Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 19:10

Lavrov: ‘İstəyirik ki, münaqişə ədalətli, qarşılıqlı məqbul həll olunsun’


Prezident İlham Əliyev (sağda) dekabrın 13-də Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edib
Prezident İlham Əliyev (sağda) dekabrın 13-də Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edib

Bu gün, dekabrın 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gəlib.

AZƏRTAC-ın xəbərinə görə, onu prezident İlham Əliyev qəbul edib. Prezident İlham Əliyev deyib ki, səfər birgə işin 2019-cu il üçün planlarını müəyyənləşdirmək və bu il hansı işlərin görüldüyünü təhlil etməyə yaxşı imkandır:

“Biz beynəlxalq strukturlarda fəal qarşılıqlı fəaliyyət göstəririk. Lap bu yaxınlarda - bir həftə əvvəl MDB-nin Sankt-Peterburqda qeyri-formal sammiti keçirildi. Bu, təşkilatın üzvlərinin fəaliyyətini gücləndirmək üçün çox əlamətdar hadisə idi. Bu il aktiv fəaliyyətə başlayan hökumətlərarası komissiyanın yeni tərkibi formalaşdırılıb. Bu yaxınlarda görüşəcəklər. Həmçinin Rusiya-Azərbaycan İşgüzar Şurasının yeni tərkibi formalaşdırılıb. Yəni, biz ticari-iqtisadi əlaqələrə, investisiya proqramlarına dinamika vermişik. Düşünürəm ki, nəticələr çox yaxşı olacaq...”

Prezident İlham Əliyev Qarabağ münaqişəsinə də toxunub:

“Əlbəttə, biz bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri də müzakirə edəcəyik. Ümid edirik ki, 2019-cu il nizamlanma prosesinə yeni impuls verəcək. Əlbəttə ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid edirik. Biz bir çox sahələrdə qarşılıqlı fəaliyyət göstəririk…”

Sergey Lavrov isə deyib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı qarşılıqlı fəaliyyət çərçivəsində birgə işi səfərbər etməyə davam edilməlidir.

O habelə vurğulayıb ki, Hökumətlərarası Komissiyanın dekabrın 14-də keçirilən iclası daticarətin asanlaşdırılmasına, büdcə-vergi sahəsinin rəqəmsallaşdırılmasına, nəqliyyat sahəsində əməkdaşlığa, Rusiya və Azərbaycanın regionları arasındakı qarşılıqlı fəaliyyətə təkan verəcək.

Lavrov da Qarabağ münaqişəsi məsələsinə toxunub:

“Əlbəttə, biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı ilə Yerevan arasında birbaşa dialoqa kömək göstərməyə davam etmək istəyirik. Bilirəm ki, sizin Ermənistanın baş naziri ilə birbaşa danışıqlarınız olub. Mənim həmkarım və dostum Elmar Məhərrəm oğlu Məmmədyarovun Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla danışıqları olub. Bu gün biz əlbəttə ki, sizin irəliyə doğru hansı addımlar atılacağını necə dəyərləndirdiyinizi bilməkdə son dərəcə maraqlıyıq. İstəyirik ki, münaqişə ədalətli, qarşılıqlı məqbul həll olunsun. Rusiya Federasiyası həm öz səyləri, həm də ATƏT-in Rusiya, Fransa və ABŞ-ın daxil olduğu Minsk qrupunun həmsədr üçlüyünün üzvü kimi bu cür razılaşmaların əldə edilməsinə nail olmaq üçün əlindən gələni edəcək”

Xatırlatma

Sergey Lavrovun dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak edəcəyi gözlənir.

Toplantıda təşkilat daxilində ticarət, nəqliyyat, kənd təsərrüfatı və başqa sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilməlidir.

Lavrov Bakıda həmçinin, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşməlidir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) 1992-ci ildə yaradılıb. Bu təşkilata 12 üzv ölkə daxildir. Bunlar Ukrayna, Albaniya, Azərbaycan, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ermənistandır.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG