ABŞ prezidenti Donald Trump mayın 2-də Venesuela xalqına qarşı “qəddar repressiyaya” tez bir zamanda son qoyulmasına çağırıb.
Bundan əvvəl, aprelin 30-da Venesuelanın ABŞ tərəfindən dəstəklənən müxalifət lideri Juan Guaido ölkə hərbiyyəsini Maduronu devirməyə çağırmışdı. Amma belə görünür ki, onun çağırışına reaksiya olmayıb.
Prezident Trump mayın 2-də Ağ Evdə keçirilən mərasimdə Venesueladakı vəziyyət barədə deyib:
"Venesuela xalqına qarşı qəddar repressiyaya son, həm də dərhal son qoyulmalıdır. Orada adamlar aclıq keçirirlər. Nə yeməkləri, nə suları var. Axı bu bir vaxtlar dünyanın ən zəngin ölkələrindən biri idi”.
Bu arada Rusiyanın xarici işlər naziri Sergei Lavrov və ABŞ-ın dövlət katibi Mike Pompeo Venesueladakı vəziyyəti müzakirə etmək məqsədilə gələn həftə görüşmək qərarı qəbul ediblər.
Bundan əvvəl ABŞ və Rusiya Venesueladakı vəziyyətə görə bir-birini sərt ittiham etmişdi.
ABŞ rəsmiləri bildirirlər ki, iki diplomat Arktika Şurasının mayın 6-da Finlandiyanın Rovaniemi şəhərində keçiriləcək iclası əsnasında görüşəcək və Venesuelaya dair “geniş müzakirə” aparacaqlar.
Lavrov mayın 1-də, Maduronu guya hakimiyyətdə qalmağa Rusiyanın təhrik etdiyinə dair ABŞ-ın bəyanatlarını rədd etmişdi.
Rusiya xarici işlər naziri mayın 2-də Daşkənd şəhərində jurnalsirlərə deyib:
"Biz Venesuela da daxil bütün əlaqələrimizi davam etdirmək barədə razılığa gəlmişik, hərçənd necə nəticə əldə ediləcəyini bilmirəm. Bir tərəfdə bizim BMT Nizamnaməsinə və beynəlxalq qanunlara əsaslanan mövqeyimiz var, digər tərəfdən isə ABŞ başqa bir ölkəyə prezident əvəzi təyin edib. Bu mövqelər bir araya sığımır, amma biz yenə də danışmağa hazırıq”.