Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Lavrov Yerevanda Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edir


Rusiyanın xarici işlər naziri Yerevana gedib, 8 iyun2022
Rusiyanın xarici işlər naziri Yerevana gedib, 8 iyun2022

Rusiyanın xarici işlər naziri Yerevana Ankaradan gəlib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov iyunun 9-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ikitərəfli münasibətləri müzakirə edir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bir gün öncə verdiyi məlumata görə, görüşdə Qarabağ münaqişəsi ilə bağlı 2020-ci il noyabrın 10-u və 2021-ci il yanvarın 26-da Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında əldə olunmuş razılaşmaların icrası da müzakirə olunacaq.

Bundan başqa Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Azadlıq Radiosunun erməni xidməti yazır ki, bu, 2021-ci ilin avqustunda Mirzoyanın Ermənistanın xarici işlər naziri vəzifəsinə təyin edilməsindən sonra nazirlərin beşinci təkbətək görüşüdür.

Sergei Lavrov Yerevana iyunun 8-də Ankaradan gəlib.

Onun səfər zamanı həmçinin, baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçatryanla da görüşü nəzərdə tutulub.

Xatırlatma

Azərbaycan 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsində, 30 ilə yaxın Ermənistan ordusunun işğalında olan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşması ilə (Azərbaycan, Ermənistan və Rusiya arasında) döyüşlər dayandırılıb, Laçın dəhlizi və Qarabağdakı erməni icması ilə Azərbaycan ordusu arasındakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında hələ ki, yekun sülh müqaviləsi imzalanmayıb.

XS
SM
MD
LG