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Moskvanın rəsmi Yerevana münasibətinin dəyişməsi barədə deyilənləri tam bölüşmür:

“Bəli, N. Paşinyan anti-Rusiya açıqlamaları verirdi, amma təzyiqlərin qarşısında tab gətirmədi. Məsələ ondadır ki, Paşinyan siyasətdə təcrübəli deyil. Ümumiyyətlə, Rusiya üçün Paşinyan yox, Ermənistan vacibdir ki, bu ölkə də onların nəzarətindədir. Baxın, Ermənistanın iqtisadiyyatı, sərhədləri Rusiya iş adamlarının, hərbiçilərinin nəzarətindədir”. H.Hacızadə S.Lavrovun mərhələli plan barədə dediklərinin düz olduğunu söylədi:

“Bax, burda boşluqlar qalır”

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanian 4 dekabr 2019
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanian 4 dekabr 2019

“Ermənistanın xarici işlər naziri yalan danışır, Madrid prinsipləri mərhələli plandır, nəticəsi yoxdur, o başqa məsələ. Ancaq Madrid prinsiplərində çoxlu boşluqlar var, məsələn, referendum adı çəkilir, bu, necə keçiriləcək sualı açıq qalır, yaxud referendumda Dağlıq Qarabağın müstəqilliyi sualı qoyula bilərmi, qanunidirmi? Bax, burda boşluqlar qalır”.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu bu vaxta qədər münaqişə ilə bağlı əsasən 3 plan təklif edib.Mərhələli, paket ( işğal edilmiş ərazilər və status məsələsinə eyni vaxtda baxmaq) və ümumi dövlət modelini təklif edib.Hələlik, bu planların heç biri qəbul edilməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG